Cəmiyyət

Karyerada irəliləyişi hədəfləyənlər üçün: Ən yaxşı olduğunu sübut etmək imkanı var

Sharing is caring!


Son illərdə populyarlaşan aktiv öyrənmə, davamlılıq, stresə dözümlülük, çeviklik və bu kimi bir sıra özünüidarəetmə bacarıqları əhəmiyyətli bacarıqlar siyahısında vacib yer almağa başlayıb. Əsasən, güclü idarəetmə bacarıqlarının təməlini təşkil edən bu bacarıqlara yiyələnmək və onların effektiv tətbiqini həyata keçirmək müasir idarəetmənin ayrılmaz hissəsinə çevrilib. Müasir tələblər isə özü ilə hər zaman yeni yanaşmalar, inkişaf və transformasiya gətirir.

İdarəetmənin yeni tələbləri ölkəmizdə kadr inkişafına ehtiyac yaratdığı kimi, gənclər üçün də yeni fürsətlər, inkişaf hədəfləri və dəyişmək üçün imkanlar yaratdı. Bunun ölkəmizdəki ən bariz nümunəsi 2019-cu ildən etibarən ölkəmizdə yüksək intellektual səviyyəli və idarəetmə keyfiyyətlərinə malik perspektivli kadrların müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə təşkil olun “Yüksəliş” müsabiqəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsi hər il 20 nəfərdən çox istedadlı kadrın kəşf edilməsinə imkan yaradır. Bu günədək üç dəfə təşkil edilən müsabiqənin ümumilikdə 71 qalibi mövcuddur.

Müsabiqənin qaliblərə yaratdığı başlıca inkişaf imkanı bir il ərzində ümumilikdə 40 idarəçi rəhbər, iri şirkətlərin top-menecerləri, dövlət və özəl qurumların rəhbərləri ilə tanışlıq, fərdi görüşlər və mentorluq proqramından yararlanmaqdır. Qeyd edək ki, mentorluq proqramı ölkəmizdə yeni konsepsiyadır.  Mentorluq liderlik bacarıqlarının inkişafı baxımından şəxsi inkişafı təmin edən bir üsuldur.  Bunu günümüzdə iş dünyasında liderlik bacarıqları arasında önə çıxan öyrənmə bacarıqlarının tətbiqi kimi də hesab edə bilərik. Mentorluq proqramının nəticələrinə nəzər saldıqda statistikalar onu göstərir ki, qaliblərlə idarəçi rəhbərlər arasında ötən illər ərzində 167 görüş, 20 vebinar həyata keçirilib, görüşlərdə müzakirəsi aparılan 25 layihə icra olunub.

Bundan əlavə, müsabiqə qaliblərinin adları kadrların ehtiyat bankına əlavə olunur. O cümlədən, qaliblər özünüinkişaf məqsədilə hər birinə ayrılmış 20 000 manat pul mükafatından yararlanmaq imkanı əldə edirlər.

Potensial kadr olan tələbələrin mentorluq proqramına cəlb edilməsi

2023-cü ilin noyabr ayından etibarən “Yüksəliş” müsabiqəsi tərəfindən yeni bir təşəbbüs həyata keçirilək tələbələrin də mentorluq proqramında iştirak etmələrinə imkan yaradıldı. Belə ki, idarəçi rəhbərlərlə mentorluq proqramını tamamlamış qaliblər təyinat üzrə müvafiq tələbələrə mentorluq edərək onların gələcək karyerasına yön vermələrinə, o cümlədən bilik və bacarıqlarını düzgün istiqamətləndirərək inkişaf etmələrinə yardım məqsədilə “Qalib-Tələbə” mentorluq proqramına cəlb olundular.

Müsabiqənin təşkili bir çox istedadlı kadrları üzə çıxarmaqla kadr ehtiyatı bankını zənginləşdirməyə imkan verdi. Bu isə öz növbəsində müsabiqəyə ildən-ilə marağın artmasına səbəb oldu. Belə ki, ötən illər ərzində müsabiqəyə ümumilikdə 26 358 nəfər namizəd müraciət etdi. Bununla da Prezident İlham Əliyevin siyasətinin mərkəzində dayanan insan kapitalının inkişafı strategiyası əsasında müsabiqənin yenidən keçirilməsi qərara alındı. İlham Əliyev 2024-cü ildə dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi haqqında daha bir sərəncam imzaladı.

Nailiyyətə aparan çətin yolları idarə et – Güclü idarəçi olduğunu göstər

Müsabiqə iştirakçıları qalib gəlmək yolunda uzun və çoxmərhələli yoldan keçiblər. Bunun isə ən bariz nümunəsi məhz elə mərhələlərin mürəkkəbliyi və imtahan sayıdır. Müsabiqə həm onlayn, həm də əyani şəkildə baş tutan beş mərhələdən – qeydiyyat, onlayn seçim, əyani mərhələ, yarımfinal və final mərhələlərindən ibarətdir. Müsabiqənin onlayn seçim və əyani mərhələlərində qiymətləndirmə zamanı ən qabaqcıl beynəlxalq imtahan sistemlərində (TOEFL, GMAT, SAT) istifadə edilən T-bal qiymətləndirmə metodu tətbiq olunur. Azərbaycanda bu imtahan qiymətləndirmə sistemi ilk dəfə “Yüksəliş” müsabiqəsində istifadə olunub. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bu gün bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.

Müsabiqənin yarımfinal və final mərhələlərində namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə insan resursları sahəsində işləyən ekspertlərlə iş aparılır. Ekspertlərin seçilməsi ən vacib və mürəkkəb məsələlərdən biridir. Bu səbəbdən ekspertlər seçilərkən ölkənin aparıcı təşkilatları ilə əlaqələr qurulur, təcrübəli insan resursları üzrə mütəxəssislər və psixoloqlar müsabiqəyə cəlb olunur, müsahibələr keçirilir və nəticədə insan resursları sahəsində ən peşəkar mütəxəssislər seçilirlər. Ümumilikdə 440 namizəd arasından dördmərhələli seçimlə təyin edilən 128 ekspert müsabiqəyə ekspert qismində cəlb edilib. Qiymətləndirmə prosesində şəffaflığın ən yüksək formada təmin edilməsi üçün ümumilikdə xarici ekspertlər tərəfindən ekspertlərə 216 saatlıq təlim keçirilib. Müsabiqənin yarımfinal və final mərhələlərində isə altı qiymətləndirmə konfransı, 57 keys üzərindən iştirakçıların səriştələri qiymətləndirilib.

“Yüksəliş” müsabiqəsinə yenidən qeydiyyatdan keçməyə az qaldı

İnsan kapitalının qiymətləndirilməsi sahəsində müəyyən data, statistika və metodikaya sahib “Yüksəliş” müsabiqəsi effektiv kadr siyasətinin aparılmasını cəmiyyətdə təbliğ etmək, ölkədə peşəkar və mərkəzləşdirilmiş kadr siyasətinin aparılmasını təmin etmək üçün yenidən imkan yaradır. Müsabiqədə iştirak etmək, öz bilik və bacarıqlarını sınamaq qaçırılmaz bir imkandır. Hər bir iştirakçı qələbəni əldə etməyi hədəfləyir. Qalibiyyət isə onlar üçün açılan yeni imkanlar, yeni hədəflər və yeni yüksəlişlər deməkdir. Sən də potensialına güvən, gələcəyin liderlərindən biri ol!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir