Cəmiyyət

Hər il eyni mənzərə…

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Cəmi bir gün qar yağdı, baş verməyən hadisə qalmadı.

Yağan qarın altında qolsuz köynəkdə “TikTok” üçün video çəkən kim, avtobusla drift edən kim, bahalı “Porsche” də gecə saatlarında mərkəzi küçələrdə təhlükəli manevrləri edən kim, kəlləmayallaq “qar adam” düzəldən kim və s. Sosial şəbəkələr milad ağacı kimi cürbəcür mənasız videolarla, görüntülərlə bəzənmişdi.

Bu paylaşımların ardınca isə problemli videolar – sürüşkən yollarda ilişib qalan avtomobillər, zəncirvari qəzalar ortaya çıxmağa başladı…

TƏBİB-in  yaydığı məlumata görə yanvar ayının 14-ü və 15-i hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar 75 nəfər təcili tibbi yardıma, Səhiyyə Nazirliyinin yaydığı məlumata görə isə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 137 nəfər müraciət edib. Ümumi say isə 212 nəfər edir. Bu hələ müraciət edənlərin sayıdır, gör hələ müraciət etməyənlərin sayı nə qədərdir?..

Gör nə qədər adam yıxılıb, sürüşüb, xəsarət alıb. İndi dur get, cavabdeh qurumdan açıqlama istə, “deyəcək ki, ehtiyatlı olsunlar da, biz nə edək?”

Heç nə yox. Sumqayıt sakinləri deyir ki, yollar buzludur. İşə, məktəbə gedə bilmirik. Sumqayıt şəhər İcra Hakimiyyəti isə üzə durub ki, “nə danışırsınız, küçələr və yollar şüşə kimidir, tər-təmizdir”.  Bütün bunlara baxıb deyirsən ki, yaxşı ki, bu smartfonlar var, camaat dərdini çəkib göstərə bilir.

Cavabdeh qurumlar öz işlərini doğru-düzgün görmədiyi üçün bu dəfə də vəziyyəti xilas etmək üçün, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Daxili İşlər Nazirliyi (DİN) (Yol patrul xidməti və digərləri) əllərini daşın altına qoydular…

Amma yenə də sağ olsunlar ki, qəzaların baş verməməsi əllərindən gələni etdilər.

Yaxşı, bəs niyə cavabdeh qurumlar əllərini ağdan-qaraya vurmurlar? O an üçün bir yanğın olsa, bələdiyyə, ya da icra hakimiyyətindən kimsə gedib yanğını söndürəcəkmi? Yaxud ərazidə hansısa cinayət hadisəsi baş versə adıçəkilən qurumlar bu cinayətin qarşısını ala biləcəklərmi?

Yox, qardaşlar! Yox! Hər kəsin öz işi var. Fövqəladə hadisə baş verməyib ki, sadəcə Azərbaycana bircə gün qar yağıb. O da, sabaha çıxmayan qar. Rusiyadakı kimi qar yağsa, görəsən biz nə günə qalarıq?

Bircə gün qar yağdı deyə mağazalarda çörək qıtlığı yarandı. Səbəb isə çörəksatan şirkətlərin avtomobillərinin qışa hazır olmaması göstərildi.

İl boyu çörək sat, pul qazan, qış üçün isə iki cüt təkər alıb saxlama, ay sahibkar!

Ümumiyyətlə qış təkəri bizimkilər üçün ayrı dərddir. Çözülməyən, anlaşılmayan bir dərd. Bunu bir sıravi adam eləsə, uzağı yola çıxmayacaq, bir gün evində dincələcək. Axı sən çörək satıb, çörək qazanırsan?! Təkər almırsan, heç olmasa iki cüt zəncir al ver sürücülərə. Təki az xərc çəkib, çox qazanım fikri ilə çox uzağa getmərik…

Hər il eyni mənzərə, eyni gedişat, eyni şey. Cavabdeh qurumların da açıqlaması eyni. İldən-ilə dəyişməyən, söz yığını. Çünki bilirlər ki, qar da bunlardan yanadır. Bircə gün yağıb dayanacaq. Niyə özlərinə əziyyət versinlər ki?!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir