Cəmiyyət

Yağışa tab gətirməyən Bakının yolları QARA HAZIRDIRMI? – Rəsmi AÇIQLAMA

Sharing is caring!


Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağıntılı olacaq, gündüz bəzi yerlərdə sulu qar yağacaq, daha sonra isə qara keçəcək. Gün ərzində güclü şimal-qərb küləyi də əsəcək. 

Qış fəslinin gəlişindən sonra növbəti günlərdə güclü qarın yağması istisna edilmir. 

Adətən paytaxta qısamüddətli yağış yağanda belə bəzi küçə və prospektləri su basır, müəyyən gölməçələr yaranır, yollarda toplanan yağış suları həm avtomobillərin, həm də piyadaların hərəkətini çətinləşdirir. 

Bəs paytaxt yolları qışa hazırdır? Hansı qabaqlayıcı tədbirlər planı həyata keçiriləcək?

Bizim.Media bu suallarla qurumlara sorğu ünvanlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, qurum payız-qış mövsümünə hazırlıq çərçivəsində qış mövsümündə qarın yağması və yolların buzlaşmasının qarşısının alınması məqsədilə hər il tədbirlər görür:

“Qışa hazırlıqla bağlı kifayət qədər yol texnikası, maşın və mexanizm hazır vəziyyətə gətirilir. Bu il də həmçinin lazımi miqdarda yanacaq-sürtkü materialları və duz-qum ehtiyatı toplanıb. Ehtiyac yaranacağı təqdirdə həmin ehtiyatın yenilənməsi istiqamətində addımlar atılacaq. Şəhərin mərkəzi hissəsi istisna olmaqla (Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir) şəhərə daxil olan yollar, əsas prospektlər AAYDA tərəfindən nəzarətdə saxlanılacaq. 

Bir problem olduğu təqdirdə müdaxilə olunaraq aradan qaldırılacaq. Müəyyən nöqtələr var, məsələn, Bakı dairəvi avtomobil yoluna öncədən texnika çıxarılır, növbətçilər olur. Çünki problemi ərazilərdən biridir. Amma bu, o demək deyil ki, biz 100 faiz bütün problemlərin qarşısının alınmasına hazırıq”.

O əlavə edib ki, bu məsələdə sürücülərin özləri də hazır olmalıdır: 

“Avtomobillərin şinləri qış mövsümünə uyğun deyilsə, biz nə qədər tədbir görsək də, həmin nəqliyyat vasitələrinin hərəkətində problem olacaq, sürüşəcək və digər avtomobillərin hərəkətinə maneə törədəcək. Nəticə etibarilə bizim xüsusi texnikalarımızın əraziyə daxil olmasında da çətinlik olacaq. 

Sürücülər gözləməməlidirlər ki, qar yağsın, yollar təmizlənsin və s. Bu, bizdə dəb halını alıb. 4 fəsil şinlərindən istifadə olunur. Bu şinlərdə də yağıntılı havalarda problem yaşana bilir. Qış və yayın öz şinləri var. Fəsilə uyğun olaraq nəqliyyat vasitəsi təchiz olunmalıdır”. 

Qurum rəsmisi onu da qeyd edib ki, dağlıq və dağətəyi rayonlarda da payız fəslindən etibarən hazırlıq görülüb:

“Yol kənarlarına duz-qum qarışığı səpilib. Paytaxtdan fərqli olaraq rayonlarımızda yaşayan vətəndaşların nəqliyyat vasitələri qışa daha uyğun təchiz edilib. Həm Bakı şəhərinin küçə və prospektləri, həm də respublikanın avtomobil yollarına xidmət məqsədi ilə 1000-dən çox texnika hazır vəziyyətə gətirilib”.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentindən isə sorğumuza belə cavab verilib: 

“Qış fəsli ilə əlaqədar dekabr ayında bütün rayonlarda iclas keçirilib. Həmin iclaslarda hər bir ərazi və küçə üçün cavabdeh şəxslər təyin edilib. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb. 

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib”. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir