Cəmiyyət

Perinatal Mərkəzdə dörd körpənin ölümündə təqsirləndirilənləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS RƏYİ + FOTO

Sharing is caring!


“Respublika Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsində (PHŞ) baş vermiş yanğınla bağlı üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Qeyd edək ki, yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Turan Abdullazadənin sözlərinə görə, “Respublika Perinatal Mərkəzi”ndə baş verən yanğın bədbəxt hadisədir:

“Dörd uşağın ölümü faciəvi bir haldır. Bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu istintaq idarəsində fakta görə cinayət məcəlləsinin iki 225.3-cü və 314.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Cinayət məcəlləsinin 225.3-cü maddəsində yanğın təhlükəsizlik qaydalarını pozmağına görə cəzalar nəzərdə tutulub.

Cinayət məcəlləsinin 225.3-cü maddəsində qeyd olunub ki, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olmaqdan məhrum edilməklə üç ildən altı ilə qədər müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

T.Abdullazadə qeyd edib ki, eyni zamanda Azərbaycan Respublikası Cinayət məcəlləsinin 314.3-cü maddəsində səhlənkarlıq əməlinə görə cəzalar nəzərdə tutulub:

“Cinayət məcəlləsinin 314.3-cü maddəsinə görə ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda üç ildən yeddi ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi, fiziki və hüquqi şəxslərin mənafelərinə və dövlətin və cəmiyyətin qorunan mənafelərinə zərər vurulmasına səbəb olduqda və bu əməllər ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda üç ildən yeddi ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Fakta görə başlanmış cinayət işi üzrə ittiham aktı tərtib olunub, məhkəməyə göndərilərsə və məhkəmədə də həmin təqsirləndirilən şəxslərin təqsiri sübuta yetirilərsə, bu zaman məhkəmə tərəfindən cinayətlərin məcmusu üzrə cəza təyin edilə bilər.

Cinayət məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.

Yəni təqsirləndirilən şəxslər müəyyən olunarsa və həmin şəxslər bu iki maddə üzrə ittiham olunarsa, gələcəkdə də onların təqsiri sübuta yetirilərsə, bu zaman bu iki maddə üzrə cəzalar tamamilə və ya qismən toplanaraq yekun qəti cəza təyin edilə bilər”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir