Cəmiyyət

Azərbaycanın Xalq artisti Elza İbrahimovanın doğum günüdür – FOTO

Sharing is caring!


Bu gün bəstəkar, Azərbaycan Respublikasının və Dağıstanın Xalq artisti Elza İbrahimovanın doğum günüdür.

Oxu.Az görkəmli bəstəkarın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Xatırladaq ki, Elza İmaməddin qızı İbrahimova 1938-ci ildə Hacıqabul (Qazıməmməd) şəhərində anadan olub. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirib.

Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o, musiqi məktəbinə yazılır.

Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş “Yalan ha deyil” mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi “Qurban verərdim” əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir, amma sonradan “Qurban verərdim”lə bərabər, “Sən mənə lazımsan” (söz. Əliağa Kürçaylı), “Bağçadan keçmisən” (söz. Ə.Əlibəyli) və s. tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.

Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, “Afət”, “Şeyx Şamil” və “Yanan laylalar” operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibətilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.

Bir-birindən maraqlı, orijinal mahnılarla bərabər, romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən “Ey Vətən” əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olub. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dilində onlarla poetik nümunəyə musiqi yazıb. 1992-ci ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” adına layiq görülüb. 2008-ci ildə “Azərbaycan Respublikasının Xalq artisti” adına layiq görülüb.

Görkəmli bəstəkar uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə, 74 yaşında vəfat edib. Bəstəkar İkinci Fəxri xiyabanda dəfn olunub.

22 dekabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elza İbrahimovanın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir