Cəmiyyət

Baxırsan, qəşəng qızdır, amma bürcdən danışır…

Sharing is caring!


Qan Turalı yazır…

Maarifçilik dövrünün klassikləri bambaşqa bir dünya və gələcək xəyalları qururdular. Bu, yeni dünyada hər şey insan zəkasına əsaslanacaq, köhnə adətlər yox olub, gedəcəkdi. O cümlədən də bütün batil inanclar, xurafatlar… 

Bəli, bu gün bir çoxları hələ də Azərbaycan maarifçilik klassikləri Mirzə Fətəli Axundovun, Mirzə Cəlilin və Sabirin yazdıqlarının hələ də aktual olduğunu düşünür. Hərçənd ki, bu yanaşmanın özü maarifçi ideallara ziddir. Maarifçilik hər şeydən qabaq sağlam zəka, aydın yanaşma, soyuq təhlil tələb edir, nəinki zehni xurafat…

Bəli, hansısa məqamlarda Mirzə Cəlil dövrünün qalıqları hələ də yaşaya bilər. Ancaq məsələnin mahiyyəti tamamilə başqadır. Bu gün uşaq xəstələndikdə molla yanına yox, həkim yanına gediriksə, deməli, maarifçi ideya qələbə çalıb. Molla yanına gedənlərin varlığı heç nəyi dəyişmir, çoxluğun iradəsi fonunda istisnalar ciddi nəsə vəd etmir. Bəli, bu gün də cin çıxardanlar da var, ancaq cin çıxartmaq heç də bütün cəmiyyətin məşğul olduğu bir iş deyil. Əksinə, cəmiyyət bu kimi addımları gülüşlə qarşılayır. 

Ancaq batil inanc kontekstində yaşayan və hətta yüksələn bir məsələ var: Bürclər məsələsi… Bu gün bir çox insan bürcə inanır. Hətta, astrologiyanı elm hesab edən adamlar da az deyil. Nəyin elm olub, nəyin olmadığı barədə böyük bir mübahisə açmaq yersizdir. Bu məlum məsələdir. Ancaq sadə bir məqama diqqət etmək gərəkdir. 

Elm dünyanı izah edir. Astrologiya da elmdirsə o zaman bir şəxsin filan bürc altında doğulmasının onun xarakterinə necə təsir etdiyini izah etməlidir. Yəni, filan ayın filan günündə doğulan olan adamın niyə emosional olduğunu izah etməlidir. Astrologiyanın elm olmadığı buradan bəllidir. Çünki insanların doğulduğu tarixlə onların xarakteri, taleyi arasında əlaqəni izah edə bilmir. Heç buna cəhd də göstərmir. Elmin isə bütün vəziyyətləri izah etmək üçün nəzəriyyələri, bu mümkün deyilsə hipotezləri, ən pis halda isə sualları vardır. Astrologiya isə suallarla yox, cavablarla məşğuldur, “Bu gün maliyyə məsələlərindən uzaq dayanın”. Necə gözəl bir dünya… 

Bürclərin tarixi ilə bağlı məsələlər heç də astroloqların təqdim etdiyi kimi deyil. NASA-nın 7 il bundan əvvəl təqdim etdiyi cədvələ görə bəzi bürclər 40 gün çəkir, bəziləri isə 20 gün. Bir sözlə, heç bürclərin təqvimi də dəqiq deyil. 

Bundan əlavə eyni bürc altında doğulan minlərlə insan üzərində aparılan araşdırmalar onlar arasında oxşarlığın heç də əhəmiyyətli olmadığını da üzə çıxarıb. Başqa cür desək, bir bürc altında doğulanlarla digər bürc altında doğulanlar arasında heç bir mühüm fərq mövcud deyil. Bu da bütün bürc haqqında deyilənlərin səfsətə olduğunu göstərir. 

Bəs insanlar niyə hələ də bürclərə maraq göstərirlər? Əlbəttə ki, bu da səbəbsiz deyil. Hər şeydən qabaq heç də bütün insanların rasional olmadığı gerçəyi ilə barışmaq lazımdır. Digər tərəfdən isə insanlar öz gələcəklərini bilmək istəyirlər. Bu, görkəmli “psixoloq”umuzun da dediyi kimi, emosional bir ehtiyacdır. Nazim Hikmətin də dediyi kimi:

“Çoğunluğun gittiği kimi yerlere ben de gitmedim 21’den beri

Camiye, kiliseye, tapınağa, havraya, büyücüye, ama kahve falına baktırdığım oldu…”

Bundan əlavə isə, astrologiya bir əyləncə, bir incəsənət növü kimi mövcud ola bilər. Çünki insanlar üçün bir söhbət mövzusu, müzakirə predmetidir. Qoç bürcü ilə balıq bürcünün münasibətləri haqqında boşboğazlıq etmək həmişə mümkündür. Bu mənada da bürclər yaşayır. Ancaq onu ciddiyə alıb həyatı bunun üzərində inşa etmək isə… Bu, XXI əsrin ruhuna yaraşmır. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir