Cəmiyyət

Bayat yeməklər insan orqanizmində hansı fəsadlar yarada bilər?

Sharing is caring!


Bayram süfrəsini zəngin və təmtəraqlı etmək üçün çeşid-çeşid yeməklər, növbənöv salatlar və şirniyyat hazırlanır. Bayram vaxtı istehlak edilməyən yeməklər isə bəzən israf olunmaması üçün sonrakı günlərə saxlanılır. Lakin mütəxəssislər hesab edirlər ki, dəfələrlə qızdırılıb bayat şəkildə istehlak olunan yeməklərin orqanizmə bir sıra mənfi təsirləri ola bilər. Ona görə də belə qidaların istehlakı zamanı daha diqqətli olmaq lazımdır.

Oxu.Az xəbər verir ki, bununla bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə xəbərdarlıq edib.

AQTA-nın məlumatında vurğulanıb ki, xüsusilə yumurta, balıq, ət, göbələk kimi məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq açıq şəraitdə qalmamalı, daha sonra soyuducuda saxlanılmalıdır. İsti yeməklər soyuducuya yerləşdirilməmişdən əvvəl otaq temperaturuna qədər soyudulmalıdır. Bəzi qidaların isidilərək yenidən istehlakı ümumiyyətlə tövsiyə edilmir. Belə ki, toyuq əti ya təzə bişmiş, ya da soyuq halda istehlak olunmalıdır. Kartof, çuğundur, ispanaq kimi tərəvəzlər, ən əsas da göbələklər bişirildikdən sonra yenidən qızdırıldıqda qida dəyərini itirdiyi üçün bu məhsulların təzə-təzə bişirilib istehlak edilməsi daha məqsədəuyğundur.

Yeri gəlmişkən, yeməklərin xarab olub-olmadığını dad və ya qoxu vasitəsilə müəyyən etmək hər zaman mümkün olmur. Qida zəhərlənməsinə səbəb olan bəzi bakteriyalar var ki, onlar qidanın qoxusunu və dadını korlamadan belə çoxala bilir, hətta bəziləri toksin ifraz edir. Belə bakteriyalar dəniz məhsulları, süd və süd məhsulları, tortlar və digər kremli şirniyyatlarda daha tez çoxala bildiyi üçün ən çox qida zəhərlənmələri də məhz bu qidalar düzgün saxlanılmadıqda və təkrar isidilərək istehlak edildikdə baş verir.

Bayat yeməklər kimi, bayat çayın da orqanizmə ziyanı var. Çünki dəmlənmiş köhnə çay bütün faydalı xüsusiyyətlərini itirməklə yanaşı, insan orqanizminə mənfi təsir göstərə bilir.

Mütəxəssislər deyirlər ki, qeyd olunan mənfi halların baş verməməsi və bayat qida qəbul etməmək üçün yeməkləri mütləq qədərində hazırlamaq lazımdır. Həm də bişirilmə tarixi bilinməyən yeməklər yeyilməməlidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir