Cəmiyyət

Dəri gödəkçə, eko çanta, rəngli corablar: Modelyer dizayner 2024-cü ilin geyim trendlərindən danışdı – FOTO

Sharing is caring!


Pələng ili ilə vidalaşır, yaşıl əjdahanı qarşılayırıq. 2023-cü ilin dəbi, sevilən rəngləri, geyim üslublarını da pələnglə yola salırıq.

Bəs görəsən, qarşıdan gələn Əjdaha ili özü ilə hansı dəbi, aksesuarları gündəmə gətirəcək? 2024-cü il hansı geyim trendləri ilə gözümüzü oxşayıb, həyatımızı rəngləndirəcək?

“Kaspi” qəzeti modelyer dizayner Xəyalə Məsimova ilə ilin dəblərindən danışıb. 

İlin dəbi necə formalaşır?

Modelyer bildirib ki, ilin geyim dəbləri insanların həyat tərzi, dünyada baş verən qlobal hadisələr əsasında formalaşır:

“Hər ilin dəbinə yön verən, dəqiqləşdirən böyük brendlərdir. Bəzi insanlar düşünür ki, ilin moda trendləri brendlərin öz kolleksiyalarında istifadə etdikləri rənglərdən, geyimlərdən, kəsim formalarından asılıdır. Amma elə deyil. İnsanların həyat tərzi, dünyadakı proseslər rənglərə də təsir göstərir”.

İlin rəngi – 13-1023 olacaq 

O qeyd edib ki, 2024-cü ilin əsas rəngi şaftalı tonlarıdır:

“İlin rəng seçiminə ABŞ Rəng İnstitutu “Pantone” qərar verir. Şirkət həmin il dünyada olan qlobal hadisələri müzakirə edir, mütəxəssislərdən fikir alır və bu fikirlərə əsasən, rəng kataloqunu ortaya çıxarır. Çünki hər bir rəng tonunun öz aurası var. Növbəti ildən gözləntilərimiz bizə bu rənglərlə çatdırılır. 2024-cü ilin əsas rəngi çəhrayı və narıncının qarışığı olan “Peach Fuzz” (şaftalı tükləri) seçilib. Bu rəngin kodu 13-1023-dür. Bu kodla siz dünyanın istənilən yerində eyni rəngi ala bilərsiniz. Pantone bildirib ki, həmin rəng ruhu, zehni və bədəni zənginləşdirən enerjiyə sahibdir. Şaftalı tonları builki müharibələr, dünyada baş verən qlobal problemlərin həllinin tapmasını simvolizə edir. Çünki bu rəng daha sakit, barışcıl, insana doğmalıq hiss etdirən, yumşaqlıq gətirən hesab olunur. İnsanlar üzərlərində şaftalının tonlarını daşıdıqda rahatlıq, doğmalıq, şəffaflıq hiss edir və ötürürlər. “Pantone” 2024-cü ildə şaftalı rəngdən ilhamlanaraq müsbət enerjini yaymağı hədəfləyir”.

“Pandemiya geyim tərzimizi dəyişib”

Geyim tərzimizə gəldikdə isə, modelyerin sözlərinə görə, biz hələ də pandemiya dövründə evdə qaldığımız günlərin geyim rahatlığından çıxa bilmirik:

“İnsanlar xüsusilə, 2020-ci ildən sonra rahat geyimə öyrəşiblər. Pandemiyadakı həyat tərzimiz geyimlərimizə də ciddi şəkildə təsir edib. İnsanlar uzun müddət distant təhsil aldılar, işlərini onlayn idarə etdilər. Hər kəs ev mühitinə öyrəşdi. Bu, onların geyimlərinə də sirayət etdi. İndiyə qədər bu rahatlığı müşahidə edirik. İnsanların qarderobunda maksimalist geyim tərzləri minimalistlə əvəzlənib. Bu, 2024-cü ildə də davam edəcək. Çünki insanlar maddiyyata və görünüşə deyil, mənəvi dünyalarının zənginliyinə üstünlük verirlər və bunu geyimlərində göstərirlər”.

Dəbdə 90-cı illərə qayıdırıq?

Mütəxəssis vurğulayıb ki, dəb illərdir ki, təkrarlanır:

“Müşahidə etsək, görərik ki, illər öncəsinin dəbi yenidən müxtəlif formalarda günümüzə qayıdır. Məsələn, qol kəsimi daha aşağıdan olan cins pencəklər, dəri gödəkçələr 80-90-cu illərdə istifadə olunurdu. Bu geyimlər 2024-cü ilin də dəbini formalaşdıracaq. Sadə kəsimlərdən, daha sadə baza parçalardan istifadə ediləcək. 2024-cü ilin yaz və yay aylarında pambıq və kətan parçalar, kətan eko çantalar çox dəbdə olacaq. Bu il, əsasən, minimalist çanta növləri çoxluq təşkil edəcək, amma böyük çantalardan da istifadəyə üstünlük veriləcək. 2024-cü ilin qış kolleksiyasında isə daha çox dəri gödəkçələr, bol kəsim pencəklər dəbdə olacaq. Paltolar klassikadır və öz aktuallığını bu il də itirməyəcək. Sadəcə, paltolarda klassik kəsimlər deyil, bol kəsimlərə üstünlük veriləcək”.

Rəngli corablar və broşlar

Dəbi formalaşdıran əsas nüanslardan biri olan aksesuarlara gəldikdə isə, mütəxəssis qeyd edib ki, 2024-cü ildə aksesuarlarda daha çox rəngli corablardan istifadə olunacaq:

“Corabların rəngi, əsasən, qırmızı, sarı, yaşıl, daha açıq və daha canlı tonlarda olacaq. Bu aksesuarlar geyimdən ön planda olmalıdır. İstifadə olunacaq digər aksesuarlar isə, yaxa broşlarıdır. Ümumiyyətlə, broşlar istənilən tərzdə istehsal olunur. Daha çox boğazlı köynəklərin, paltoların üzərində istifadəsi gözlənilir”.

Qadınlar da qalstuka üstünlük verəcəklər

2024-cü ilin maraqlı trendlərindən biri də qalstuklardır. Kişilərdə görməyə adət etdiyimiz qalstuklar bu il qadınların da qarderoblarında çoxluq təşkil edəcək. 2024-cü ildə kişilərlə yanaşı, qadınlar da geyim kombinasiyalarında qalstuklara üstünlük verəcəklər.

Kişilərin geyimlərinin əsas dəbi mavi köynəklər olacaq

Kişi geyimlərinin isə əsas dəbi mavi köynəklərdir. Bu rənglər əvvəlki illərə nisbətən daha aktual olacaq. Moda mütəxəssislərinin fikrincə, bu rəngi  qara, bənövşəyi, qəhvəyi köynəklər izləyəcək. Kişilər də boş və rahat köynəklərə, geyimlərə üstünlük verəcəklər. Ağ, qara, boz və mavi kimi neytral palitra çalarları bu il də dəb olaraq qalır. Həmçinin karqo şalvarlar bu ilin trendləri arasındadır.

Xəyalə Məsimova vurğulayıb ki, istər kişi, istər qadın özünə yaraşan geyimi tapmalıdır:

“Geyim mütləq bədənə, rəngə uyğun olmalıdır. Yəni ilin dəbi sənə yaraşmırsa, onu geyinmək məcburiyyətində deyilsən. Hər kəs öz bədənini, həyat tərzini tanıyıb ona uyğun geyim seçimi etməlidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir