Cəmiyyət

Qarğalıq sakinləri kommunal problemlərdən şikayət edir, rəsmilər həll olunacağını bildirirlər – FOTO

Sharing is caring!


Xaçmazın Qarğalıq kəndinin sakinləri kommunal problemlərdən, qaz, yol və su çatışmazlığından əziyyət çəkirlər.

Bu barədə “Report”un Şimal bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, kəndin daxili küçələri bərbad vəziyyətə düşüb. Uzun illərdir yol problemi ilə üz-üzə qaldıqlarını bildirən sakinlər qeyd olunan küçələrin qış aylarında bataqlığa çevrildiyini, yolların keçilməz olduğunu deyiblər.

Kəndin mərkəzində Qaraçayın üzərində olan qəzalı körpü isə sakinləri daha çox narahat edir. Çünki çaya sel gəldiyi zaman bu körpü daha acınacaqlı vəziyyətdə olur.

Kəndinin sosial problemləri bununla bitmir. Artezian quyusunun elektrik mühərrikinin sıradan çıxması səbəbindən əhali uzun müddətdir ki, içməli su sarıdan əziyyət çəkir. Onlar 500 metr uzaqdan əl ilə qablarda su gətirməli olurlar.

Məsələ ilə bağlı Qarğalıq kənd bələdiyyəsinin sədri Gülaməddin Quliyev bildirib ki, hər il kənddaxili yollara çınqıl səpilir və yollar təmir olunur:

“Növbəti il də həmin küçələrdə yol təmiri işləri aparılacaq.

Körpünün təmirinə isə bələdiyyənin maddi imkanları çatmır. Kəndi içməli su ilə təmin edən artezianın isə mühərriki yanıb, yaxın günlərdə yeni mühərrik alınacaq və artezian istifadəyə veriləcək”.

Qarğalıq kəndinin daha bir problemi mavi yanacaqla bağlıdır. Təbii qaz olmadığından sakinlər istilik tələbatını odunla ödəmək məcburiyyətində qalıblar. Odun əldə etməyin özü də qəliz məsələdir.

Sakinlər söyləyiblər ki, bir maşın odunun qiyməti təxminən 350-400 manatdır. Bu da hər sakinin maddi imkanına uyğun gəlmir. Məcburiyyət qarşısında qalan kənd sakinləri şəxsi təsərrüfatlarında əkdikləri meyvə ağaclarını kəsib yandırırlar.

Qarğalıq kəndinin nə vaxt mavi yanacaqla təmin olunacağı barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, regionların qazlaşma prosesi “Azəriqaz”ın öz maddi resursları hesabına mərhələli şəkildə həyata keçirilir:

“Qarğalıq kəndinin də qazlaşdırılması gündəmdədir. Sözügedən kəndə qaz xətlərinin çəkilməsi növbəti mərhələdə nəzərdə tutulub. Ümumilikdə, Xaçmaz rayonunun qazlaşma səviyyəsi 94,3 faiz təşkil edir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir