Cəmiyyət

Göyəzən dağının müzakirələrə səbəb olan görüntüsü nədən yarandı? – AÇIQLAMA + FOTO

Sharing is caring!


Bir neçə gündür, sosial şəbəkələrdə Göyəzən dağının maraqlı görüntüsü paylaşılır.

Fotoda Kiçik Qafqazın dağətəyi sahəsində, Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəldiyi deyilən dağın qızılı rəngə boyandığı görünür. Elə təəssürat yaranır ki, sanki dağın lap zirvəsindən qaynar lava axır. Müzakirələrdə görüntünü dini inanclara bağlayanlar da tapıldı.

Dəqiqləşdirdik ki, fotonun müəllifi “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı Bəxtiyar Nəbiyevdir.

Bəxtiyar Nəbiyev Oxu.Az-a açıqlamasında bildirib ki, şəkli təsadüfən çəkib:

“Səhər saatlarında işə gedirdim. Təsadüfən dağ tərəfə baxanda qeyri-adi mənzərəni görüm və telefonla fotosunu çəkdim. Sonra da sosial şəbəkədə paylaşdım. Düşünmürəm ki, bu, ilk belə hadisədir. Böyük ehtimalla əvvəllər də belə mənzərələr olub. Sadəcə, o vaxt smartfonlar olmayıb, bəlkə də, ona görə bu şəkil indi belə maraq doğurdu”.

Fizika müəllimi, maşın avadanlıqları üzrə mühəndis Xansuvar Quliyev isə Oxu.Az-a bildirib ki, bu foto Günəş dağın arxasına keçən anda lentə alındığı üçün mövcud mənzərə ortaya çıxıb:

“Günəş doğub-batanda üfüqdə bəzən narıncı, bəzən qırmızı görünür. Günəş şüasının rəngi bizim gözümüzün dalğa uzunluğunu necə qəbul etməsindən asılıdır. Qısa dalğalar bənövşəyi, uzun dalğalar isə qırmızı rəng görüntüsü yaradır. Ancaq bu dalğalar bizim gözümüzün torlu qişasına birbaşa düşmür, Yerin atmosfer qatından keçir. Günorta vaxtı Günəş şüaları Yerə çatmaq üçün qısa yol qət edir və səpələnməyə imkan tapmır. Səhər və axşam isə Günəş müşahidəçiyə nisbətdə perpendikulyar vəziyyətdə olduğundan şüalar da uzun məsafə qət edir, həmçinin onların keçdiyi atmosfer qatı daha qalın olur. Bu qatdan ancaq uzun, yəni qırmızı dalğalar keçir. Ona görə də ulduz doğub-batan zaman onu narıncı-qırmızı rəng spektrində görürük.

Sözügedən şəkildə də dağın üzərindəki soyuq və rütubətli havadan keçən Günəş işığı gördüyümüz mənzərəni yaradıb”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir