Cəmiyyət

Əsəd Şirinov: “2023-cü ildə altı magistral kanalın təmir-bərpasına başlanılıb”

Sharing is caring!


“Su itkilərinin azaldılması məqsədilə 2023-cü ildə ümumilikdə altı magistral kanalın təmir-bərpasına başlanılıb, bundan dörd kanalın yenidən qurulması işləri artıq yekunlaşma mərhələsindədir”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib.

O qeyd edib ki, bu istiqamətdə səkkiz magistral kanalın texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması tamamlanıb, daha 12 kanal və Mil-Qarabağ kollektoru üçün isə müvafiq layihə sənədlərinin hazırlanması işləri sürətlə davam etdirilir:

“Tədbirlər nəticəsində ümumilikdə 700 km uzunluğunda suvarma kanallarının yenidən qurulması ilə 300 min hektar ərazinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulub. Bununla yanaşı, Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması və yenidən qurulması tədbirləri üzrə zəruri təmir-bərpa işləri tamamlanıb.

Ölkədə su ehtiyatlarının artırılması məqsədilə yeni su anbarlarının yaradılması istiqamətində Yengicə su anbarının tikintisi davam etdirilib, Əlicançay su anbarının tikinti işlərinə başlanılması üçün tender proseduru tamamlanaraq podratçı şirkətlə müqavilə bağlanılıb. Agentlik tərəfindən Viləşçay, Ağsuçay və Zəyəmçay su anbarlarının texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanıb, Qudyalçay, Vəlvələçay, Qaraçay və Qusarçay anbarları üçün ilkin araşdırma işlərinə, o cümlədən Türyançay su anbarının müvafiq sənədlərinin hazırlanmasına başlanılıb”.

Ə.Şirinov qeyd edib ki, respublikanın müxtəlif rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə 373 ədəd subartezian quyusunun yeri müəyyənləşdirilib və növbəti illərdə dörd mərhələdə qazılması nəzərdə tutulub:

“Bu ildə ayrılmış vəsaitə uyğun olaraq birinci mərhələ üzrə 68 ədəd subartezian quyusunun qazılması işlərinə başlanılıb və bu istiqamətdə müvafiq işlər davam etdirilir. Bununla yanaşı, əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə cari ildə 780 km içməli, 171 km tullantı su xətləri çəkilib, iki su anbarı və 480 bulaq tikilərək əhalinin istifadəsinə verilib. Abonentlərin sayğaclaşma səviyyəsi 89,5 faizə yüksəlib, o cümlədən qanunsuz qoşulma hallarının qarşısının alınması hesabına 4,2 milyon kubmetr həcmində itirilmiş sərfiyyat bərpa edilib”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir