Cəmiyyət

Xəstəxanalarda randevu sistemi niyə işə salınmayıb? – AÇIQLAMA + VİDEO

Sharing is caring!


Xəstəxanalarda randevu sistemi dekabrın 18-dən fəaliyyətə başlamalı olsa da, bir çox ixtisaslar üzrə tətbiq edilməyib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, pilot layihə qeyd edilən tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında və “Yeni Klinika”da start götürməli olsa da, hələ də aktivləşməyib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət tibb müəssisələrində növbə sıxlığının qarşısının alınması üçün “e-Tabib” mobil tətbiqi vasitəsilə randevu sistemi ilkin olaraq test rejimində “Yeni Klinika”da bəzi həkim ixtisasları üzrə işə başladılıb:

“Gələn ildən daxili infrastrukturu onlayn platformaya cavab verən digər dövlət tibb müəssisələrində də randevu sisteminin mərhələli şəkildə işə başladılması həyata keçiriləcək”.

Qeyd edək ki, dekabrıın 18-dən etibarən randevu sistemi ilə “Yeni Klinika”da hələlik həkim-oftalmoloq, həkim-infeksionist və həkim-uroloq qəbulu üçün “e-Tabib” mobil tətbiqi üzərindən onlayn növbə götürmək mümkündür.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev dekabrın 14-də agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında çıxışı zamanı 18 dekabr tarixində pilot layihə kimi randevu sisteminin Abşeron Rayon Mərkəzi Xəstəxanasında və “Yeni Klinika”da başlayacağını elan etmişdi. O bildirmişdi ki, sözügedən pilot layihə iki-üç ay davam edəcək və uğurlu nəticə olarsa, qısa zamanda Bakı şəhərindəki tibb müəssisələri, daha sonra Sumqayıt, Gəncə və s. şəhərlərdə dövlət tibb müəssisələrində tətbiq ediləcək.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir