Cəmiyyət

Uşaqları sağlamlıqlarına təhlükə törədən valideyndən almaq dövlətin vəzifələri sırasına daxil edilir

Sharing is caring!


Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri artırılır.

APA xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məişət zorakılığından zərər çəkmiş yetkinlik yaşına çatmamış şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 72-ci maddəsi (Uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda uşağın valideynlərdən (onları əvəz edən şəxslərdən) alınması) ilə müəyyən edilmiş əsaslar olduqda, uşağın valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq alınması ilə bağlı tədbirlər görmək dövlətin vəzifələri sırasına daxil edilir.

Eyni zamanda, layihəyə əsasən, cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri sırasından ailə münasibətlərinin bərpa olunmasına kömək göstərmək çıxarılır.

Dövlət məişət zorakılığının qarşısının alınması üzrə bu qanunda nəzərdə tutulmuş tədbirlərin monitorinqini və əlaqələndirilməsini təmin etməlidir.

Qeyd olunur ki, ümumi mənada tərəflərin münasibətlərinin normallaşmasına dövlət orqanları tərəfindən kömək göstərilməsi məqsədəmüvafiq hesab edilsə də, ailədə münasibətlərin bərpa olunması artıq ailə üzvlərinin öz seçiminə, şəxsi mülahizələrinə söykənməlidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir