Cəmiyyət

Milli Məclisin 2023-cü ildəki fəaliyyəti: Parlamentarilər üç qanunla bağlı yekdil qərara gələ bilməyiblər

Sharing is caring!


2023-cü ilin sonuna artıq sayılı günlər qalıb. Bu il Azərbaycanın siyasi həyatında xüsusi məqamlarla yadda qaldı. Eləcə də, qanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclisin yaz, növbədənkənar və hazırda davam edən payız sessiyaları dövründə bir çox qanun layihəsinin müzakirəyə çıxarılması və qəbulunun şahidi olduq.

Oxu.Az Azərbaycan parlamentinin 2023-cü ildəki fəaliyyəti ilə bağlı ümumi məlumat hazırlayıb.

Milli Məclisin 2023-cü ilin yaz sessiyasında 14 iclası keçirilib, 91 qanun qəbul edilib. Bunlardan biri – “Elektroenergetika haqqında” qanun layihəsi tamamilə yeni idi. Digər 72 qanunda isə dəyişiklik edilib, 18 beynəlxalq müqavilə təsdiqlənib.

Milli Məclisin sədri Sahibə Qafarova sessiyanın yekunları ilə əlaqədar hesabatını təqdim edərkən vurğulayıb ki, 2023-cü ilin yaz sessiyasının ən önəmli hadisəsi xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Milli Məclisin mayın 16-da keçirilən xüsusi iclası olub.

Sahibə Qafarova bildirilib ki, ötən sessiya dövründə Milli Məclisin Gənclər və idman komitəsi  “Heydər Əliyev – müasir Azərbaycan gənclər siyasətinin banisi” mövzusunda, İnsan hüquqları komitəsi “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda, Mədəniyyət komitəsi Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi ilə birlikdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi ilə əlaqədar, habelə Elm və təhsil komitəsi Elm və Təhsil Nazirliyi ilə birlikdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçiriblər.

Qanunvericilik sahəsində görülən işlərlə yanaşı, Milli Məclis bəzi xarici dövlətlər tərəfindən Azərbaycanın suverenliyinə qarşı yönələn hərəkətlərə etiraz əlaməti olaraq bəyanatlar da qəbul edib. Eyni zamanda, parlamentin səlahiyyət dairəsinə daxil olan təyinat məsələləri həll edilib. Ümumən ötən sessiyada Milli Məclisin 14 qərarı qəbul olunub.

Mayın 22-də Azərbaycan parlamenti Milli Məclisin və ATƏT-in Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda keçirilən konfransa ev sahibliyi edib.

Yaz sessiyasının sonuncu iclasında Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 83 deputat növbədənkənar sessiyanın çağırılması üçün Milli Məclisin sədrinə müraciət edib. Parlament sədrinin sərəncamı ilə 2023-cü il iyunun 6-da növbədənkənar sessiyanın ilk iclası keçirilib.

Sessiya dövründə Milli Məclisin doqquz iclası baş tutub, 90 qanun və qərar qəbul edilib.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin növbədənkənar sessiyasında daha bir xüsusi iclas keçirilib və Bəyanat qəbul olunub.

Milli Məclisin 2023-cü il payız sessiyasının qanunvericilik işləri planına altı yeni qanunun və bir məcəllənin layihəsi daxil edilib. Müzakirəyə çıxarılan yeni məcəllə layihəsi Rəqabət Məcəlləsidir. Layihə parlamentdə üç oxunuşdan keçərək, qəbul edilib.  

Payız sessiyasında müzakirəyə çıxarılması planlaşdırılan digər altı qanun layihəsi isə “Aviasiya haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Dövlət ehtiyatları haqqında”, “Energetika haqqında”, “Ali təhsil haqqında” və “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihələri idi.

Bu layihələrdən üçü – “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Dövlət ehtiyatları haqqında” və “Energetika haqqında” qanunlar plenar iclaslarda müzakirə edilərək, üç oxunuşun hər birindən keçib və qəbul olunub. “Aviasiya haqqında” qanun layihəsinin müzakirəsi davam etdirildiyi halda, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” və “Ali təhsil haqqında” qanun layihələri plenar iclaslarda hələlik müzakirəyə çıxarılmayıb. 

Milli Məclis dekabrın 5-də “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini də üçüncü oxunuşda qəbul edib.

Həmçinin, Azərbaycan parlamenti 2023-cü ilin payız sessiyasında “İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı”nı da qəbul edib.

Milli Məclisin payız sessiyası çərçivəsində bu günə qədər 12 plenar iclas keçirilib, ümumilikdə 100-ə yaxın qərar və qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. 

Qeyd edək ki, hazırda Milli Məclisin 2023-cü il payız sessiyası öz işini davam etdirir və parlamentin daxili nizamnaməsinə uyğun olaraq, dekabrın 30-da yekunlaşdırılmalıdır.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir