Cəmiyyət

Qərbi Azərbaycan kəndləri – Darğalı + FOTO

Sharing is caring!


Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırma aparıb.

AZƏRTAC-dan Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” silsiləsindən növbəti yazısını təqdim edirik.

Darğalı kəndi Gərnibasar mahalının düzənlik hissəsində, Qəmərli qəsəbəsindən 8 kilometr şərqdə, Gərni çayının sol tərəfində yerləşir.

1828-ci ilə qədər kənddə ancaq azərbaycanlılar yaşayıb, həmin vaxtdan 1948-ci ilə qədər azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq kənd olub. 1949-cu ildə kəndin azərbaycanlı əhalisi deportasiya edilib. 1988-ci ilə qədər kənddə ermənilərlə yanaşı müsəlman kürdlər yaşayıblar ki, onlar da 1988-ci ildə qovulub və kənd tamamilə erməniləşdirilib.

“İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) Gərni nahiyəsinin Darğalı kəndi kimi qeydə alınıb, Yuva kəndi yaxınlığında yerləşdiyi və əhalisinin Yuva kəndindən çıxanlar olduğu göstərilib. Kəndin Mustafa adlı şəxsin mülkiyyəti olduğu qeyd edilib.

İvan Şopenin (1832) qeydlərində kəndin adı rus tələffüzündə “Darekalı” kimi yazılıb və bu, bəzi mənbələrdə (məsələn, H.Rəhimoğluda) kəndin keçmişdə Dərəkəli adlanması kimi yanlış fikir doğurub. Əslində “Darekalı” sözü “Darğalı” sözünün ruscada təhrifindən başqa bir şey deyil. Bunu İ.Şopendən yüz il əvvəlki icmal dəftərində kəndin adının Darğalı kimi yazılması da təsdiqləyir. Bütün sonrakı mənbələrdə də kəndin adı Darğalıdır.

Adın etimologiyasına gəldikdə isə, XII-XIII əsrlərdən bəri kənd və şəhərlərdə vergi toplanması işinə başçılıq edən şəxslər darğa (monqolca daraxu) adlanıb. Kəndin adı, çox güman ki, həmin sözdən yaranıb, “darğanın kəndi”, “darğa yaşayan, darğa oturan kənd” mənalarında işlənib. “Darğa” sözünün özü də türk-monqolca “knyaz”, “el başçısı” anlamında olan “tarqa” sözündən törəyib. İşquzlarda (skif-saklarda) Tarğıtay, XIII əsrdə monqollarda Tarka, Tarğatay şəxs adları da həmin kökdəndir.

XVI əsrə aid mənbədə Bərdə sancağında qışlayan bir el də Darğalı adlanıb. Bu sonuncu fakt toponimin etnonim səciyyə daşıması ehtimalını ortaya qoyur. Mənbələrdən öyrənirik ki, İrəvan çuxurunda qədimdən sıx məskunlaşmış türk tayfalarından biri də Kolagirən tayfası olub və bu tayfanın tirələrindən biri məhz Darğalı adlanıb.

1831-ci ildə Gərnibasar mahalının Darğalı kəndində 22 təsərrüfatda 125 nəfər (69 kişi, 56 qadın) azərbaycanlı, 43 təsərrüfatda 228 nəfər (123 kişi, 105 qadın) İranın Xoy və Salmas vilayətlərindən yenicə köçürülüb gətirilmiş erməni qeydə alınıb.

Ermənilər, əsasən, kəndin aşağısında yerləşdirilib və tədricən kənd iki yerə bölünərək azərbaycanlılar yaşayan yuxarı hissəsi Yuxarı Darğalı, ermənilər məskunlaşan aşağı hissəsi Aşağı Darğalı adlanıb. Lakin kəndlər bitişik olduğundan onlar iki ayrıca kənd kimi tarixə daxil olmayıb və bütün mənbələrdə vahid Darğalı kəndi kimi qeyd edilib.

1873-cü ilin statikasında Darğalının mülkədar kəndi olduğu, Gərni çayının sol tərəfində, Araz yaxınlığında yerləşdiyi göstərilib, kənddə cəmi 4 təsərrüfatda 22 (12 kişi, 10 qadın) azərbaycanlının və 116 təsərrüfatda 767 (414 kişi, 353 qadın) erməninin yaşadığı qeyd olunub. 1886-cı ildə kənddə azərbaycanlıların sayı 6 təsərrüfatda 36 nəfərə (19 kişi, 17 qadın), ermənilərin sayı 153 təsərrüfatda 909 nəfərə (494 kişi, 415 qadın) çatıb. 1905-ci ildə kənddə 29 nəfər, 1914-cü ildə yenə də 29 azərbaycanlı yaşayıb.

1918-ci ildə erməni daşnaklarının bölgədə törətdiyi türk-müsəlman soyqırımı zamanı Darğalı kəndinin azərbaycanlı əhalisi də doğma yurdunu tərk etməyə məcbur olub. Sovet hakimiyyəti dövründə bir neçə azərbaycanlı ailəsi doğma yurda dönmək imkanı qazanıb.

Kəndin Darğalı adı 1949-cu il dekabrın 1-də dəyişdirilərək Anastasavan, 1957-ci il dekabrın 30-da isə Haygezard qoyulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir