Cəmiyyət

Filmə adam kimi baxmaq gərəkdir!

Sharing is caring!


Qan Turalı yazır…

İncəsənət nümunələrinin, xüsusən də filmlərin, serialların, romanların oxuculara necə təsir etdiyi həm sosioloji, həm də estetik bir hadisədir. Misal üçün, “Kurdlar vadisi” serialının yaradıcıları “Xaç atası” filmindən nümunə götürdüklərini, gəncləri cinayət aləmindən uzaqlaşdırmağa xidmət etdiklərini qeyd edirdilər. Ancaq reallıq onların düşündüyü kimi olmadı. Bu serial cinayətkar aləmin, mafiyanın tərənnümçüsünə çevrildi. Türkiyə dövlətinin taleyi sanki bir ovuc quldurun insafına qalmışdı. Serialdan çıxan nəticə bu idi. Əlbəttə ki, burada günah ssenaristlərin və ümumilikdə serialın yaradıcı heyətinin üzərinə düşür.

Hərçənd bu cür neqativ meyilləri olmayan seriallar belə insanlar üçün mənfi nəticələr yaradır. Misal üçün, fağır və yazıq bir kimya müəlliminin narkotik istehsalçısına çevrildiyi “Breaking bed” serialının cinayəti təbliğ etdiyini iddia etmək mümkün deyil. Ssenaristlər qəhrəmanın narkotik istehsalına başladığı gündən etibarən onun həyatının, ailəsinin necə darmadağın olduğunu, asan yolla gəlir kimi görünən narkobiznesin necə dəhşətli nəticələr yaratdığını realistcəsinə göstərə bilmişdilər. Ancaq buna baxmayaraq, serialdan ilham alıb narkotik işinə girişənlər olmuşdu. Bunu haradan bilirik? Əlbəttə ki, onlar həbs edilmişdilər və biz də media vasitəsi ilə onların acınacaqlı aqibətindən xəbər tutmuşduq.

Məşhur bir misalda deyildiyi kimi, mən sənə ulduzları göstərirəm, sən isə barmağımı görürsən. Doğrudan da anlayış qabiliyyəti qıt olan bəzi insanlar seriallardan, filmlərdən və elə adi həyatdan son dərəcə bəsit nəticələr çıxardırlar. Misal üçün, “Youtube”da bloqerlərdən birinin videolarına yazılan şərhlərə baxıram. Şərh yazanlar narkomanların sözlərindən həyat dərsləri çıxartmaq istəyir, onların dediklərini müdrikliyin təcəssümü kimi başa düşürlər. Halbuki onlar öz iradəsizliklərinin qurbanı olan, nəinki başqalarına, heç özlərinə də köməyi olmayan şəxslərdir.

Misal üçün, onların biri 90-cı illərin əvvəllərində narkotikə qurşandığını az qala fəxrlə danışır. Halbuki, o dövrdə dəhşətli müharibə baş verir və minlərlə igid oğlan şərəflə ölümə gedirdi. Ancaq belə insanlar öz narkomanlığını fəxrlə gözümüzə soxur və bəzi insanlar bu cür şəxslərdən həyat dərsi almağa can atırlar. Həmin bloqerin qeyd etdiyim niyyəti olduğunu düşünmürəm, ancaq onun videolarından belə nəticələr də çıxmaqdadır.

Ancaq sözügedən məsələdə liderliyi koreyalı 23 yaşlı qız ələ keçirdib. Belə ki, cinayət seriallarına, verilişlərinə aludə olan bu qız cinayət törətmək fikrinə düşüb. Bunun üçün də o qurban axtarışına çıxaraq bir ingilis dili müəlliməsinə özünü dərs almaq istəyən şagird kimi təqdim etmişdi. Daha sonra müəlliməni bıçaqla öldürən qız qanlı ədyalla taksiyə minir və taksi sürücüsünün polisə xəbər verməsi ilə qız ələ keçir. Onun evinin kamerasına da düşdüyü bildirilir.

Cənubi Koreyada edam cəzası qüvvədədir. Qız da edam cəzasına məhkum edilib. Filmlərin təsirinə düşüb maraq üçün qətl törətməyin cəzası bu cür müəyyən edilib. Məhkəmədə özünü psixoloji xəstə kimi qələmə versə də, müvafiq ekspertiza onun cinayəti anlaqlı şəkildə planlaşdırdığı və gerçəkləşdirdiyi barədə rəy verib. Qatilin edam-edilib edilməyəcəyi hələ tam aydın deyil. Çünki ölüm cəzası qüvvədə olsa da, Cənubi Koreyeda 1997-ci ildən bu yana ölüm cəzalarının icrasına moratorium qoyulub.

Bu və bu kimi misallardan isə bir nəticə çıxır: Filmə adam kimi baxmalı, kitabı insan kimi oxumalıyıq. Vəssalam!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir