Cəmiyyət

Xalqı birləşdirən Zəfər, əsgər andına sədaqət

Sharing is caring!

Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan tarixinə Zəfər Gününü yazdı. Bayramlarımız sırasına daha bir möhtəşəm tarixi gün əlavə olundu. Bu tarix 30 il həsrətlə gözlədiyimiz sevinci xalqımıza yaşatdı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğala son qoydu, düşmənin illərdir qurduğu istehkamları yarıb keçdi, hərbi texnikasını məhv etdi, qənimət kimi götürdü, Ermənistanı kapitulyasiyaya məcbur etdi.

Yaxşı xatirimizdədir, Azərbaycan Ordusu hər gün irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. 44 günlük müharibənin hər günü xalqın yaddaşında qələbələr ilə həkk olunub. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq.

2020-ci ilin dekabrında paytaxtımızın Azadlıq meydanında keçirilən, tariximizin ən şanlı səhifəsinin – Vətən müharibəsində parlaq Qələbənin təntənəsi olan Zəfər paradını ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə vətəndaşımız izləyib. Zəfər paradı son dövrlər daha da vüsət alan hərbi modernləşmənin uğurla həyata keçirildiyini göstərdi. Xalqımız əmin oldu ki, ən müasir döyüş imkanlarına malik olan ordumuz nəinki istənilən təxribatın qarşısını almağa, həmçinin düşmənin bütün mövqeyini anında məhv etməyə qadirdir.

Zəfər paradından bütün qoşun növlərini əhatə edən hərbçilərlə yanaşı, 150-dək hərbi texnika keçdi. Birlik, birləşmə və hərbi hissələrin xüsusi texnikaları və silah sistemlərinin keçidi zamanı nümayiş etdirilən xüsusi təyinatlı avtomobil, zirehli-tank texnikası, hava hücumundan müdafiə, artilleriya və əməliyyat taktiki raket sistemləri, pilotsuz uçuş aparatları ordumuzda aparılan modernləşmə işlərinin nümunələridir.

Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Zəfər paradında xalqımızın yaşadığı qürur yaddaşlara əbədilik həkk olundu. İndi əminliklə deyə bilərik ki, artıq tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq həll edildi. Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi.

Zəfər paradı bir daha göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq! Eşq olsun qeyrətli Vətən oğullarına!

Ceyhun Rəhimov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir