Cəmiyyət

Harada gəldi qəza işıq siqnalını yandırmaq olmaz – İZAH

Sharing is caring!


Sürücülər bəzən yeri gəldi-gəlmədi avtomobillərinin qəza işıq siqnallarını yandırırlar. Piyada keçidlərinin yaxınlığında, dayanma-durma həyata keçirərkən və sair hallarda qəza işıq siqnalları yandırılır.

Qəza işıq siqnallarının harada gəldi yandırılması isə düzgün deyil. “Yol hərəkəti haqqında” Qanunda qəza işıq siqnallarının hansı zərurətdən yandırılması halları göstərilib.

İndi onlara nəzər salaq.

Qanunun 55-ci maddəsində göstərilir ki, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır.

Burada isə məcburi dayanmanın nə olduğuna diqqət etmək lazımdır.

Məcburi dayanma texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır.

Belə fərz edək: yol gedirik, avtomobil xarab olur, texniki nasazlıq yaranır. Yaxud da sürücünün özünün və ya sərnişinin vəziyyəti pisləşir. Bundan əlavə, sürücü yük apararkən həmin yük yola dağıda bilər. Bu hallarda sürücü qəza işıq siqnalını yandırmalıdır. Təbii ki, dayanmanın qadağan edildiyi yerlərdə məcburi dayanma edilərsə.

Qəza işıq siqnalı təkcə bu hallardan başqa bir situasiya üçün də keçərlidir.

“Yol hərəkəti haqqında” Qanunun 73-cü bəndinə diqqət edək. Həmin maddənin IV hissəsində bildirilir ki, sürücünün gözü qamaşdıqda o, qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır.

Qeyd edilən bu hallardan başqa, sürücü qəza işıq siqnalını qoşa bilməz. Əks təqdirdə sürücü arxadan gələn daha diqqətli sürücünün fikrini yayındıra bilər.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir