Cəmiyyət

Məhkəmə sahəsində islahatlar hansı məqsədlərə çatmağa imkan verib? – FOTO

Sharing is caring!


Ölkəmizdə məhkəməyə əlçatımlılıq imkanının yaxşılaşdırılması, vətəndaş məmnunluğunun artırılması məqsədilə davamlı islahatlar həyata keçirilir.

Bəs, islahatlar qarşıya qoyulan məqsədlərə nail ola bilirmi?

Vəkillər Kollegiyasının üzvü, “Mirzayev and Partners Law Firm” hüquq şirkətin rəhbəri Şaiq Mirzəyev mövzu ilə bağlı e-huquq.az-a açıqlamasında deyib ki, bu gün Azərbaycanda məhkəmələrə əlçatanlıq və şəffaflıq təmin olunur.

Lakin vəkil hesab edir ki, əlçatanlıqdan sui-istifadə olunmamalıdır:

“Təəssüf ki, bu gün əsassız və açıq-aşkar perspektivsiz iddialar qaldırılır. Bu da məhkəmələrin iş yükünü artırmaqla hakimlərin səmərəli fəaliyyətinə mənfi təsir edir. Düşünürəm ki, xüsusən də kommersiya işləri üzrə məhkəməyə müraciət üçün dövlət rüsumu artırılmalıdır. Kommersiya işlərində iddialar düşünülmüş olmalıdır. Məsuliyyət iddiaçının üzərinə düşməlidir ki, həm qarşı tərəfi, həm də məhkəməni əsassız yerə məşğul etməsin”.

Ş.Mirzəyev, həmçinin məhkəmə sədrləri tərəfindən vətəndaş qəbullarının keçirilməsi məsələsinə də toxunub:

“Dünya praktikasında məhkəmə sədrləri tərəfindən vətəndaşların qəbulu praktikasına rast gəlməmişəm. Dövlət orqanlarının rəhbər şəxsləri tərəfindən vətəndaş qəbulunun həyata keçirilməsi qəbulediləndir, lakin məhkəmə sahəsində bu ənənəni qəbul etmirəm. Çünki bu dolayısıyla məhkəməyə və hakimlərə təzyiqdir. Vətəndaş sözünü məhkəmə zalında deməlidir. Bunun üçün kifayət qədər şərait yaradılıb”.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Vüqar Babayev də məhkəmələrə əlçatanlığın təmin olunduğunu deyib:

“Çox rahat və əlverişli “Elektron Məhkəmə” informasiya sistemi yaradılıb. Vətəndaşlar məhkəməyə getmədən bu sistem vasitəsilə müvafiq rüsumları ödəyərək müraciətlərini edə bilirlər. Hətta bəzi proseslər üzrə rahat şəkildə bütün yazışmaları da həyata keçirə bilirlər. Bu gün məhkəmələrdə vətəndaşların qəbulu həyata keçirilir. Onlar qəbul edilir, dinlənilir, sualları cavablandırılır. Vətəndaşları narahat edən məsələlər həll edilir. Məhkəmələrə əlçatanlıqla bağlı hər hansı problem görmürəm”.

V.Babayev bildirib ki, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində məhkəmələrdə şəffaflıq nəzərəçarpacaq dərəcədə artıb:

“Məhkəmə şəffaflığının artırılması davamlı bir prosesdir. Bunu 1 gün, 3 gün və ya 1 il ərzində təmin etmək mümükün deyil. Bu, sonsuz bir prosesdir. Lakin hesab edirəm ki, neqativ halların sayı artıq minimuma yaxınlaşır. Təbii ki, xırda nöqsanlar həmişə olur. Ümumilikdə isə məhkəmə sistemində şəffaflıq qənaətbəxş səviyyəyə yaxındır”.

Vəkillər Kollegiyasının üzvü, Mərkəz Vəkil Bürosunun müdiri Gülşən Salmanova Azərbaycanda vətəndaşların məhkəmələrə əlçatanlığını təmin etmək üçün kifayət qədər islahatlar aparıldığını söyləyib:

“Bu sahədə qanunvericiliyə mühüm dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də mülki işlər üzrə birinci və apellyasiya instansiyası məhkəmələrində dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə bağlıdır. Yəni, maddi imkanı zəif olan vətəndaş iddia ərizəsini tərtib edə bilmirsə, yaxud hər hansı mülki iş üzrə apellyasiya şikayəti tərtib edə bilmirsə, dövlət onu vəkillə təmin edir. Bu, məhkəmələrə əlçatımlığı birbaşa təmin edən amildir”.

Vəkil eyni zamanda məhkəmələr tərəfindən vətəndaşların müraciətlərinə operativ şəkildə baxıldığını bildirib:

“Müvafiq qaydada vətəndaşların müraciətləri cavablandırılır. Uzun illər təcrübəsi olan bir vəkil kimi deyə bilərəm ki, bu sahədə hər hansı çətinliklə qarşılaşmamışıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir