Cəmiyyət

Azərbaycanla İraq Respublikası arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir

Sharing is caring!

Hər ikisi müsəlman ölkəsi olan Azərbaycanla İraq Respublikası arasında illərdən bəri davam edən dostluq münasibətləri qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır. Azərbaycan və İraq  beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqelərini dəstəkləyən ölkələrdir.  Azərbaycan da,  İraq da işğaldan əziyyət çəkib.  İndi  bu vəziyyət artıq arxada qalıb. Odur ki, əməkdaşlığı genişləndirmək, yeni tərəfdaşlıq əlaqələri qurmaq üçün vaxt və imkan çoxdur.
Azərbaycanla İraq arasında əməkdaşlıq sosial-iqtisadi  sahənin bir sıra sektorlarını əhatə edəcək. İki ölkə arasında  ticarət, energetika, mədəniyyət, elm, texnika, təhsil,  turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinin inkişafı üçün əlverişli imkanlar   var.

Noyabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Prezident cənab İlham Əliyevlə geniş tərkibdə və təkbətək görüşlərində qarşılıqlı əlaqələrin tarixi əhəmiyyətindən danışılmış, ticarət, iqtisadiyyat və enerji sahələrindəki əməkdaşlıq məsələləri geniş müzakirə olunmuşdur. Görüşlərin nəticələrini mətbuata bəyanatlarında açıqlayan, qarşılıqlı etimada əsaslanan Azərbaycan- İraq münasibətlərini yüksək dəyərləndirən dövlət başçıları bu səfəri, ikitərəfli əlaqələri çox əlamətdar hadisə adlandırmışlar.

Azərbaycanın bir çox dünya ölkələri ilə olduğu kimi, İraq Respublikası ilə ikitərəfli münasibətləri uğurla inkişaf edir. 02 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımış və elə həmin ildən ölkələr arasında diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmışdır. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır.

Tarixi dövrə nəzər salsaq görərik ki, 18 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda keçirilən dünya iqtisadi forumunda iştirakı çərçivəsində İraq Kürdüstan Regional Hökumətinin başçısı M.Bərzani ilə görüşmüşdür. 2019-cu il tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində İraq Respublikasının Xarici İşlər naziri Məhəmməd Əli Əl-Hakimin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri əlaqələrin davamlığına əsaslanır. Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə sənədlərin imzalanması bu əlaqələrin təməlinin möhkəmləndirilməsinə və genişləndirilməsinə yeni prespektivlər açır. İki ölkə arasında imzalanmış Anlaşma Memorandumları və hava əlaqəsi haqqında Saziş əlaqələrin davamlığına söykənir. Səfər çərçivəsində gələcək əməkdaşlığımız üçün əsas istiqamətlər müəyyənləşdirilib.

Prezident İlham Əliyevin 20 noyabr tarixli çıxışı bütün regionun siyasi gündəmini növbəti dəfə müəyyən etdi. İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata bəyanatında dövlətimizin başçısı həssas məsələlərə konkret şəkildə aydınlıq gətirdi və xalqımızın siyasi iradəsini bir daha nümayiş etdirdi.

Ölkə başçısı öz Bəyanatında bildirib ki, “Biz Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib”. Bunun səbəbinin ermənilərə pis məsləhətlərin, xüsusilə Fransadan pis məsləhətlərin verilməsi olduğunu qeyd edən dövlətimizin başçısı bildirib: “Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır”. Prezident İlham Əliyev vurğulayıb ki, qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez cavab alsaq, bir o qədər də yaxşı olar. Əminik ki, Prezidentimizin bu mesajından Ermənistan və onun havadarları bir nəticə çıxaracaqlar.

Saleh Ağayev,

Salyan şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin tarix müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir