Cəmiyyət

Iraq Azərbaycanla əlaqələrini dərinləşdirməkdə qətiyyətlidir

Sharing is caring!

Azərbaycan və İraq  beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqelərini dəstəkləyən ölkələrdir.  Azərbaycan da,  İraq da işğaldan əziyyət çəkib.  İndi  bu vəziyyət artıq arxada qalıb. Odur ki, əməkdaşlığı genişləndirmək, yeni tərəfdaşlıq əlaqələri qurmaq üçün vaxt və imkan çoxdur. Azərbaycanla İraq arasında əməkdaşlıq sosial-iqtisadi  sahənin bir sıra sektorlarını əhatə edəcək. İki ölkə arasında  ticarət, energetika, mədəniyyət, elm, texnika, təhsil,  turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinin inkişafı üçün əlverişli imkanlar  da var. Bu, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə rəsmi səfəri zamanı keçirilən görüş və tədbirlərdə bir daha vurğulandı. Belə ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidlə təkbətək görüşü, eləcə də prezidentlərin geniş  tərkibdə görüşü keçirildi. Müxtəlif sahələrdə əlaqələrin genişlənməsi üçün perspektivlərin olması, bunun hər iki ölkəyə faydalar gətirəcəyinə inam  dövlət  başçılarının  mətbuata bəyanatlarında da öz əksini tapdı. Prezident İlham Əliyev Əbdüllətif Camal Rəşidin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində Azərbaycana səfərini və keçirdikləri görüşü məmnuniyyətlə xatırladı. İraq Prezidentinin ölkəmizə ilk dəfə rəsmi səfərə gəlməsindən məmnunluğunu bildirən cənab prezident vurğuladı ki, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. Biz BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik.

İqtisadi əməkdaşlıq məsələlərinə  gəldikdə isə dövlətimizin başçısı bildirdi ki, iki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək: “Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq. Biz müdafiə sənayesi, turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Artıq bizə bu gün nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə məlumat verildi ki, iki paytaxt arasında birinci birbaşa uçuş baş tutub. Növbəti həftələrdə bizim Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq. Biz hər iki istiqamətdə çox sayda turistlərin səyahət edəcəyini gözləyirik. Əlbəttə ki, biz vizaların verilməsi prosesini sadələşdirmək üçün növbəti hansı addımların atılmasını da müzakirə etdik. Əminəm ki, səfərin nəticələri çox yaxşı olacaq”.

İraq Prezidenti öz bəyanatında ölkəsinin iqtisadiyyatı, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi: “Biz məsuliyyətimizi iki əsas hissəyə bölmüşük. Birincisi, infrastrukturumuzu inkişaf etdirmək, ikincisi, xidmətlərimizi yenidən qurmaq. Münaqişələr, müharibələr dövründə İraqdakı bütün infrastruktur zədələnmişdi və bütün xidmətlər geri qalırdı, ona görə də biz İraqın ehtiyacı olduğunu yenidən qurmağa, inkişaf etdirməyə və möhkəmləndirməyə çalışırıq. İraqın iqtisadiyyatı yaxşıdır. Biz neft hasil edirik, bu, gündə 4-4,5 milyon barel təşkil edir. Bizim kənd təsərrüfatımız, su ehtiyatlarımız var. Düşünürəm ki, İraq iqtisadiyyatı indi yaxşı vəziyyətdədir və gələcəkdə hətta daha da yaxşı olacaq. Biz enerji, neft, kənd təsərrüfatı və digər sahələrlə bağlı çoxmillətli layihələrə start vermişik”.

İraq Prezidenti Əbdüllətif Camal Rəşid  həmçinin Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsinda əzmli olduqlarını vurğulamış, səfər çərçivəsində imzalanan sənədlərin əlaqələrimizin genişlənməsinə böyük töhfə verəcəyini bildirmişdir. İraqın ölkəmizin uğurlarına əsl dost gözü ilə baxdığını isə bu sözlərlilə çatdırmışdır: “Əldə etdiyiniz nailiyyətlər münasibətilə Sizi təbrik etmək istəyirəm. Mən təkcə Bakını görmüşəm, başqa yerləri görməmişəm. Lakin Bakıda infrastruktur, binalara və şəhərdə təşkilati məsələlərə münasibətdə gördüklərim əsasında sizi təbrik edirəm. Bu, istənilən ölkə üçün heyrətamiz bir nailiyyətdir və siz hamınız Bakıda yaşamaqdan qürur hissi duymalısınız”.

Aygün Əzizova

Salyan şəhər 2 saylı tam orta məktəbin müəllimi, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir