Cəmiyyət

35 illik “tənəffüs” bitir: Xankəndi müəlliminə artıq zəng gəlib – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Ermənilərin azərbaycanlılara qarşı etdiyi vəhşiliklər təkcə tarixin səhifələrində deyil, illərlə baxımsız, kimsəsiz qalan mədəni-maarif ocaqlarının divarlarında da həkk olunub. Bunlardan biri də 1988-ci il hadisələri başlayanda erməni müəllim, professor və tələbə heyətinin azərbaycanlı təhsil işçiləri, məktəbli və tələbələrinə qarşı işgəncəsinə, vandalizminə şahid olan Xankəndi Pedaqoji İnstitutudur.

Arayış:

Xankəndi Pedaqoji İnstitutu 1969-cu ildə Azərbaycan SSR-in Xankəndi şəhərində yaradılıb. Əvvəlcə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyət göstərib. 1973-cü ildə müstəqil ali məktəbə çevrilib. İnstitutda Azərbaycan, erməni və rus dili şöbələrində müəllim kadrları hazırlanıb.

1988-ci ildə Qarabağda baş verən erməni qiyamı zamanı institutun Azərbaycan şöbəsinin müəllim və tələbələri 1988-ci il may ayının 16-da Şuşa şəhərinə sığınmağa məcbur olublar. Bir müddət sonra 100 nəfərlik professor-müəllim kollektivi və 1200 tələbə Gəncə Pedaqoji İnstitutuna köçürülüb. Amma bir ilə yaxın Gəncədə fəaliyyət göstərən pedaqoji kollektivin təkidli tələbi ilə şöbənin Şuşaya köçürülməsi qərara alınıb. 1989-cu il oktyabrın 25-də pedaqoji kollektiv Şuşaya köçürülüb.

Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin 1 noyabr 1989-cu il tarixli əmrinə əsasən, Şuşada Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin əsasında Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPİ) Şuşa fakültəsi yaradılıb. 22 fevral 1991-ci ildə fakültənin ADPU-nun Şuşa filialına çevrilməsi ilə bağlı qərar qəbul edilib.

1992-ci ilin mart ayının 25-də filialın kollektivi müvəqqəti olaraq Ağcabədi şəhərinə köçürülüb. Daha sonra ADPU-nun Şuşa filialı 2000-ci ildə ləğv edilib və onun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı yaradılıb.

2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun ADPU-ya birləşməsi və onun filiallarının bu universitetin strukturuna çevrilməsi nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan əsas ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilib. Ağcabədi filialı yenidən ADPU-ya verilib və hazırda da filial fəaliyyətini davam etdirir.

Sentyabrın 19-da başlayan və 23 saat davam edən lokal antiterror tədbirləri zamanı Xankəndi və Qarabağın digər əraziləri qanunsuz silahlı erməni birləşmələrindən təmizləndi. Qarabağ ərazisində Azərbaycanın suverenliyinin tam təmin edilməsilə bu torpaqlara yeni nəfəs gəldi.

AzVision.az bir zamanlar Xankəndi Pedaqoji İnstitutunda müəllim, daha sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPİ) Şuşa filialının direktoru işləmiş Mail Alıcanovla həmsöhbət olub. Hazırda 85 yaşı olan M.Alıcanov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının kafedra müdiri vəzifəsində çalışır.

O, 1979-cu ilin sentyabrın 1-dən Xankəndi Pedaqoji İnstitutunda baş müəllim kimi fəaliyyətə başlayıb. İnstitutda ictimai vəzifələrdə işləyib, partiya komitəsinin katibi, xalq nəzarətinin sədri olub. Eyni zamanda ümumi tarixi kafedrasının dosenti, daha sonra müdiri vəzifəsində çalışıb.

– Xankəndi Pedaqoji İnstutunda tədris 3 dildə aparıldığı üçün azərbaycanlı tələbələr ermənilərlə bir yerdə təhsil alırdılar. O zaman beynəlmiləlçilik, qardaşlıq, xalqların dostluğu hökm sürürdü. Lakin 1988-ci ilin oktyabrın 18-də keçmiş Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrə görə SSRİ Nazirlər Kabinetinin qərarı ilə İnstitutda Azərbaycan bölməsi bağlandı. Biz o zaman Şuşaya sığındıq və orada qalmaq istəyirdik, lakin bizi Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna köçürdülər.

Xankəndi Dövlət İnstitutunda dövlət imtahanı, 1981-ci il 31 may

– Bu hadisələr barədə bir qədər ətraflı danışa bilərsiniz?

– Bizi və tələbələri hadisələrdən uzaq saxlamaq üçün Ağdamda o vaxt sosialist əməyi qəhrəmanı olan Xuraman xanımın alma bağına yığıma göndərmişdilər. 1988-ci ilin yay imtahan sessiyasını Şuşada keçirəndən sonra Xankəndiyə qayıtmaq istəsək də, qoymadılar. Dedilər ki, ya Naxçıvana, ya da Gəncəyə getməlisiniz. O zaman Naxçıvanda da vəziyyət ağır idi, blokada yaradılmışdı. Biz Gəncəyə getdik. Gəncədə bir il işləyəndən sonra eşitdik ki, erməni sektoru Xankəndidə fəaliyyətini davam etdirir. Pedaqoji kollektivimiz – fəal müəllimlərdən dosent Zəfər Hüseynov, dosent Raquf Kərimov, dosent Yusif Ağayev, hazırda BDU-nun professor olan Fazil Baxşəliyev, rəhmətlik Süleyman Zeynalov, dosent Yusif Fərzəliyev və bir çoxları ilə tələbələr arasında geniş təbliğat işi apardıq. Tələbələr də sağ olsunlar, hamı bir nəfər kimi razılaşdı və 1989-cu ilin oktyabrın 29-da Şuşaya gəldik.

O zaman Şuşanın rayon komitəsinin katibi Vaqif Cəfərov idi. Şuşada bizi çox yaxşı qarşıladılar. Tədris aparmağımız üçün müvəqqəti olaraq Şuşa Realnı Məktəbin binasını verdilər. Onu təcili təmir etdilər, müəllimləri sanatoriyada yerləşdirdilər. Eyni zamanda tələbələrin də qalmasına köməklik göstərdilər. Onda başa düşdüm ki, belə xalqı məğlub etmək olmaz.

Tələbələrə, kollektivə də bu gün minnətdaram ki, bütün çətinliklərə – Şuşanın mühasirədə olmasına, atışma getməsinə, şəraitin, təhsil binasının olmamasına baxmayaraq, bizimlə gəldilər. O zaman institutun filialının yaranması SSRİ Nazirlər Kabinetinin qərarı ilə mümkün idi. İlk növbədə Pedaqoji Universitetinin Şuşa fakültəsi, daha sonra Şuşa filialı yaradıldı. Orada Azərbaycan dili və ədəbiyyatı, tarix, riyaziyyat, ibtidai təhsilin pedaqikası və metodikası, məktəbəqədər, ümumi texniki fənlər və fizika – təxminən 7 ixtisas üzrə tələbə hazırlanırdı. Filial olduqdan sonra burada 3 fakültə yaradıldı. Tələbələrin təhsil və tərbiyəsi ilə 37 nəfər elmlər doktoru, professor, dosent məşğul olurdu.

– Xankəndi Pedaqoji İnstitutunun rektoru, prorektorları kimlər idilər?

– Rektor erməni idi. 1979-cu ildə mən gedəndə Sergey Yefromoviç Xalatryan idi, sonrakı rektorun adını unutmuşam, soyadı Sarkisyan idi. O, Lenin adına Azərbaycan Pedaqoji İnstutunun (APİ) partiya təşkilatının katibi idi.

APİ-də rektor azərbaycanlı olduğu üçün partiya təşkilatının katibi erməni olurdu. Onu təcrübəli müəllim kimi Xankəndiyə direktor göndərmişdilər. Lakin o da 1988-ci ildə bütün ermənilər kimi hadisələrə qoşulmuşdu. Erməni tələbələri nümayişə çıxarırdı, ermənicə onlara “tələsin, nümayişə gedin” deyirdi. Bütün nümayişləri onlar özləri təşkil edirdilər. Lakin prorektorlar azərbaycanlılar idilər. Onlardan biri Nəcəf Quliyev idi.

Xankəndi şəhərində partiya təşkilatının iclası: ayaqüstə duran Xankəndi Pedaqoji İnstitutunun rektoru Sergey Yefromoviç Xalatryan, onun sağında prorektor Nəcəf Quliyev, sol tərəfində isə Mail Alıcanov, 1980-ci il

– Şuşaya köçəndə vəziyyətin ağır olduğunu dediniz. Müəllim və tələbə heyətinizdən yaralanan və ölən olmadı ki?

– Şuşa hər yerdən blokadaya alınmışdı. Ağdam-Xankəndi-Şuşa yolu bağlanmışdı. Gediş-gəliş ya helikopterlə olurdu, ya da Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl-Qubadlı-Laçın yolu ilə 400 km dolanıb, Şuşaya gedirdik. 40 km yol 400 km olurdu. Bütün bunlar çox çətinliklə edilirdi. Lakin tələbələrin, pedaqoji heyətin fədakarlığı çətinlikləri unutdururdu.

Bir neçə müəllim-professoru çıxmaqla bütün pedaqoji heyət Şuşaya gəlmişdi. Onların əksəriyyəti Qarabağ zonasından – Bərdə, Ağdam, Xocalı, Ağcabədi və digər ətraf rayonlardan idi. Tələbələr bütün respublika ərazisindən olurdular, amma üstünlük Qarabağ bölgəsinə düşürdü. Başqa bölgədən – Şamaxıdan olan yeganə müəllim mən idim. Lakin o ağır günlərdə kollektivdən, torpağımdan ayrı düşmədim. O ərazilər mənim üçün doğma idi.

Xankəndidən mərmilər atılırdı. Ermənilərin təxribatı hər gün genişlənirdi. Tələbələrin qəhrəmanlığına, mətanətinə, dəyanətinə heyran oldum, vuruldum. Erməni qəsbkarlarının açdığı atəş nəticəsində filialın iki müəllimi və iki tələbəsi şəhid oldu, xeyli tələbə müxtəlif dərəcəli bədən xəsarəti aldı. Şəhid olan müəllimlər Kərkicahan üzərində vurulan təyyarədə idilər. Onlardan biri – Mürşüd Dünyaməliyev İkinci Dünya müharibəsinin iştirakçısı idi, tarzən Sadıqcanın (Mirzə Sadıq) evində qalırdı. İkinci müəllim Sara xanım idi, Almaniyada təhsilini alman dili üzrə bitirmişdi, dili təmiz bilirdi. Gənc kadr idi, nişanlanmışdı. Həyatı yarımçıq qaldı.

– Şuşa filialı yarananda neçə tələbə təhsil alırdı?

– Əyani-qiyabi şöbədə 1000-dən çox tələbə olardı. İldə 400-ə yaxın qəbul verilirdi.

– 1988-ci ildə ermənilərin toplandığını, nümayişə getdiyini qeyd etdiniz. O zaman Xankəndidə başqa nələr yaşanırdı?

– Biz o dövrdə xalqlar dostluğu ruhunda tərbiyə almışdıq. Təəssüf edirəm ki, tarixdə həmişə olduğu kimi ermənilər bu dəfə də Azərbaycanın ən ağır günlərində ona qarşı çıxdılar. Bizimlə “həmkar” olan ermənilər düşmənə çevrilmişdilər. İndi danışdıqca gözümün qarşısından lent kimi keçir. Xankəndi Pedaqoji İnstitunun qapısında tarix fakültəsinin dekanı olan dosent Süleyman Zeynalovun saçını yolmuşdular. Bizə “qardaş”, “dost” deyən bu xalqın nümayəndələri qatı düşmənə çevrilmişdilər. O zaman başa düşdüm ki, bu xalq azərbaycanlıların əsl düşmənləridir.

Erməni xisləti fəsillərdə rəngini dəyişən heyvanlar kimidir. Onlar ac olanda özlərini elə göstərirdilər ki, sanki bunlardan yaxşı yoldaş yoxdur, amma “milli məsələləri” qalxanda dəyişdilər. Hadisələrin başlamasından 8-9 ay keçərdi, Şahin Abramyan adlı erməni kafedra müdiri mənə dedi ki, ermənilərin nə etməli olması, kimə qarşı vuruşması barədə Ermənistanda qəbul edilən qərarlar 30 dəqiqədən sonra Qarabağdakı ən ucqar kənddə yaşayan erməniyə çatdırılır. Bunlar illərdən bəri hazırlanan, məqsədəuyğun plan idi. O deyirdi ki, “bu, ümummilli erməni hərəkatıdır. Heç bir erməni kənarda qala bilməz”.

Tarix ibrət dərsidir, biz doğru nəticə çıxartmağı bacarmalıyıq. Yaşasın Ali Baş Komandan və Azərbaycan Ordusu, əsgər və zabitlərimiz! Onlar bir gün ərzində erməni terrorçularını Xankəndidən çıxardılar. Bizim ana yurdumuz, torpağımız, dağlarımız, dərələrimiz azad nəfəs aldı, yağı düşməndən azad olundu. Bu gün rahat ölə bilərəm, çünki qələbəni gördüm. Bu, Azərbaycan xalqının milli qürurunun geri qaytarılmasıdır. Sevincimin həddi-hüdudu yoxdur.

Xankəndi Pedaqoji İnstitutunun azərbaycanlı müəllim heyəti Xankəndidə 1981-ci il 7 noyabr paradı

– Hadisələr başlayanda Xankəndidə yaşayan azərbaycanlılar necə sıxışdırılırdı?

– Ermənilər qruplara bölünərək, şəhərin müxtəlif hissələrində guya, söhbət etdirdilər. Əslində isə toplaşıb nəsə etməyi planlayırdılar. O zaman Xankəndidə əhalinin az qala yarısının azərbaycanlı olmasına baxmayaraq, Azərbaycan dilində bir məktəb var idi – Nizami Gəncəvi adına 4 saylı məktəb. Ermənilər də əsasən uşaqlarımızın oxuduğu bu məktəbin yolunda toplaşırdılar. Təbii ki, uşaqlar gedib-gələndə həyəcan keçirirdilər.

O zaman Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası Münasibətlər Şöbəsinin müdiri Ziya Yusifzadənin bu məsələlərlə bağlı Qarabağa gəldiyini eşitdim. Şuşaya gedib teleqram vurdum ki, məni qəbul etsin. İşdə olarkən günün ikinci yarısı dəhlizdə bir rus mənim yanımdan keçəndə dedi ki, “sabah sizi Dövlət Təhlükəsizlik Komitəsində gözləyirlər”.

Dəhlizdə də heç kim yox idi. Ziya Yusifzadənin müavini rus generalı ilə məni qəbul etdi. Xahiş etdim ki, şəhərin mərkəzində ermənilərin “yığıncağı”nın qarşısı alınsın. Dedilər, onların toplaşmağını qardaşlıq məzarlığına köçürməyə çalışacaqlar. Amma heç nə etmədilər. Ovaxtkı ölkə rəhbərliyi heç nə etmirdi.

– Bəs İnstitutda Azərbaycan bölməsi niyə bağlandı? Səbəb nə göstərilirdi?

– O zaman deyirdilər ki, Azərbaycan bölməsi Bakıda varsa, Xankəndidə də olması nəyə lazımdır? Hətta buna görə 1988-ci ilin yayında Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan bölməsinə qəbul verməmişdilər. Mərkəzi Komitənin birinci katibi Əbdürrəhman Vəzirova teleqram vurdum. Birinci dəfə bizi qəbul etməyib, elm və təhsil şöbəsinə – Rafiq Əliyevə yönəltdilər. İkinci teleqramı vurdum, bu dəfə Vəzirov məni, İnstitutun prorektorları Nəcəf Quliyevi və Yusif Ağayevi qəbul etdi. 1 saata yaxın söhbət etdik. O zaman ali məktəblərə qəbulda rüşvət olduğu üçün bizə dedi ki, “bunu yəqin, rüşvət almaq üçün edirsiniz”. Mən təklif etdim ki, qəbul Bakıda keçirilsin, amma tələbələr oxumaq üçün Xankəndiyə gəlsinlər. Bununla da Dağlıq Qarabağla Aran Qarabağın əlaqəsi kəsilməsin. Tələbələrin valideynləri övladları ilə əlaqə saxlamaq üçün Bərdə, Yevlax, Ağcabədidən və digər yerlərdən Xankəndiyə gələcək, əlaqə itməyəcək. Bu fikir ağlına batdı və təhsil nazirinə göstəriş verdi ki, Azərbaycan bölməsinə 100 nəfər qəbul verilsin. Lakin o qəbulu keçirə bilmədilər. Şovinist ruslar, erməni daşnakları imkan vermədi.

Xankəndi Pedaqoji İnstitutun qarşısı. Sağda Mail Alıcanov, solda Nəsib Şəfiyev

– Xankəndidə azərbaycanlılara qarşı hansı vəhşilikləri edirdilər?

– Fevralın 20-də iki azərbaycanlını qətlə yetirdilər. Hadisə Əsgəranın girəcəyində baş vermişdi. Bir saat sonra oradan tankların arasından keçib Xankəndiyə getmişdim. Gənclərdən birinin adı Əli idi. Onu öldürüb yandırmışdılar. Xankəndidə azərbaycanlıların evini benzin töküb yandırır, maşınlarını əzirdilər. Xankəndiyə gələn azərbaycanlıların avtobuslarını daşa basırdılar, güllələyirdilər. Nizami həkim var idi, onu döyüb elə günə salmışdılar ki, həyatını itirdi. Bunları edənlər Azərbaycanda yaşayan ermənilər idilər. O adamlar ki, onların elmi rəhbərləri azərbaycanlı akademik, professorlar olmuşdular.

– Bu hadisələrin fonunda tədris necə aparılırdı?

– O dövrdə hamı bizə kömək edirdi. APİ-nin rektoru Sərvər Aslanovun, Nizami Xuduyevin, prorektor Malik Cəbrayılovun, baş mühasib Nəsrəddin Musayevin və bir çox digər şəxsin fəaliyyəti unudulmazdır, əvəzsizdir. Onlar bizi metodik vəsaitlərlə, kitablarla təmin edirdilər. Hətta rektorun özü də Şuşaya gəlib, bizə mənəvi dəstək verirdi. Ümumxalq yardımı edilirdi.

Tələbələrimiz də hamısı bir nəfər kimi yaxşı oxuyurdular. Oğlanlarla yanaşı Azərbaycan qızlarının cəsarəti, hünəri məni heyran etmişdi. Onlar Nigar, Həcər ənənəsini nümayiş etdirirdilər.


Şuşa şəhəri 1990-ci il. Qara eynəkdə Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Sərvər Aslanov çətin günlərdə Şuşa filialının müəllimlərinin yanına gəlib.

– Tələbələrdən könüllü döyüşə gedənlər oldu?

– Şuşa elə döyüş meydanı idi. Azərbaycanlılar Xankəndidən çıxarılmış, Kərkicahan boşaldılmışdı. Şuşa döyüş mərkəzinin qərargahı idi. Hamı orada idi. Gündüz işləyib, oxuyur, gecə isə keşik çəkib, ərazini yoxlayırdılar. Kim əlindən nə gəlirsə, edirdi.

– Torpaqlar işğaldan azad olunandan sonra Şuşaya getmisiniz?

– Özüm də gözləmədən 2021-ci ilin mayında məni Şuşaya göndərdilər. Orada Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, Şuşa Realnı Məktəbin direktoru Şükür müəllimlə görüşdüm. Şuşanı gəzdim. İnstitutun yerləşdiyi gimnaziyanın ərazisinə baxdım. Şuşada bütün tarixi abidələr dağıdılmışdı, lakin gimnaziyanın binasına əl vurulmamışdı. Amma sahibsiz qaldığı üçün qapısı, pəncərəsi dağılmışdı. Şuşadan bir ovuc torpaq götürdüm. Bu torpaq mənə yeni nəfəs, can verdi. Sevincimin həddi-hüdudu yox idi.

– Təklif gəlsə, Xankəndiyə gedib yenidən orada işləyərsiniz?

– Xankəndinin bir gündə azad edilməsi ilə mən dünyanın ən xoşbəxti oldum. Artıq Xankəndiyə qayıtmaq barədə mənə zəng olunub. Ailəmlə birlikdə qayıtmaq barədə razılıq vermişik, sənədlərimizi təqdim etmişik. Bir nəfər kimi biz Qarabağa qayıdacağıq. İşləsəm də, işləməsəm də orada yaşayacağam.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir