Cəmiyyət

Azad fikrin tribunası, yoxsa yalan xəbər və fırıldaq yuvası?

Sharing is caring!


Qan Turalı yazır…

Sosial medianın varlığı günü-gündən daha böyük təhlükəyə çevrilməkdədir. Bir zamanlar azad fikrin tribunası olmağa iddia edən sosial şəbəkələr indi hər cür yalan xəbər və fırıldaqçılığın ünvanına çevrilib.

Misal üçün, dünən KİV-də dərc edilən bir xəbər “X” sosial şəbəkəsində İsrail-Həmas müharibəsindən saxta, uydurma və bəzi hallarda isə süni zəka tərəfindən yaradılan xəbərlərin mütəmadi şəkildə yayılmasından və bu xəbəri yayanların böyük məbləğdə pullar qazanmasından bəhs edirdi. Bu şəxslərdən biri olan 24 yaşlı amerikalı Hankle genetikanın elm olmaması, Volodimir Zelenskinin narkoman olması ilə bağlı məlumatlar yayır. İsrailin ən məşhur mətbu orqanı olan “Haaretz”ə istinadən bir xəbəri bölüşür, ancaq qəzet belə bir xəbər yaymadığını bəyan etsə də, beş milyon şəxs tərəfindən oxunulmuş xəbər hələ də “X” platformasında qalmaqda davam edir. 

Bütün bunlar “X” və digər sosial şəbəkələrin yalan xəbərlərin yayılması istiqamətində heç bir addım atmadıqlarını, atsalar belə bu addımların heç bir effekt vermədiyini əyani şəkildə ortaya qoyur. 

Problemlər çoxşaxəlidir və təkcə yalan xəbərlərlə məhdudlaşmır. Misal üçün, ABŞ-dən olan bir sosial media fenomeni 300 şəxsə pulsuz “Play Station” verəcəyini vəd edib, Nyu-Yorkun ən işlək metro stansiyalarından birinin ətrafına toplanan kütləni nəzarət altına almaq üçün 1000 polis hadisə yerinə cəlb olunmuşdu. Polislə qarşıdurma nəticəsində kütləni dağıtmaq mümkün oldu. Sosial media fenomeni və onlarla şəxs bu insidentə görə həbs edildi. Göründüyü kimi bu cür yalan çağırışlar ölkə təhlükəsizliyini də ciddi şəkildə təhdid edir. 

Azərbaycandakı vəziyyət heç də fərqli deyil, hətta daha acınacaqlıdır. Misal üçün, dünən “Facebook”a nəzər salarkən cəmi iki dəqiqə ərzində qarşıma üç saxta reklam çıxdı. Bir reklam Azərbaycanın populyar bankalarından birinin ad günü ilə bağlı 200 manatlıq hədiyyə verdiyindən bəhs edirdi. Digərində hansısa bir tətbiqin milyonlarla pul qazandırdığını deyirdi. Üçüncü reklam isə təklif olunan içkidən hər gün 50 qram qəbul edildiyi halda ayda 20 kiloqramdan artıq çəki atmağı vəd edirdi. 

Fakt budur ki, sosial media şirkətləri bu cür yalan, aldadıcı xəbərlər qarşısında heç bir varlıq göstərə bilmir, ancaq bu cür xəbərlərdən pul qazanmağa davam edirlər. Halbuki bu cür xəbərlərin yayılmasının qarşısının alınması üçün adekvat tədbirlər görülməlidir. Sosial media şirkətlərinə verilən reklamlar müqabilində yayımlanan bu reklamlar nəticəsində milyonlarla insan tələyə düşür.

Sözsüz ki, hər zaman fırıldaqçılar hüquq-mühafizə orqanlarından bir addım irəlidə olurlar, bu, məsələnin mahiyyətindən doğur. Belə ki, onlar yeni bir fırıldaq növü kəşf edir, həmin yeni fırıldaqçılıq ifşa edilənə qədər öz işlərini davam etdirirlər. İfşadan sonra isə yeni bir növ tapılır və o işlək vəziyyətə gətirilir. Ancaq bir neçə ildir sosial şəbəkələrdə yayılan fırıldaqçılıq, yalan və aldadıcı xəbərlərlə bağlı heç bir metod tapılmaması, bu cür xəbərlərin qarşısının heç cür alına bilməməsi sosial media şirkətlərinin bu hallarla mübarizədə könülsüz olduğunu ortaya qoyur. 

Ümid isə ancaq özümüzə qalır. Özümüz ayıq olmalı və bu cür fırıldaqçıların tələsinə düşməməliyik. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir