Cəmiyyət

Uşaqları peyvənd etdirməyən valideynlərin məsuliyyətə cəlb olunacağını deyən sektor müdirindən AÇIQLAMA

Sharing is caring!


Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalovanın “Uşaq hüquqlarının tribunası” mövzusunda keçirilən tədbirdə hələ də övladını müayinəyə aparmayan, peyvənddən yayındıran valideynlər var deyərək, uşaqlarını vaxtında müayinəyə, peyvəndə gətirməyən valideynlərin məsuliyyətə cəlb olunması və onlarla danışıqların aparılması ilə bağlı fikri müzakirələrə səbəb olub. 

Valideynlər bu fikri birmənalı qarşılamayıblar və sırf peyvənd məsələsinə etibar etmədikləri üçün uşaqlarının sağlamlığına qarşı laqeyd yanaşdıqları iddialarını qəbul etməyiblər. Bu barədə sosial şəbəkələrdə kifayət qədər paylaşımlara rast gəlinir. 

Ümumiyyətlə, peyvəndlərin vaxtında və təyinatı üzrə vurulması tibb işçiləri tərəfindən məlumatlandırıcı xarakterdə valideynlərə bildirilə bilər. Nəticədə peyvəndlərin uşaqlara vurulub-vurulmamasına dair yekun qərar valideynlərin seçiminə buraxılır. 

“Uşaqlarını vaxtında müayinəyə, peyvəndə gətirməyən valideynlərin məsuliyyətə cəlb olunması” fikri qanunla doğrudurmu? Tibb işçisi bu fikri əsas gətirərək valideynlərlə danışıqlar aparılıb onların buna görə məsuliyyətə cəlb edilməsi lazım olduğunu irəli sürə bilərmi? Bu valideynlərin və uşaqların seçim hüququnu əlindən almırmı? Peyvəndlər könüllü olmalıdır, yoxsa məcburi?

Məsələ ilə bağlı Oxu.Az-a danışan Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova bildirib ki, söhbət hələ də övladını müayinəyə aparmayan, peyvənddən yayındıran valideynlər barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsində qeyd edilən məsuliyyətdən gedir:

“Valideynlərin məsuliyyətə cəlb olunacağını deyərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 214-cü maddəsində qeyd edilən məqamlar nəzərdə tutulur. Həmin qanun uşaqların icbari dispanserizasiyası haqqında qanunvericiliyin pozulması barədə məqamları özündə ehtiva edir. Peyvənd bu maddənin bir hissəsidir və həmin maddə də qeyd edilən digər hallarda da bu məsuliyyətə cəlb olunma qüvvədə qalır. Valideynlərin uşaqlarını vaxtında müayinəyə, peyvəndə gətirməsi ilə bağlı onlarla danışıqlar aparılsın. Bu istiqamətdə maarifləndirmə tədbirlərinə ehtiyac var. Bu kimi hallar israrla təkrarlandığı halda isə qanunla həmin valideynlərin məsuliyyətə cəlb edilməsi təmin edilməlidir”.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 214-cü maddəsində uşaqların icbari dispanserizasiyası haqqında qanunvericiliyin pozulmasından danışılır. Belə ki, həmin maddəyə əsasən:

“214.1. Uşağın qanuni nümayəndəsi tərəfindən dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsinə və ya həkimin çağırışı ilə uşağın aidiyyəti tibb müəssisəsinə gətirilməməsinə və ya daimi yaşayış yerini dəyişdikdə, ərazi üzrə tibb müəssisəsinə uşağın uçota alınması üçün bir ay müddətində müraciət edilməməsinə görə – xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.

214.2. Dispanserizasiya tədbirlərinin keçirilməsi ilə əlaqədar uşaqların illik tibbi baxışdan və zəruri müayinələrdən keçirilməməsinə, uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməməsinə və qiymətləndirilməməsinə və ya hər uşaqla bağlı aparılmış müayinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin registrinin aparılmamasına, yaxud uşaqlar arasında xəstəliklərin səbəbləri aşkar edildikdən sonra onların aradan qaldırılması üzrə sosial, sanitariya-gigiyena, epidemiya əleyhinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməməsinə, yaxud xəstə və xəstələnmə riski olan uşaqların tibbi-sosial müəssisələrdə yerləşdirilməməsinə görə – fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində cərimə edilir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir