Cəmiyyət

Dövlət qurumları adından kiberdələduzluq: Məsuliyyət tələyə düşəndədir? – FOTO

Sharing is caring!


Son zamanlar dövlət qurumlarının (eləcə də, kommersiya banklarının) adı ilə dələduzluq halları artıb. İnsanlar çox zaman qurumlara/banklara etibar etdiklərinə görə tələyə düşürlər. Nəticədə, həm vətəndaşlar aldadılırlar, bəzi hallarda onların vəsaitləri mənimsənilir, həm də müxtəlif qurumların elektron xidmətlərinə inam azalır.

Təbii olaraq, polisə müraciət edildikdə, müvafiq şəkildə araşdırma aparılır, tədbir görülür. Bəs qurumlar (banklar) özləri belə halların qarşısını almaq üçün hansı addımlar atırlar? Biz yalnız məlumat yayıldığını, insanlara xəbərdarlıq edildiyini görürük. Dələduzluğa yol verənlərin tapılması, cəmiyyətə elan edilməsi, belə faktların təkrarlanmaması və s. haqqında qurumların konkret addımları və planı varmı?

Məsələ ilə əlaqədar Oxu.Az-a danışan Mərkəzi Bankın Mətbuat Xidmətinin rəhbəri Namiq Əliyev qeyd edib ki, rəqəmsal ödənişlər üzrə dələduzluq hallarının aşkarlanması istiqamətində qurumlararası davamlı informasiya mübadiləsi aparılır:

“Əldə olunan məlumatların operativ təhlil edilərək preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə Mərkəzi Bankda hüquq-mühafizə orqanları, aidiyyəti dövlət qurumları və bank sektorunun nümayəndələrindən ibarət xüsusi işçi qrupu fəaliyyət göstərir.

Banklar tərəfindən müəyyən edilən dələduzluq halları ilə bağlı məlumatlar sözügedən işçi qrupunda təmsil olunan hüquq-mühafizə orqanlarının, eləcə də digər müvafiq dövlət qurumlarının nümayəndələrinə təqdim olunduqdan sonra aidiyyəti qurumlar tərəfindən dələduzluq fəaliyyəti ilə məşğul olan şəxslərin araşdırılması, aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri işlər həyata keçirilir”.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) aparıcı iqtisadçısı Aytac İsmayılova isə bildirib ki, Assosiasiya tərəfindən “Rəqəmsal Ödənişlər sahəsində 2023-cü il üzrə maliyyə savadlılığına dair Fəaliyyət Planı” əsasında geniş kampaniya başladılıb. Bu çərçivədə televiziya və radiolarda müxtəlif materialların yayımı həyata keçirilir:

“Hazırda kampaniya üzrə videoların çəkilişi davam edir. Bununla yanaşı, ABA nəzdində bir sıra bankların bu sahə ilə məşğul olan nümayəndələrindən ibarət Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu yaradılıb. Ekspertlərin birgə müzakirələri nəticəsində “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizənin təşkili prinsipləri” adlı tövsiyə xarakterli sənəd hazırlanıb. Bu sənəd də banklara təqdim edilib”.

Ötən günlərdə adından dələduzluq məqsədli mesajlar yayılan bir qurum da məhz “Azərpoçt” MMC idi. Belə ki, vətəndaşlara “Azərpoçt”un adı ilə SMS göndərilib, “bağlamanız anbardadır, ünvan məlumatları olmadığından çatdırıla bilmir” məzmunlu saxta məlumat ötürülürdü. “Azərpoçt” MMC isə bu mesajların saxta olduğu, dələduzlar tərəfindən göndərildiyi haqqında açıqlama yaymışdı.

MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Afaq İbrahimova Oxu.Az-a açıqlamasında qeyd edib ki, qurumun özündə də yayılan dələduzluq halları ilə əlaqədar məsələ qaldırılıb, müzakirələr, məsləhətləşmələr aparılır:

“Təəssüf ki, burada qurumların və yaxud məhsul sahiblərinin üzərinə düşən xüsusi bir çıxış yolu yoxdur. Yəni hansısa identifikasiya kodu, ikili təsdiqləmə proseduru və s. kimi önəmli təhlükəsizlik tədbirləri mövcuddur. Daimi maarifləndirmə də “Azərpoçt” və demək olar, bütün aidiyyəti qurumlar tərəfindən həyata keçirilir. Ona görə yenə də əsas məsuliyyət vətəndaşların üzərinə düşür ki, onlar aldanmamaq üçün ayıq-sayıq olmalıdırlar.

Bütün vasitələrlə maarifləndirməni davam etdiririk, vətəndaşları dələduzlara inanmamağa, etibarlı informasiyaları müəyyən etmək üçün açıqlamalarımızı izləməyə çağırırıq”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir