Cəmiyyət

Deputat: “Mən cavab verəndə yazırlar ki, Etibar Əliyev nə vaxt tərbiyələnəcək?!” – FOTO

Sharing is caring!


Milli Məclisin deputat Etibar Əliyev ölkədə repetitorluğun artması barədə və haqqında təhqiredici sözlərin yazılması ilə bağlı açıqlama verib.

Bu barədə deputat Oxu.Az-a danışıb.

Onun sözlərinə görə, ötən gün parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxışındakı fikirlərində haqlıdır:

“Məktəbdə təhsillə bərabər, tərbiyə mühiti də var. Şagirdlərin təhsil ocağından yayınması neqativ vərdişlərə meyilləri artırır. Əlavə olaraq, bağça və məktəbəqədər təhsilə rayonlarda pul ayrılmaması barədə danışdım”.

E.Əliyev sədr Sahibə Qafarovanın fikirlərinə iradı barədə də danışıb:

“Sahibə xanım da haqlıdır. Təbii ki, yeni tikilən məktəb binalarının özü inkişaf göstəricisidir. Sadəcə, mənim qaldırdığım mövzu uşaqların dərsdən yayınması və ciddi fəsadların olması ilə bağlı idi”.

Deputat bildirib ki, son zamanlar bəzi sayt və sosial şəbəkələrdə onun haqqında təhqiredici sözlər yazılır:

“Çalışırlar ki, onların maraq dairəsindən kənarda olan şəxsləri məsxərəyə qoysunlar. Mən mətni paylaşıb, təhrif olunduğunu yazmışam. Onlar mənim çıxışımı kənara qoyub, yeni mətn yazıblar.

Mən də sual vermişəm ki, niyə təhrif etmisiniz? Mənə əks-hücuma keçirlər və montaj olunmuş görüntülər yayırlar ki, Etibar Əliyev mətni üzündən oxuya bilmir. Mən aliməm, ondan çox kitabım var. Eyni zamanda, sosial şəbəkələrdə məni təhqir edirlər. Mən onlara cavab verəndə: “Etibar Əliyev nə vaxt tərbiyələnəcək?!” – deyirlər.

Mənim tərbiyəyə aid pedaqoji traktatım var. Məni təhqir edən öz əxlaqına bələddirmi? O cür yazılan məlumatları mənim seçicilərim, nəvəm oxuyur. Nəvəmin sinif yoldaşları o cür yazıları məktəbdə ona deyirlər. Bu, düzgün deyil axı. Məqsəd məni qaralamaqdır. Mən bununla bağlı hüquqi müstəvidə addımlar atacağam”.

Qeyd edək ki, deputat ötən gün parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib ki, ölkədə kölgə təhsili, repetitorluq artıb:

“Hər valideynin övladına xərclədiyi pul dövlətin bir neçə şagirdə xərclədiyindən daha çoxdur. Şagirdlərin dərsdən yayınması gələcəkdə fəsadlara gətirib çıxaracaq”.

Sədr Sahibə Qafarova isə deputatın fikirlərinə irad bildirib:

“Yaxşı ki, söz demək üçün reqlament 15 dəqiqə verməmişik. Siz elə danışdınız ki, elə bil ölkədə təhsil yoxdur. Axı belə deyil. Heç olmasa, tikilən yeni binalardan deyin, islahatlardan danışın. Özünüz təhsildən gəlmiş adamsınız. Bilirsiniz ki, təhsil sahəsində islahatlar bir ilə, iki ilə nəticə verə bilməz”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir