Cəmiyyət

130 kiloqram çəki, günə altı litrə qədər süd – Laçındakı müasir keçi fermasından + FOTOREPORTAJ

Sharing is caring!


Hər zaman ət, süd və yun istehsalına görə öndə gedən rayonlarımızdan olmuş Laçında heyvandarlıqla bağlı ənənələr bərpa edilir.

Bu baxımdan 1 ilə yaxındır ki, rayonun Zerti kəndində yaradılmış Heyvandarlıq Seleksiya Mərkəzi xüsusi rol oynayır.

Müasir standartlara cavab verən, lazımi infrastruktura malik, hər birinin ölçüsü 240 kvadratmetr olan 5 saxlancdan ibarət Mərkəzdə xırdabuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması, onların sayının artırılması üçün müxtəlif növ keçilər və qoyunlar saxlanılır.

Əsasən Laçın sakinləri olmaqla 15 nəfərin daimi çalışdığı Mərkəzin işi ilə bizi sahə üzrə nəzarətçi Əli Cəmilzadə tanış edir. Onun sözlərinə görə, buradakı keçilər müxtəlif ölkələrdən gətirilib. Hazırda yerli şəraitə uyğunlaşma dövründə olan heyvanlardan gələcəkdə ətlik-südlük və yun çıxımı daha yüksək olan cinslərin əldə edilməsi planlaşdırılır.

“Əsas məqsəd müxtəlif növ heyvanların seleksiyasını təşkil etməkdir. Hazırda mərkəzdə 31 baş keçi saxlanılır. Bunun da 5-i xaricdən gətirilmiş Hələb, Honanlı, Alpin, Klis və Saanen tipli cins heyvanlardır. Onların hər birinin öz xüsusiyyətləri var. Məsələn, Hələb keçisi xarici görünüşünə görə digərlərindən kəskin fərqlənir. Onun vətəni başda Suriya olmaqla Şərq ölkələridir. Ona görə də Hələb keçisi eyni zamanda Şam keçisi, Dəməşq keçisi kimi tanınır. Keçi 50-dən çox ölkədə yayılıb, isti iqlimə dözümlü olduğu üçün təsərrüfatlarda baş sayı getdikcə artır. Hələb keçisinin erkək növünün (təkə) hündürlüyü 1 metrə, çəkisi 130 kiloqrama qədər, dişi növünün isə hündürlüyü 75 sm-ə qədər, çəkisi isə 85-95 kiloqrama qədər olur. Bu keçinin yeni doğulan balası isə 5 kiloqram ağırlığında olur. Ətlik-südlük cins olsa da onun südünə daha çox üstünlük verilir. Hər cür iqlim şəraitinə tez uyğunlaşan, sürü halında asan idarə olunan bu heyvanları gündə iki dəfə sağmaq mümkündür. Keçinin baş sayı artdıqda texnoloji üsulla sağımın tətbiqi qaçılmaz olur. Fermerlər deyir ki, otarılma ilə yanaşı, qüvvəli yem verilərsə, gün ərzində 3-6 litr süd sağmaq mümkündür. Ümumiyyətlə isə həm Hələb keçisi, həm də digər keçilər məhsuldarlığı ilə seçilir. Onların südü çox proteinli olur”, – deyə nəzarətçi qeyd edir.

Cənubi Qafqazda qoyunçuluğun beşiyi Azərbaycan sayılır. Odur ki, Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzində həm də 15 növ xarici cinsdən olan 75 baş qoyun saxlanılır. Ə.Cəmilzadə deyir ki, mərkəzdə Fransa, Cənubi Afrika, Rusiya və Türkiyədən gətirilmiş qoyunlar var:

“Məsələn, Türkiyə sortu olan Anadolu Merinosu əsasən iplik üçün nəzərdə tutulur. Həmçinin bu sort ətlik istiqaməti üzrə də yüksək potensiala malikdir. Azərbaycanda xalq seleksiyası yolu ilə çoxlu qiymətli qoyun cinslərinin genefondları yaradılıb. Həmin cinslərdən Mil-Qarabağ, Abşeron, Qaradolaq, Balbas, Mazex, Bozax, Şirvan, Gödək, Ləzgi, Caro, Azərbaycan dağ merinosu və Pirəsoranı göstərmək olar. Amma xaricdən gətirilən heyvanların məhsuldarlığı çoxdur. Buna görə də bu cinslərə tələbat var. Bu mərkəzdə yetişdirilən xırdabuynuzlu heyvanlar Laçının yenidən heyvandarlıq mərkəzi kimi tanınmasına töhfə verəcək. Laçının otlaqları və suları boldur, bunlar heyvandarlığın inkişafına imkan verəcək”.

Ə.Kərimzadə Laçında həyatın yenidən qaynamasına çox sevinir. “Laçın mənim valideynlərimin yurdudur. Uşaqlıqdan Laçın həsrəti ilə böyümüşəm. Burada xidmət göstərmək və bu böyük quruculuğun bir parçası olmaq çox sevindiricidir. Laçın möhtəşəmliyini geri qaytarır”, – müsahibim fikrini tamamlayır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir