Cəmiyyət

Zibillik poliqonuna çevrilən təbii sərvətimiz: Ağdamdakı İstisu niyə təmizlənmir? – FOTO

Sharing is caring!


Ağdamda İstisu adlanan yer rayonun Mirəşelli kəndi ərazisində yerləşir. Burada qaynar duzlu su fontan verir. Sakinlər suyun müalicəvi əhəmiyyətinə inanır, hətta dəri xəstəliklərinin müalicəsinə faydası dəydiyini də deyirlər. Buna görə də, sakinlər vaxtaşırı bura gəlib yaranmış gölməçələrdə yuyunur və özləri ilə su da götürürlər.  

Fontanın ətrafında vəziyyət heç də ürəkaçan deyil 

Belə ki, quyunun ərazisində yerləşən zibil poliqonuna atılan tullantılar su ilə qarışıb. Bu səbəbdən su nəinki müalicə üçün yararlıdır, əksinə, əlavə xəstəliklərə yol açır desək, yanılmarıq. Quyudan qaynayan su uşaq bezi, köhnə paltarlar və digər qida tullantılarının içərisindən süzülərək gölməçələrə tökülür.  

Kəndin ərazi nümayəndəsi Məhərrəm Quliyev fontanın ətrafında uzun illərdir zibilliyin olmasını təsdiqləyib. O, bildirib ki, burada geoloji kəşfiyyat işləri aparılmamışdan əvvəl də zibil poliqonu mövcud olub. İndi olduğu kimi insanlar qoşqularla, arabalarla öz tullantılarını bura töküblər: 

“Təxminən 1986-87-ci illərdə neft axtarmaq məqsədilə kənd ərazisində iki belə quyu qazılıb. Hər ikisindən qaynar duzlu su çıxıb. Sonralar quyunun biri doldurulsa da, sözügedən quyuda fontanın təzyiqi güclü olduğu üçün dəmir qurğu ilə quyunun ağzı bağlanıb”.  

Ərazilərin çirkabdan təmizlənməsi məsələsinə gəldikdə isə kənd rəsmisi M.Quliyev sözügedən ərazinin bələdiyyənin balansında olduğunu diqqətə çatdırıb. 

Bütün bunlar vəsait tələb edir 

Kəndin bələdiyyə sədri Fəxrəddin Allahverdiyev də mövcud vəziyyətdən xəbərdar olduğunu bildirib. Lakin ərazidən zibilin daşınması üçün heç bir vəsaitin olmadığını deyib və qeyd edib ki, bura qanuni zibil poliqonu deyil: 

“Oranın təmizlənib daşınması üçün ekskavator, yük maşınları və işçilər lazımdır. Bizdə isə tələb olunan qədər vəsait yoxdur”, – deyə sədr əlavə edib.  

Uzun illərdir həllini tapmayan problem maddi-texniki vəsaitdən asılıdır. İstisunu təbii sərvət hesab etmək olar. Ona görə də, ərazinin tullantılardan təmizlənməsi xüsusi əhəmiyyət kəsb edir.
Ümid edirik ki, İstisunun ərazisi yaxın vaxtlarda tullantılardan təmizlənəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir