Cəmiyyət

Təmiz havası, gözəl təbiəti və büllur suları ilə göz oxşayan Laçın yaylağından REPORTAJ – FOTO

Sharing is caring!


Təmiz havası, gözəl təbiəti və büllur suları ilə göz oxşayan Laçın yaylaqları həm də münbit ot örtüyünə malikdir.

AZƏRTAC Laçın yaylağından reportaj hazırlayıb.

Uzun illər yurd-yuvalarından uzaq düşən laçınlılar, indi o yaylaqlara qayıdıblar. Təkcə bu il yüzlərlə təsərrüfat Laçın yaylaqlarından bəhrələnə bilib. Yay boyu yaylaqda olan bir çox təsərrüfat artıq qışlağa qayıdıb. Amma yaylaqda son günlərini keçirən təsərrüfatlar da hələ də var.

Dan yeri sökülür. Hava işıqlansa da, dağların tam ortasında yerləşən alaçığa hələ gün şüaları düşmür. Lakin təsərrüfat sahibləri oyaqdırlar. Kiçik alaçıqdan çıxan odun sobasının tüstüsü ətrafa yayılır. Artıq vaxtdır, səhər yeməyini yeyib tez bir vaxtda sürüləri dağ ətəyinə çıxarmaq lazımdır. Bu il Laçın yaylağına gələn laçınlılardan biri də Əliyevlər ailəsidir. Ata və iki oğul birlikdə gəliblər. 500-ə yaxın xırdabuynuzlu heyvan çıxarıblar yaylağa. Sürünün qoruyucuları olan köpəklər də yaylaqdadır. Üç aydan çoxdur ki, Malıbəy kəndinin yaylağında yerləşiblər. Heyvan sürülərini isə növbə ilə otarırlar. Onlara bu işdə boz at da köməyə gəlir. Babək Əliyev bildirir ki, Laçından çıxanda 5 yaşı olub. Ailəsi ilə birlikdə 30 ilə yaxın müddətdə Laçın həsrəti ilə yaşayıb.

“Laçının gözəllikləri barədə atamdan, anamdan eşitdiklərimi hər zaman gözlərim önündə canlandırırdım. Gəlib buraları görəndə anladım ki, Laçın təsvir etdiyimdən də gözəl yerdir. Bu yerlərə Ali Baş Komandan və müzəffər ordumuzun gücü sayəsində qovuşduq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimiz tezliklə şəfasın tapsın. Bu günləri bizlərə bəxş edən onlardır”, – deyən Babək bir anlıq susur.

Onunla söhbət zamanı məlum olur ki, yaylağa 500-ə yaxın xırdabuynuzlu, 20-yə yaxın iribuynuzlu heyvan gətiriblər. “Bu yerlərin ot örtüyü, havası təsərrüfata çox müsbət təsir edir. Ötən illərdə sürüləri digər dağlıq ərazilərə aparırdıq. Düzdür, o yerlərin də faydası olurdu təsərrüfata, lakin Laçın yaylaqları başqadır. Bu yerlərin ot örtüyü, havası, dağ çayları təsərrüfata çox xeyir edir. Təkcə 3 ayda 250-ə yaxın bala almışıq. Artıq yaylaqlarda son günlərimizdir. Təsərrüfatların çoxu artıq qışlağa qayıdıb. Biz də yaxın günlərdə geri dönəcəyik”, – o əlavə edir.

Alaçıqdan baxdıqda dörd bir tərəfdə dağlar göz oxşayır, sürülər də həmin dağların münbit ot örtüyündən qidalanır. Bəli, artıq hava qaralmağa başlayır. Ata və oğul növbə ilə sürünü yatağa gətirmək üçün dağa yollanır. Bala verən qoyunlar və quzular ayrı-ayrılıqda yatağa gətirilir. Alaçıqda keçən zəhmət tələb edən günün ən maraqlı hissəsi axşam yeməyi vaxtıdır. Çəpiş kəsilir, ocaq yandırılır, ağacdan düzəldilən şişlərdə kabablar köz üzərinə düzülür. Yerdən qurulan manqalda təkcə kabab bişmir, dağların büllur suyundan dəmlənən çay da elə bu ocağın istisi ilə qızır.

Beləcə, artıq ətrafı zil qaranlıq bürüyüb. Yemək yeyildikdən sonra təsərrüfata baxış keçirilir. Hər şey qaydasındadır. İndi isə dincəlmək vaxtıdır. Axı sabah təsərrüfat geri qayıtmalıdır. Çobanların sadiq dostları olan köpəklər isə hər zaman olduğu kimi, yenə də sürünün keşiyini çəkir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir