Cəmiyyət

“Sovetski”də işlər niyə yarımçıq qalıb?

Sharing is caring!


“Sovetski” ərazisindəki Mərkəzi Parkın davamının nə vaxt salınacağı ilə bağlı məsələ öz aktuallığını saxlamaqdadır. Söhbət Abdulla Şaiq küçəsi ilə Təzəpir məscidi arasındakı ərazidən gedir. Uçuq-sökük mənzərəsi ilə seçilən boş sahə sahibsiz itlərin, narkomanların və küləyin gətirdiyi məişət tullantılarının məskəninə çevrilib. 

Bakının simasını və panoramını əks etdirən ərazinin nə zaman abadlaşdırılacağı və boş sahədə tək-tük qalan gecəqonduların söküləcəyi hələ də sual doğurur. 

Qeyd edək ki, məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Elnur Tağıyev Bizim.media-ya açıqlamasında bildirib ki, abadlaşdırma işlərinə başlanılması Maliyyə Nazirliyindən asılıdır. 

Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyevin sözlərinə görə, Bakı şəhərinin Baş Planına uyğun olaraq Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin, o cümlədən evlərin satın alınması, köçürülməsi Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli Qərarı ilə əsas orqan kimi Yasamal Rayon İcra Hakimiyyətinə həvalə olunub.

“Ona görə də Maliyyə Nazirliyinə yox, aidiyyəti üzrə Yasamal RİH-ə müraciət etməyinizi tövsiyə edirik. Bu proseslər Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq qaydada təşkil edilmiş “Daşınmaz əmlakın alınması qrupu” vasitəsilə həyata keçirilir”, – deyə Mayis Piriyev əlavə edib. 

Xatırladaq ki, Prezident İlham Əliyevin “Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 4 avqust tarixli, eləcə də “Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında” 2016-cı il 5 avqust tarixli sərəncamları var. 

Həmin sərəncamlara əsasən, “Təzəpir məscidi kompleksini ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri” layihəsinin II mərhələsi tam yekunlaşdırılsa da, Abdulla Şaiq küçəsi ilə Təzəpir məscidi arasındakı ərazidə işlər hələ yarımçıq qalıb.

Hətta Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri də tam yekunlaşmayıb. 

Onu da bildirək ki, ölkə başçısının göstərişlərinə əsasən, ümumilikdə 26 hektar ərazini əhatə edən keçmiş “Sovetski” adlanan ərazidə abadlıq və yenidənqurma işlərinə 2013-cü ilin noyabr ayında start verilib və işlər mərhələli şəkildə icra olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir