Cəmiyyət

Ötən il iki mindən çox qadında süd vəzisi xərçəngi aşkarlanıb – Xəstəliyi necə önləməli? – AÇIQLAMA + FOTO

Sharing is caring!


Azərbaycanda ötən il iki mindən çox qadında süd vəzisi xərçəngi aşkar edilib. Onların da əksəriyyəti erkən süd vəzisi xərçəngi diaqnozu qoyulanlar olub.

Son beş-on il ərzində qeydə alınan göstəricilərə baxsaq, süd vəzisi xərçənginin gəncləşməsi ciddi narahatlıq doğurur. Bu günə qədər dünya ölkələrində səhiyyə sistemləri onkoloji xəstəliklərin yaranmasını araşdırırlar. Lakin hələ də bu xəstəliyin nədən və niyə yarandığına dair yekun, təsdiq edilmiş elmi araşdırma, tədqiqat yoxdur.

İnsanlar özlərini nədən, necə, hansı formada qorumalıdırlar ki, bu xəstəlikdən əziyyət çəkməsinlər?

Xəstəliyi yaradan, sürətlə artımına səbəb olan üç əsas amil nələrdir? Onkologiyadan əziyyət çəkən pasiyentlər nə üçün müalicə məqsədilə ölkə xaricinə axın edirlər? Bunun əsas səbəbi nədir?

Oxu.Az-ın mövzu ilə bağlı suallarını Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli cavablandırıb.

İnsanlar arasında xəstəliklər barədə maarifləndirmə işləri çox aşağı səviyyədədir

Həkim-onkoloq Azad Kərimlinin sözlərinə görə, bu, tək onkoloji xəstəliklər üzrə deyil, bütün digər xəstəliklər üçün də keçərlidir:

“Maarifləndirmə yoxdur. İnsanlar məlumatlı olmadıqları üçün ilk simptomlarda həkimə getmirlər. Onkoloji xəstəliklər barədə insanlar arasında o qədər qorxulu fikirlər formalaşdırıblar ki, insanlar hətta müayinə üçün müəssisəyə gəlmək istəmirlər. Onkoloji xəstəliyin adı gələndə elə bilirlər ki, həyatın sonudur. Əslində, elə deyil. Xəstəliyin birinci, ikinci mərhələsində müalicə başlanılanda çox gözəl nəticə əldə etmək mümkündür. Bizim buna dair çox gözəl nümunələrimiz var”.

Həkim deyir ki, XXI əsrdə yaşayırıq və bu gün ölkədə onkoloji diaqnozların vaxtında təyin edilməsində heç bir məhdudiyyət, çətinlik yoxdur:

“Əksinə, Avropa, Asiya ölkələri ilə müqayisədə bu sektorda zəruri olan tibbi avadanlıqlarla təminat Azərbaycanda çox yüksək səviyyədədir. Demək olar ki, bir çox ölkələrdə onkologiya sahəsində istifadə etmək üçün heç bu qədər cihaz yoxdur. Bu cihazlar müvafiq təsnifatlarına uyğun olaraq çox dəqiq diaqnoz qoymaq qabiliyyətinə malikdir.

Milli Onkologiya Mərkəzində həm peşəkar onkoloq heyəti, həm də avadanlıqlar var. Bu gün ölkə üzrə baxsaq, hər yerdə kompüter tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiyası (MRT) müayinə üsullarından istifadə edərək pasiyentə dəqiq diaqnoz qoymaq mümkündür”.

Süd vəzisi xərçəngini yaradan, sürətlə artımına səbəb olan üç ən əsas amil nələrdir?

Azad Kərimlinin sözlərinə görə, ümumilikdə xərçəng xəstəliyinin nədən, niyə yaranması barədə aparılan elmi araşdırmaların bu günə qədər dəqiq nəticəsi yoxdur:

“Lakin müəyyən təsdiq edilmiş fikirlər, elmi araşdırmalar var ki, faiz etibarı ilə onları amil kimi qiymətləndirmək mümkündür. Söhbət nəinki süd vəzisi, eləcə də digər onkoloji xəstəliklərin yaranmasından gedir.

Süd vəzisi xərçənginin yaranması barədə danışsaq, ilk olaraq bilmək lazımdır ki, qadın və kişi orqanizmi bir-birindən çox fərqlidir. Qadın orqanizminə endokrin sisteminin təsiri güclüdür. Qadınlar özləri incə, zərif olduqları kimi, orqanizmləri də çox həssas olur. Orqanizmdə sinir sistemi o qədər güclü inkişaf edir ki, adi kiçik bir şeyə də ani reaksiya verə bilir. Məsələn, endokrin sistemində gedən kiçik dəyişiklik süd vəzisinə az da olsa, təsir göstərə bilir.

Qadınlarda süd vəzisi xərçənginin yaranmasına bir çox amilləri misal çəkmək olar. Amma ümumilikdə, qadınlar gərək vaxtında ailə həyatı qursunlar, ana olmaq üçün çox gecikməsinlər. Təəssüf hissi ilə deməliyəm ki, bu gün ana südü ilə qidalanan körpələrimizin də sayı azalıb. Bu gün bəzi qadınlarımız arasında dəb halı alıb, yoxsa nədir, bilmirəm, uşaqları əmizdirməkdən qaçırlar. Amma analar bilməlidirlər ki, uşaqlarını vaxtlı-vaxtında əmizdirməlidirlər. Bu, gələcəkdə həm övladlarına, həm də elə anaların özlərinə faydalıdır. 

Əsas üç amili sadalamaq bu mövzuda çox çətindir. Çünki məişət şəraiti, stres, sinir sistemində problemlər, hormonal pozğunluq, endokrin sistemində nasazlıq, bədən çəkisi, yaş faktoru, passiv həyat tərzi və s. öz-özlüyündə gələcəkdə süd vəzisi xərçənginin yaranmasına gətirib çıxaran amillər sırasındadır”.

Azərbaycanda 2021-ci ildə ilkin olaraq 2 638 qadına süd vəzisi xərçəngi diaqnozu qoyulub

Azad Kərimli ötən illərdə ölkədə süd vəzisi xərçəngi diaqnozu ilə bağlı maraqlı rəqəmləri də açıqlayıb:

“2021-ci ildə süd vəzisi xərçəngi diaqnozu qoyulan 2 638 qadından 1 294-də diaqnoz xəstəliyin birinci və ikinci mərhələsində aşkarlanıb. 2022-ci ildə isə ilkin olaraq 2 565 qadına süd vəzisi xərçəngi diaqnozu qoyulub. Onlardan 1 306 nəfəri xəstəliyin birinci və ikinci mərhələsində olub. Ümumilikdə götürsək, bu göstəricilər o qədər də qorxunc rəqəmlər deyil. Düzdür, burada müəyyən çatışmazlıqlar var. O da xəstələrin vaxtında qeydiyyata düşməməsidir. Qeydiyyata düşən xəstələr ilin sonunda rəsmi statistika hazırlananda rəqəmlərdə əks edilir. Amma bu rəqəm ölkə üzrə demoqrafik dəyişikliklərə baxdıqda, əhalinin sayı ilə müqayisədə elə də ağır vəziyyət demək deyil”.

Həkim süd vəzisi xərçənginin müalicəsi üçün xarici ölkələrə axınla bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, azad ölkənin azad vətəndaşları olaraq hər kəsin seçimi sərbəstdir:

“Qonşudan geri qalma” deyə bir deyim var. Bir nəfər xaricə getdisə, o birilər də getmək istəyirlər. Amma hər kəs bilməlidir ki, onkoloji xəstəliklər elədir ki, dünyanın hər yerində eynidir. İstər xəstəliyin rastgəlmə tezliyi, istər gedişatı, istərsə də müalicəsi. Dünyanın istənilən ölkəsində birinci yerdə qadınlarda süd vəzisi xərçəngi ilə uşaqlıq boynunun xərçəngi birinci yerdə dayanır.

Bilirsiniz, bu gün bizim tətbiq etdiyimiz müalicə protokolları Avropa və ABŞ-də tətbiq edilən protokollarla eynidir. Müalicə prosesində kənaraçıxma yoxdur. Protokol üzrə nədirsə, o da tətbiq edilir.

Yenə qayıdıram maarifləndirmə məsələsinə. Maarifləndirmə tək vətəndaşlar üçün deyil, qeyri-ixtisas həkimlər üçün də vacibdir. Vətəndaş profil üzrə yanlış həkimə, yanlış müəssisəyə müraciət edə bilər. Amma heç olmasa, qeyri-ixtisas həkimləri bir sıra primitiv məlumatları bilməli və xəstədən anamnez topladıqları zaman onu düzgün yönləndirməyi bacarmalıdırlar. Hər il Avropada süd vəzisi xərçəngi ilə mübarizə ayı keçirilir. Biz də bu kampaniyalara qoşulmuşuq və maarifləndirici bukletlər paylaşırıq.

Çox təəssüf ki, maarifləndirmə prosesinə televiziyalarda yer ayrılmır. Nə onkologiyaya, nə son zamanlar artan ürək xəstəlikləri ilə bağlı kardiologiya sahəsinə efirlərdə yer ayrılır. Bu məqama diqqət yetirilərsə, bir efir vasitəsilə yüzlərlə, minlərlə insana qısa da olsa xəstəliyin ilkin simptomları, süd vəzisində hansı dəyişikliklərə diqqət etməyin lazım olduğu və s. çatdırmaq olar”.

Son dövrlər kifayət qədər populyarlaşan mammoplastika əməliyyatları ilə bağlı iddialar var ki, həmin estetik əməliyyatlar, cərrahi prosedurlar süd vəzisi xərçənginin artmasına səbəb ola bilir. Həkim-onkoloq qeyd edib ki, pasiyentlər bəzən kiçik bir törəməyə görə süd vəzisinin götürülməsindən şikayətlənirlər:

“Qadınlar bilməlidirlər ki, kiçik bir törəmə zamanla necə böyük fəsad verə bilər. O törəmə ağır fəsadlara yol açmasın deyə həkim radikal cərrahi əməliyyatın seçilməsinə üstünlük verməlidir. Süd vəzisini qoruyucu əməliyyatlar uzun illər ölkədə tətbiq olunub və bu gün də tətbiq olunmaqdadır. Bu əməliyyatların aparılması üçün xüsusi göstəriş olmalıdır. Süd vəzisinin qoruyucu əməliyyatından sonra üç ay sonra xəstə ağırlaşmış formada geri gələcəksə, bu əməliyyatın nə faydası var? Əksinə, xəstəyə ikinci dəfə əziyyət vermiş oluruq. Həkim olaraq biz bunların hər birini bilirik, fərqindəyik. Amma bütün peşəkar həkimlər pasiyentinin, onun səhhətinin yaxşı olmasını düşünür”.

Mammoplastika əməliyyatları ilə bağlı yayılan iddialara cavab olaraq həkim bildirib ki, bunun özü də məsuliyyətli, çətin cərrahi əməliyyatdır:

“O əməliyyatın hansı şəraitdə aparılması, hansı mərhələdə icra olunması önəmlidir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir