Cəmiyyət

Milli dövlətçilik rəmzimiz – üçrəngli bayrağımız

Sharing is caring!

       Hər bir xalqın ən müqəddəs neməti olan müstəqilliyinin real mahiyyəti və məzmunu dövlət rəmzlərində əksini tapır. Hələ minilliklər bundan əvvəl dünyada təşəkkül tapmağa başlayan ilk dövlətlər öz xalqlarının ibtidai dünyagörüşü əsasında dövlət rəmzlərini  formalaşdırmağa çalışıblar. Bəşər övladı ən ağır müharibələrdən, çətin mücadilələrdən sonra ucaltdığı bayrağa həm də qalibiyyət simvolu kimi yanaşıb. Bayrağı öz şərəfi, ləyaqəti kimi qoruyaraq daim uca tutub. Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.

        Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir. Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

       Azərbaycan bayrağı  xalqımızın dilini, dinini, milliyyətini, mədəniyyətini, tarixini, milli-mənəvi dəyərlərini və s. amilləri özündə ehtiva edən çalarlardır. Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

        Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılması,  “Dövlət Bayrağı Günü”nün təsis edilməsi, hər il bu günün təntənəli şəkildə qeyd olunması keçmişimizə, milli dəyərlərimizə yüksək ehtiramın təzahürüdür. Bu tarixi addımların atılmasında əsas məqsəd ölkə vətəndaşlarının  həmrəyliyini, vahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyini təmin etməkdir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində də belə addımların dəyəri böyükdür.

        Azərbaycanın üçrəngli Dövlət bayrağı bu gün ayrı-ayrı dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin binaları üzərində ucaldılır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlərlə yanaşı, kütləvi-mədəni tədbirlərdə, idman yarışlarında qaldırılaraq birliyi, həmrəyliyi təcəssüm etdirir. İdmançılarımızın müxtəlif ölkələrdə hər qələbəsi şərəfinə ucaldılan bayraq hər bir azərbaycanlının qəlbində böyük sevinc, iftixar hissi doğurur.

Cahangir Muradov,

Cəlilabad rayon, YAP veteranı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir