Cəmiyyət

Ekspert: “Müəllimin peşəsinə bağlılığı yoxdursa, mənəviyyatca necə olubsa, elə də qalacaq” – FOTO

Sharing is caring!


Son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19 dəfə artıb. “2023-cü il dövlət büdcəsi haqqında” qanuna əsasən, təhsilə 4,4 milyard manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsinin layihəsində isə müəllimlərin sertifikasiyası üçün 71 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (ümumi 93,6 milyon manat – red.) vəsait proqnozlaşdırılıb.

Bu məqsəd üçün 2022-2026-cı illər ərzində 137 min müəllimin sertifikatlaşma proqramında iştirakının təmin edilməsinə və 68 min nəfərin diferensial əməkhaqqı sisteminə cəlb olunmasına təşəbbüs göstəriləcək.

Bəs görəsən, ötən dövr ərzində təhsilə ayrılan xərclər 19 dəfə artdığı halda təhsilin keyfiyyətində bu rəqəmi görmək mümkündürmü?

Tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov mövzunu Bizim.Media-ya şərh edib.

O bildirib ki, son 10 ildə Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqının məbləği 3 dəfə artıb:

“Rəsmi statistikaya əsasən, hazırda müəllimlərin 22 faizi, yəni 28 929 nəfər 500 manata qədər, 48 faizi, yəni 63 983 nəfər 500-1000 manat, 26 faizi, yəni 34 165 nəfər 1000-1500 manat, 5 faizi, yəni 6 177 nəfər 1500-2000 manat, 0,4 faizi, yəni 542 nəfər 2000 manat və daha artıq maaş alır.

Elm və təhsil naziri Emin Əmrullayev əməkhaqlarının artımına həsr olunan brifinqdə bildirdiyinə görə, 2014-cü ildə müəllimlərin orta maaşı 267 manat olduğu halda, indi, sonuncu artımdan sonra bu məbləğ 790 manata yüksəlib. Daha 2-3 ildən sonra isə orta əməkhaqqı 1000 manatı keçəcək. Göstərilən rəqəmlər nə qədər rəsmi və tutarlı fakt olsa belə, ölkədə çox zaman təhsilin keyfiyyətinin aşağı olmasını müəllimin əmək haqqı ilə izah edirlər.

Hələ təhsilə olan baxışlarımızı dəyişməmişik.

Bu gün təhsilin keyfiyyətini onunla izah edirik ki, neçə nəfər 700, yaxud 600 bal topladı, neçə nəfər ali məktəbə qəbul oldu, eləcə də neçə nəfər Prezident təqaüdünə layiq görüldü?! Məsələn, bizdə elə il olub ki, 25 nəfər 700 bal toplayıb, növbəti il bu say 3 nəfər olub. Yaxud elə il olub ki, 1 nəfər belə 700 bal toplamayıb. Bu, əsas verirmi ki, təhsilin keyfiyyətinin aşağı düşdüyünü və ya yuxarı qalxdığını iddia edək və bunu müəllimin əmək haqqının aşağı, yaxud da yuxa olması ilə əsaslandıraq?!”

N.İsrafilov qeyd edib ki, təhsilin keyfiyyətinə yanaşma tərzimiz dəyişmədiyi müddətcə inkişaf danışmaq çətindir:

“Müəllim nüfuzunun yüksəldilməsi üçün əməkhaqqının artırılması kimi bütün variantlara əl atılır. İldən-ilə əməkhaqlarında artım müşahidə edilir. Hazırda sertifikasiya keçirilir və müəllimlərin peşə səviyyəsi müəyyənləşir. Yüksək bal toplayanların da əməkhaqqında müəyyən artımlar olur.

Ölkənin büdcəsi, sosial xərclər çoxaldıqca müəllimlərin əməkhaqqında artım gözlənilir. Bu vəsait yalnız müəllimlərin əməkhaqqı üçün nəzərdə tutulmur, burada strukturlar, texniki təchizat da yer alır. Yəni infrastruktur məsələsi də xeyli vəsait tələb edir. Çox təəssüf ki, büdcədən çox vəsait ayrılanda elə hesab edirik ki, bu ancaq müəllimlərin əməkhaqqı üçün nəzərdə tutulur.

Tomas Ceffersonun bir müdrik kəlamı var: “Mən sərvətləri artdıqca dürüstlükləri də artan insanlar görmədim”. Maddiyyət nə qədər önəmli olsa da, mənəviyyatın yoxluğu ona haqq qazandıra bilməz. Bu mənada, müəllimin peşəsinə bağlılığı yoxdursa, mənəviyyatca nədirsə, necə olubsa, elə o da olaraq qalacaq.

O ki qaldı əməkhaqqının repetitor fəaliyyətini məhdudlaşdırmağa kömək edib-etməyəcəyinə, məsələnin bu yolla həlli də o qədər də real görünmür. Çünki nə qədər ki, test tətbiq olunacaq, ali məktəblərə qəbul imtahanları mərkəzləşdirilmiş qaydada, ayrı-ayrı ixtisaslar üzrə aparılacaq, repetitorluq da bir o qədər özünə yeni tərəfdarlar tapacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir