Cəmiyyət

Azərbaycanın Zəfər Günü Ankarada qeyd olunub – FOTO

Sharing is caring!


Azərbaycanın Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankara şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan məktəbdə tədbir təşkil olunub.

“Report”un Ankara bürosunun xəbərinə görə, tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Məktəbin direktoru Vəli Karakuş ötən əsrin 90-cı illərində işğala məruz qalan Azərbaycanın çətin günlər yaşadığını xatırladıb. Daha sonra Qarabağın türk torpağı olduğuna dair faktlar səsləndirib:

“30 ildən sonra Azərbaycan xalqının qazandığı qələbənin xoşbəxtliyini yaşayırıq. Ulu öndərimiz Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyib. Bizlər uzun illərdir ki, bu düşüncə ilə yaşayan iki dövlət, bir millətik. Bu gözəl gündə Qarabağ şəhidlərini hörmətlə yad edirik, Azərbaycanın zəfərinin sevincini yaşayırıq”.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova Qarabağ tarixindən, ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin komandanlığı ilə qazanılan qələbədən bəhs edib:

“Ümummilli lider Heydər Əliyev “Azərbaycan Qarabağ olmadan yaşaya bilməz” deyirdi. Azərbaycanın hər bir vətəndaşı 2020-ci ilin sentyabrında Ali Baş Komandan İlham Əliyevin çağırışına həmrəyliklə səs verərək hakimiyyət, ordu, xalq birliyi ilə 30 illik zülmə, işğala son qoydu. Bu gün biz bu zəfərin qürurunu yaşayırıq”.

Sonra tədbir bədii proqramla davam edib. Zəfər Günü münasibətilə məktəbdə keçirilən müsabiqədə birinci yerə layiq görülən tələbə Mert Özdemir “Qanayan yaranın zəfəri” inşasını səsləndirib. Ege Yıldırım isə “Qarabağ” adlı şeirini ifa edib. Tədbirdə “Qafqaz” rəqsi nümayiş olunub, Azərbaycan musiqiləri səsləndirilib, şagirdlərin “Qurtuluş günü” adlı kompozisiyası nümayiş etdirilib.

Toplantıda azərbaycanlı müəllif Məhəbbət Əsədovanın “Bayraktar” kitabının Türkiyə nəşrinin də təqdimat mərasimi keçirilib.

Mərasimin sonunda Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri tərəfindən məktəbin şagirdləri arasında Zəfər Günü münasibətilə keçirilən inşa və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir