Cəmiyyət

Aşıq Ələsgərin nəticəsindən Hissin mahnısını imtahana salan müəllifə: “Kiminsə ana-bacısına əyri baxmayıb”

Sharing is caring!


Abituriyentlər üçün hazırlanmış imtahan sualında müğənni Hissin mahnısının sözləri yer alması ilə bağlı müzakirələr səngimək bilmir. 

Tədris mərkəzinin 9-cu siniflər üçün təşkil olunmuş sınaq imtahanında Hissin “Mars” adlı mahnısındakı “mahnılarım qızıldır, paslanmır” sözləri sual kimi salınıb. Sualın müəllifi isə hazırlıq mərkəzinin ekspert müəllimi Kamil Talıbovdur. 

Kamil Talıbov sözügedən məsələyə münasibət bildirərkən milli aşıq poeziyası tarixində şərəfli yer tutan, el ozanı Aşıq Ələsgəri tənqid edib: “Artıq dövr dəyişib. Uşaqlara Aşıq Ələsgərin məşuqələrinə, dağa, çiçəyə, böcəyə yazdığı şeirlərdən misralar mənasız və maraqsız gəlir”.

Müəllifin bu fikirləri isə ictimaiyyətdə birmənalı qarşılanmayıb. Həmçinin, folklor ədəbiyyatımızın ən uca zirvələrindən sayılan böyük ustadımızın şəxsiyyətinin, eləcə də yaradıcılığının aşağılanması kimi dıyərləndirilib. 

Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli Bizim.Media-ya açıqlamasında müəllifin belə bir fikir səsləndirməsindən təəssüf hissi keçirdiyini bildirib:

“Sözün açığı bu fikirlər məni məyus etdi. Çox təəssüflər olsun ki, Kamil Talıbov Aşıq Ələsgərin gözəllərə dediyi şerləri məşuqə kimi adlandırıb. Ümumiyyətlə o, tarixçəni bilsə, dilinə heç vaxt elə söz gətirməz. Həmin gözəllərin hər biri bəy və xan qızı olub. Valideynləri Aşıq Ələsgərə deyib ki, qızıma bir tərif de. Yəni belə olub. 

Aşıq Ələsgər hər küçədən keçənə söz deməyib axı…

Təəssüf edirəm ki, o müəllif Aşıq Ələsgəri tanımır. Gənclərimiz ona görə bərbad vəziyyətdədir. Aşıq Ələsgər ozan, dədə, ilham və haqq aşığı olub. O, heç vaxt kiminsə anasına, bacısına pis gözlə baxmayıb. Şeirlərindəki bütün misraları ibrətamiz sözlərdən ibarətdir. Gözəllərə dediyi sözlərin içərisində isə böyük bir ilham var”. 

Xətai Ələsgərli uşaqların Aşıq Ələsgərin şeirlərindən bezməsi və onlara maraqsız gəlməsi fikri ilə də razılaşmayıb. O, deyib ki, test sualı hazırlayan məsul bir şəxsin belə fikirdə olması sadəcə təəssüf doğurur:

“O, kimdisə bir növ təxribat xarakterli fikir söyləyib. İstənilən insan özünü dərk edəndə bilir ki, şeir, şeiriyyət və poeziya nədir. O müəllifin abituriyent hazırlıq mərkəzinin məsul şəxsi olması da təəssüf doğurur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir