Cəmiyyət

Deputat diplomatik əlaqələrin 30 illiyi ilə bağlı Braziliyaya səfər edib – FOTO

Sharing is caring!


Paytaxt Braziliya şəhərində Azərbaycan və Braziliya ölkələri arasında parlamentlərarası dialoqun, Dostluq Qrupunun fəaliyyətinin gücləndirilməsi müzakirə olunub.

Oxu.Az xəbər verir ki, bu səbəblə 31 oktyabr – 1 noyabr tarixilərində Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Braziliya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Millət vəkili Müşfiq Məmmədli Braziliyaya səfər edib.

Səfərin məqsədi, Azərbaycan ilə Braziliya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd etmək və bu ölkə ilə parlamentlərin əməkdaşlıq xəttinin gücləndirilməsi perspektivlərini müzakirə etməkdir.

Səfər çərçivəsində deputat Müşfiq Məmmədli Braziliya Konqresinin Nümayəndələr Palatasının sədrinin müavini, federal deputat Sostenes Kavalkanti, Xarici əlaqələr və milli müdafiə üzrə Daimi komissiyası sədrinin birinci müavini, federal deputat Flavio Noqeyra, Parlamentlərarası Dostluq Qrupunun sədri və Beynəlxalq Parlamentar Birliyinin Latın Amerikası üzrə başçısı, federal deputat Klaudio Kajado ilə görüşlər keçirib.

Bundan əlavə, deputat həmçinin Federal Senatın Texnologjya, elm və innovasiyalar üzrə Komissiyasının sədri senator Karlos Viana və Braziliyanın Kosmik Agentliyinin rəhbəri Antonio Şamon ilə də görüşüb.

Görüş çərçivəsində 30 il ərzində Azərbaycanla Braziliya arasında yaranmış dostluq münasibətlərinə nəzər salınıb, münasibətlərin cari statusu barədə fikir mübadiləsi aparılıb. Eləcə də bir sıra qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. 

Millət vəkili Qarabağ məsələsinin həll edildiyini, Azərbaycanın regionda artan nüfuzu, dövlət başçısı cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət barədə braziliyalı deputatlara ətraflı məlumat verib, müxtəlif beynəlxalq təşkilatlarda ölkəmizə göstərilən dəstəyə görə Braziliya tərəfinə təşəkkürünü ifadə edib.

Millət vəkili 1993-cü ilin oktyabr ayında bu ölkənin BMT Təhlükəsizlik Şurasında sədr olarkən məlum 874 saylı qətnamənin qəbul edilməsində oynadığı rolun Azərbaycan tərəfindən dəyərləndirildiyini vurğulayıb. O, eyni zamanda, 16 avqustda da BMT Təhlükəsizlik Şurasında baş tutmuş müzakirələrdə Braziliyanın səsləndirdiyi fikirlərə, Xankəndi-Ağdam yolunun istifadəsinin vacibliyi ilə əlaqədar sərgilədiyi mövqeyə görə təşəkkürünü bildirib. İki ölkə arasında sahəvi əməkdaşlıq istiqamətləri, mümkün layihələr və əlaqələrin praqmatizmə əsaslanaraq inkişaf etməsinin vacibliyi qeyd edilib. İki ölkə arasında  astronavtika, peyk-fəza araşdırmaları, peyk texnologiyalarından iqtisadi yönlü layihələr üçün istifadə, səhiyyə, təhsil, infrastruktur və sosial yönlü siyasət kimi sahələrdə əlaqələri gücləndirmək niyyəti ifadə olunub. 

Braziliyalı siyasətçilər və rəsmilər Braziliyanın Azərbaycanın strateji mövqeyindən yararlanmaq üçün əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu dilə gətirib, Azərbaycanın Braziliya üçün regionda unikal tərəfdaş ola biləcəyini vurğulayıblar.

“Coğrafi mövqeyinə görə Azərbaycan Avropa və Asiya arasında tranzit nöqtəsi kimi əsas rol oynayır ki, bu da Braziliya və iki qitədə danışıqlar aparan logistika şirkətləri tərəfindən daha yaxşı istifadə edilməlidir”, – deyə Braziliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri deputat Klaudio Kajado vurğulayıb.

Braziliyanın Kosmik Agentliyinin prezidenti Antonio Şamon ölkəmiz haqqında olduqca müsbət fikirlər səsləndirib və Beynəlxalq Aeronavtika Konqresinin Bakıda keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir