Cəmiyyət

Azad edilən ərazilərə köçürülən sakinlərin 70%-nin məşğulluğu təmin edilib

Sharing is caring!


Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri bundan sonra da davam edəcək.

“Report” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qurumda keçirilən kollegiya iclasında bildirib.

Qeyd olunub ki, tarixi zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra şəhid ailəsi üzvləri və müharibə veteranı olan 103 min şəxsə 115 min sosial ödəniş təyin olunub, 20 min şəxs üçün məşğulluq tədbirləri görülüb.

Həmin dövrdə mənzil təminatı proqramı genişləndirilərək, şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 5 300-dən artıq mənzil və fərdi ev verilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib.

Sosial dəstək proqramı çərçivəsində müharibə ilə əlaqədar əlilliyi olan 439 şəxs 458 ədəd yüksəktexnologiyalı müasir protezlə təmin edilib, müharibə ilə əlaqədar əlilliyi olan 2 min şəxsə isə 44,6 min reabilitasiya vasitəsi verilib.

İşğaldan azad edilmiş ərazilərdə aparılan geniş infrastruktur layihələrinə diqqət çəkən S.Babayev bu yaxınlarda fəaliyyətə başlayan Qarabağ Regional DOST Mərkəzində 9 inzibati rayon üzrə 900 mindən çox şəxsə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə xidmətlərin göstəriləcəyini vurğulayıb.

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı məşğulluq tədbirləri barədə məlumat verilib.

Bu ərazilərə köçürülən sakinlərdən əmək qabiliyyətli olanların təqribən 70%-nin artıq məşğulluğunun təmin edildiyi diqqətə çatdırılıb. Bu tədbirlərin daha da genişlənəcəyi qeyd edilib.

İclasda, həmçinin nazirlik tərəfindən vətəndaşların qəbulu və müraciətlərinə baxılması, daxili nəzarət və audit, kadr məsələləri, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş və digər sahələrdə görülmüş işlər və qarşıda duran hədəflər müzakirə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir