Cəmiyyət

Pula görə dayısını küçədə öldürmək istəyən şəxsin məhkəməsi başladı

Sharing is caring!


Şirvan Apellyasiya Məhkəməsində Lənkəranda qətl törətməyə cəhd etməkdə təqsirləndirilən Ramin Təhməzovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə yeddi fevral 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran rayonu, Mamusta kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Ramin Təhməzov aralarından yaranmış münaqişə zəminində dayısı, 73 yaşlı İltifat Rufiyevi bıçaqlayıb. Kürək, boyun və sinəsindən bıçaq xəsarətləri alan İltifat Rufiyev xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. Ramin Təhməzova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi üzrə ittiham irəli sürülüb. Məhkəmə istintaqı zamanı Ramin Təhməzov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Lənkəran rayonunun Mamusta kəndində yaşayırdı. Zərərçəkmiş İltifat Rufiyev onun dayısıdır. Əvvəllər dayısı və onun övladları ilə münasibətləri yaxşı olub. Ramin Təhməzovun sözlərinə görə, 1990-cı illərdə, uşaq yaşlarında olarkən, dayısı oğlu Anar fərdi sahibkarlıqla məşğul olmaq üçün onun atasından külli miqdarda pulu borc olaraq alıb. Atası isə 1994-cü ildə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. Lakin dayısı oğlu atasının yas mərasiminə gəlməyib. Eyni zamanda atasından aldığı pulu da qaytarmaqdan imtina edib. Sonra isə Anar anasından borc qismində 5000 ABŞ dolları pul istəyib. Anası isə onlarla qonşuluqda yaşayan Nicatdan sələmə 5000 ABŞ dolları pul alaraq Anara verib. Anar həmin pulla fərdi sahibkar kimi iş görməli olduğu halda xərcləyib. Anası dəfələrlə qardaşı İltifatdan və onun oğlu Anardan borclarını qaytarmağı tələb etsə də, onlar pulu qaytarmayıblar. Anası 31 mart 1999-cu ildə Bakı şəhərində yaşadıqları binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib. Həmin vaxtlar uşaq olduğuna görə anasına qarşı dayısı zərərçəkmiş şəxs və onun oğlu Anar Rufiyevin etdiyi hərəkətlərlə bağlı hər hansı tədbir görə bilməyib. Anasının da ölümündən sonra o və üç bacısı Lənkəran rayonu Mamusta kəndində yaşayan əmisi evinə köçüblər. Əmisi onları himayə edərək böyüdüb. Bakı şəhərində olan evləri əmisi tərəfindən satılaraq anasının sələmə götürdüyü pul ödənilib. O qeyd edib ki, Anar 2023-cü ilin yanvar ayının sonlarında Rusiyaya gedib. Bundan sonra dayısı İltifatla görüşməyə çalışıb. Lakin İltifat ondan yayınmağa davam edib. 7 fevral 2023-cü il tarixdə, saat 09:30 radələrində dayısı İltifatın kənddə həmkəndliləri Gülməmmədin “Mercedes-Benz” markalı avtomobilində oturduğunu görüb və kənarda durub onu izləyib. Dayısı saat 10:30 radələrində həmin avtomobildən düşüb və yaxınlıqdakı marketə daxil olub, bir qədər sonra isə oradan çıxaraq evi istiqamətdə getməyə başlayıb. Bu zaman Ramin ona yaxınlaşaraq çağırıb. Dayısına yaxınlaşaraq birlikdə gediblər. Ramin uşaq bağçasının yaxınlığına çatdıqda İltifatdan anasından aldıqları pulu qaytarmalarını tələb edib və vəziyyətinin ağır olduğunu bildirib. Lakin İltifat özünün və oğlu Anarın ona borcu olmadığını söyləyib. Dayısı İltifatın haqsız danışdığını gördükdə əsəbiləşib və özündə olan bıçaqla onu vuraraq qisas almaq qərarına gəlib. Lakin dediyinə görə, dayısını öldürmək məqsədi olmayıb. Saat 11 radələrində İltifat dönüb ondan aralaşmaq istədikdə sağ dirsəyi ilə onun üz nahiyəsinə bir zərbə vurub. İltifat zərbənin təsirindən üzü üstə yerə yıxılıb. Əynindəki gödəkçənin sol yan cibində olan mətbəx bıçağını çıxarıb dayısının başının arxa nahiyəsinə ardıcıl olaraq iki zərbə endirib. Lakin bıçaq sümüyə dəydiyi üçün daxilə nüfuz etməyib. Sonra isə əsəbi olduğundan İltifatı bıçaqla bir neçə dəfə də vurub. Bundan sonra İltifatın hərəkətsiz vəziyyətdə qaldığını görərək oradan uzaqlaşıb, dərhal DİN-in “102” Xidmətinə zəng edərək törətdiyi cinayət barədə məlumat verib və yol uzaq olduğundan özü rayon polis şöbəsinə gedə bilmədiyindən polis işçilərinin gəlib onu aparmalarını gözləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir