Cəmiyyət

Azərbaycanda çörəyin qiyməti bir qədər də ucuzlaşa bilər – AÇIQLAMA + FOTO

Sharing is caring!


Bu gün Azərbaycanda çörəyin qiymətinin enməsi ilə bağlı məlumat paylaşılıb. 

Aparılan araşdırma zamanı məlum olub ki, oktyabr ayının 26-dan etibarən bir sıra ticarət şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 60 qəpikdən 55 qəpiyə düşüb. 

Bu da çörəyin qiymətinin daha 5 qəpik azalması deməkdir.

Bəs çörəyin qiymətinin ucuzlaşmasına səbəb nədir?

Oxu.Az-ın məlumatına görə, qiymət enməsi böyük mağazalar şəbəkələrində müşahidə olunur. 

Xatırladaq ki, enmə bu il ərzində çörəyin qiymətində artıq üçüncü enmədir. Belə ki, cari ilin mart ayında sözügedən çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə, iyun ayında isə 65 qəpikdən 60 qəpiyə enmişdir. Beləliklə 650 qramlıq dairəvi (zavod) çörəyinin qiymətində il ərzində ümumilikdə 21,4 faiz enmə olub.

Son bir neçə ayda dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiyməti ucuzlaşıb. Belə ki, cari ilin oktyabr ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 230,9 ABŞ dolları təşkil edib ki, bu, 2022-ci ilin oktyabr ayı (320.4 ABŞ dolları) ilə müqayisədə təqribən 28% aşağıdır. Eyni zamanda beynəlxalq proqnozlarda bu il buğda istehsalının artacağı vurğulanır.

Çörəyin qiymətinin enməsinə səbəb kimi unun topdansatış qiymətlərinin aşağı düşməsi göstərilə bilər. Respublikada aparılan antiinflyasiya tədbirləri çərçivəsində monitorinqi həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet saytına istinadən 26 oktyabr 2023-cü il tarixə olan məlumata əsasən, 50 kq-lıq qablaşdırmada un kisəsinin topdansatış qiyməti 26,4 manat – 28,50 manat aralığındadır.

Qeyd edək ki, 2022-ci ilin oktyabr ayında unun topdansatış qiyməti 40 manat – 40,15 manat aralığında təşkil edirdi.

Məlumat üçün bildiririk ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) qiymətlərinə uyğun olaraq formalaşır.

Tələb-təklif prinsipinə uyğun olaraq daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi öz növbəsində çörəyin qiymətinə də birbaşa təsir edib.

Məsələ barədə iqtisadçı ekspert Xalid Kərimli Oxu.Az-a açıqlamasında bildirib ki, 15 aydır ki, dünyada taxıl qiymətləri ucuzlaşıb:

“2020-ci ildə koronavirus pandemiyası zamanı taxıl və buğdanın qiyməti sürətlə bahalaşdı. Daha sonra bahalaşma səngidi, amma Rusiya-Ukrayna müharibəsi oldu və yenidən qiymət artımı sürətləndi. Hətta pandemiyadan qabaqkı qiymətlərdən 150 faiz artım var idi. 2022-ci ilin iyul ayından, xüsusilə, Türkiyənin BMT vasitəçiliyi ilə taxıl dəhlizi işə düşdü və sürətli qiymət enişini görürük. 2023-cü ildə Rusiyada taxıl dəhlizindən çıxsa da, dünya bazarındakı qiymətlərə cəmi bir ay təsiri oldu”.

Ekspert qeyd edib ki, dünya bazarında taxıl qiymətləri artıq 2022-ci ildən iyul ayından 30 faizdən çox ucuzlaşıb:

“Sentyabr ayında buğda qiymətlərində 3,3 faiz olub. Bizdə öz bazarımızda bunu hiss edirik. Proses tədricən baş verir. Dəyirmanların taxıl istehsalçıları ilə müqavilələr var və bunlar olduqca, azalma hiss edə bilərik. Bundan sonra qiymətlərin yenidən azalması Ukrayna taxılının dünya bazarına çıxarılma imkanlarından asılı olacaq. Əgər onların taxılı bazara çıxmasa, qiymətlər bu civarda qalacaq”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir