Cəmiyyət

Şəkidə qızılca infeksiyasının yayılması ilə bağlı son vəziyyət AÇIQLANDI

Sharing is caring!


​“Şəkidə İnteqrasiya təlimli internat tipli gimnaziyada qızılca infeksiyası ilə bağlı 25 nəfərdə yoluxma faktı qeydə alınıb. 25 sentyabr tarixindən başlayaraq uşaqlar arasında səpki ilə müşayiət olunan xəstəlik aşkar olunub”.

Bu barədə “Report”un Şimal-qərb bürosuna Şəki rayon​ Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemioloji şöbəsinin müdiri Fəhimə Paşayeva məlumat verib.

Şöbə müdiri bildirib ki, bu infeksiya hadisəsi ilk dəfə Yevlax rayonundan gəlmiş şagirddə aşkarlanıb:

“Bu uşaq məktəbin işçiləri tərəfindən valideyninə təhvil verilib. Sonradan həmin xəstənin qardaşlarında da yoluxma aşkar olunub və bu uşaqlar xəstəxanaya yerləşdiriliblər. 25 sentyabr tarixindən gimnaziyada həkim müayinəsi aparılıb və 9 xəstədə infeksiya aşkar olunduğundan onlar da xəstəxanaya yerləşdirilib. Bundan sonra 25 sentyabrdan 11 oktyabr tarixinədək ümumiyyətlə internat məktəbinin 25 şagird və təhsil işçisində bu infeksiya aşkarlanıb.

Ümumilikdə bu infeksiya 23 uşaqda olub, 1 tərbiyəçi müəllim və 1 xadimədə tapılıb. Yoluxanların hər biri xəstəxanada müalicə alıb və evə buraxılıblar. 11 oktyabr tarixindən etibarən internatdan müraciət edən olmayıb. Gimnaziyanın fəaliyyəti biz tərəfdən dayandırılmayıb, biz müayinələr apararaq müdiriyyətə tapşırıq vermişik ki, internata uşaq qəbulu axırıncı hadisədən 21 gün müddətinə dayandırılsın”.

Qeyd edək ki, Şəkidə İnteqrasiya təlimli internat tipli gimnaziyada şagirdlər arasında yayılmış qızılca infeksiyasına görə 21 günlük karantin tətbiq edilib. Gimnaziya şəhərin “Yuxarı Baş” adlanan tarixi mərkəzində yerləşir. Gimnaziya 150 şagird yerlikdir. Orada Şəki ilə bərabər, qonşu Yevlax, Mingəçevir, Bərdə və digər rayonlardan olan intellektual məhdudiyyətli uşaqlar, aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrin övladları təhsil alır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir