Cəmiyyət

Riad Məmmədov: “Bütün dünyaya muğamdan söhbət açmaq mənim üçün vacibdir” – FOTO

Sharing is caring!


Tanınmış pianoçu Riad Məmmədov Moskvada konsertlə çıxış edib.

Moskvada “Zotov” mərkəzində caz-muğam axşamı təşkil olunub. Fortepiano (Riad Məmmədov) və kontrabasda (Sergey Korçagin) caz standartları, eləcə də Riad Məmmədovun muğam ladlarında bəstələnmiş şəxsi fortepiano pyesləri səsləndirilib.

Riad Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, konsert böyük müvəffəqiyyətlə və gözəl ab-havada keçib. Konsertdən sonra tamaşaçılar pianoçuya yaxınlaşaraq, ona təbriklərini və xoş arzularını çatdırıblar.

“Zalda çox gözəl qarşılıqlı təmas vardı. İnsanların bu cür münasibətindən mütəəssir oldum. Ayrıca olaraq, onların səhnəsində çıxışa dəvət aldığıma və bu konstruktivizm məkanı üçün layihə yaratmaq fürsətinə görə “Zotov” mərkəzinə minnətdarlığımı bildirmək istəyirəm. Öz növbəmdə, bütün komandaya da böyük təşəkkürümü çatdırıram”, – deyə o qeyd edib.

Pianoçu və bəstəkar Riad Məmmədov klassik akademik repertuardan əsərlər ifa edir, Rusiyada və digər ölkələrdə özünün səhnə və elmi maraq sahələri olan caz-muğam cərəyanını inkişaf etdirir.

“Cəsarətlə demək olar ki, hazırda muğam Rusiyada müstəqil layihəyə çevrilib. O, daha yalnız hansısa rəsmi tədbirlərlə assosiasiya olunmur. Bu, mənim öz ansamblım ilə, mənə inanan insanlarla ərsəyə gətirdiyim nəhəng işdir. Bu yol onilliklərə bərabər zaman kəsiyidir. Biz bu layihəyə yeni addımlar atanda tamaşaçının praktik olaraq muğam haqqında təsəvvürü yox idi. Bu janr haqqında konsert zalları, media xəbərsiz idi. Bizim irəliləyişimizə az adam kömək edə bilərdi. Lakin biz kiçik addımlarla irəliyə doğru hərəkət etdik və əlimizdən gələni etdik ki, bu muğam hər bir məkanda səslənsin və onun haqqında hər kəs bilsin”, – deyə musiqiçi bildirib.

Riad Məmmədov və onun komandasının səyləri sayəsində muğam layihələri nəinki Moskvada, həm də bütün Rusiyada tanınır.

O deyib: “Ötən ilin sentyabrında məni Krasnoyarska, “Asiya-Sibir-Avropa” Beynəlxalq kamera-orkestr musiqisi festivalına onlara orkestr, fortepiano və tar üçün muğam süitası yazmağa dəvət etmişdilər. Festival, həmçinin Bakıdan mənim dostum və gözəl musiqiçi Əliağa Sədiyevi (tarzən, Azərbaycanın Əməkdar artisti) dəvət etmişdi və biz dünya premyerasını ifa etdik. Ondan əvvəl mən Novosibirskdə caz festivalında muğamı böyük müvəffəqiyyətlə təqdim etmişdim. Oraya mən Ehtiram Hüseynov (xanəndə), Əliağa Sədiyev (tar) və Kamran Kərimovun (nağara) solistliyi və caz triomuzla caz-muğam layihəmi aparmışdım. Bundan başqa, bizi muğam layihələrimizlə Sankt-Peterburqa, Permə, Nijni Novqoroda dəvət edirlər. Mən, həmçinin “Qorkiy Fest” kinofestivalı çərçivəsində caz-muğam konsertində çıxış etmişəm. Konsertdən əldə olunan vəsait Konstantin Xabenski Xeyriyyə Fonduna köçürülüb”.

Xatırladaq ki, Riad Məmmədov Moskva Konservatoriyasını və aspiranturanı fortepiano ixtisası üzrə, eləcə də nəzəri aspiranturanı musiqişünas kimi bitirib. O, öz yaradıcılıq fəaliyyətində müxtəlif janrları və musiqi cərəyanlarını birləşdirir.

“Janrların birləşməsi ölkələr və xalqlar arasında mədəni əlaqələrin inkişafında böyük rol oynayır. Bu, ənənələrin və dəyərlərin, məktəblərin, mədəniyyətlərin daimi mübadiləsidir. Bu, çox mühümdür. Mən Azərbaycana gələndə əksər hallarda rus fortepiano musiqisini, Rusiyada isə Azərbaycan musiqisini ifa edirəm. Əlbəttə, janrları birləşdirmək çətindir. Bu layihələri inkişaf etdirmək də çox çətindir”, – deyə həmsöhbətimiz vurğulayıb.

Riad Məmmədov muğamı fövqəljanr adlandırır və bütün dünyanın bu janr haqqında öyrənməsinə səy göstərir:

“Mən şadam ki, Rusiyanın konsert zalları və festivalları muğamı inanılmaz dərəcədə dəstəkləyir. Onlar elə lap əvvəldən dəstəkləyiblər. Mən Azərbaycan musiqi sənətinə bu cür etimaddan çox məmnunam. Lakin biz irəli getdikcə, mən daha çox layihələr haqqında fikirləşirəm. Bundan ötrü isə əlbəttə böyük dəstək lazımdır. Çünki özəl təşəbbüslər heç də həmişə kifayət etmir… Muğam janr asılılığından kənara çıxır. Burada sərt forma daxilində improvizə və parlaq bədii hissə mövcuddur. Bu ifadəlilik, musiqi və improvizə vasitələri birlikdə, üstəlik də hər ifanın təkrarsızlığı muğamı unikal edir. Nəticədə qeyri-adi qarışıq əmələ gəlir, bu, o dərəcə inandırıcı və o dərəcə qədimiliyə, tarixə, mədəniyyətə gedib çıxır ki, bu janrın hər cür ifası hansısa yeni üfüqlər açır”, – deyə musiqiçi qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir