Cəmiyyət

Zəngəzur dəhlizinin açılması Cənubi Qafqaz üçün həyati əhəmiyyət kəsb edir

Sharing is caring!

          “Şəhər günü”nü açıq alınla, gələcəyə dərin ümidlər duyğusu ilə qeyd etdiyimiz  Zəngilan Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə, Bakı-Culfa-Naxçıvan əsas dəmir yolları və magistral yollarının üzərində yerləşir. Şanlı Qələbədən sonra bölgənin inkişafı üçün bütün imkanlarımız – siyasi iradə, xalqın dəstəyi, maliyyə resurslarımız olduğuna görə azad olunmuş torpaqların bərpası və yenidən qurulması qarşıya bir məqsəd olaraq qoyuldu. Bu, həm də strateji hədəf kimi müəyyən edildi.

       Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün çıxışlarında  deyib ki, Zəngəzur dəhlizinin açılması önəmli məsələdir. Artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışıb, indi də çalışır. Erməni millətçiləri və onların xarici havadarları yanılırlar. Ermənistanın acınacaqlı vəziyyəti göz qabağındadır, bu vəziyyət onların işğalçılıq siyasətinin nəticəsidir. Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz.    

       Rus-İran müharibəsindən sonra XIX əsrin əvvəllərində İrandan və Şərqi Anadoludan ermənilər kütləvi surətdə köçürülüb və Azərbaycanda, Qarabağda məskunlaşdırılıb. Bu tarixi də hər kəs yaxşı bilir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. O ki qaldı, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına, onun da heç bir əsası yox idi. Bu, qanunsuz bir addım idi, sadəcə olaraq, bir saat bombasını Azərbaycanın canına yerləşdirmək, istənilən an onu partlatmaq və xalqımızı məhv etmək məqsədi daşıyırdı.

      Vətən müharibəsində qazanılan Zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda çox işlər görülür. Demək olar ki,  yerlə bir edilmiş bölgə  gözümüzün önündə bərpa olunur. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində önəmli yer tutacaq. Erməni işğalı tərəfindən coğrafi mövqeyi nəzərə alınmaqla tamamilə məhv edilən Zəngilan əhəmiyyətli bir regional nəqliyyat-logistika mərkəzi rolunu oynaya bilər.

        İlkin Qubadov,

Qızıl Aypara Cəmiyyətinin

Cəlilabad Rayon Bölməsinin sədri       

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir