Cəmiyyət

Prokuror Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilən şəxsə cəza istədi

Sharing is caring!


Dövlətə xəyanətdə ittiham olunan Azərbaycan vətəndaşı, 1970-ci il təvəllüdlü Aydın Zəkiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək Aydın Zəkiyevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi oktyabrın 26-da davam edəcək.

Qeyd edək ki, Aydın Zəkiyevin Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb.

Məlum olub ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları düşmən tərəfə ötürmüş, ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanıb və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək edib.

Aydın Zəkiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar, bu Məcəllənin 281.1 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və digər maddələri ilə ittiham edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir