Cəmiyyət

AYNA: “Parklanmaya görə nağd ödənişin tələb edilməsi tamamilə qanunsuzdur”

Sharing is caring!


Azərbaycanda parklanma yerlərində vətəndaşlardan nağd ödəniş tələb edilməsi tamamilə qanunsuzdur.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qurum bəzi hallarda sürücülərdən nağd ödəniş tələb edilməsi ilə bağlı şikayətlərə münasibət bildrib və sürücülərə ödənişi yalnız nağdsız etməklə bağlı çağırış edib.

“İki aydan çoxdur ki, nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş yalnız nağdsız qaydada, “AzParkinq” mobil tətbiqi və SMS vasitəsilə həyata keçirilir. Artıq 181 minə yaxın insan mobil tətbiqi yükləyərək qeydiyyatdan keçib. 18 minə yaxını insan isə balansını artırıb.

Oktyabrın 1-dən parklanma yerindən istifadə edərək ödəniş həyata keçirməyən sürücülərin avtomobillərinə qarşı cərimə tətbiq edilir. Belə ki, parklanmaya görə ödənişin edilməməsi və ya parklanma yerindən ödəniş edilən müddətdən artıq istifadə üçün əlavə ödənişin edilməməsi, nəqliyyat vasitəsinin qanunla müəyyən olunan parklanma üsulunu pozmaqla parklanmasına görə şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 10 manat məbləğində cərimə edilir.

Yeni qaydaların tətbiqi ilə bu sahədə şəffaflaşma müşahidə edilir. Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir”, – deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, bu il iyunun 25-də Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”ni təsdiq edib. Təsdiq edilmiş sənədə görə, Bakının parklanma yerləri “Mərkəz”, I, II, III və IV zonalar olmaqla 5 yerə bölünüb. Hər saat üçün “Mərkəz”də 1,00 manat, I zonada 0,70 manat, II zonada 0,40 manat və III zonada isə 0,30 manat ödəniş tələb olunur. Sonuncu IV zonada isə parklanma ödənişsizdir. Bundan əlavə digər parklanma zonalarında həftəsonu və həftəiçi 22:00-dan 07:00-dək avtomobillərin parklanması ödənişsizdir.

Parklanma yerlərində ödənişlər nağdsız qaydada və 2 üsulla ödənilir. Onlardan birincisi SMS vasitəsilə ödənişdir. Sürücü parklanmaya başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, paklanma məntəqəsinin nömrəsini və parklanma yerini SMS vasitəsi ilə 1181 nömrəsinə göndərməlidir. Parklanma başa çatdıqda isə “SON” yazıb yenə 1181 nömrəsinə göndərməlidirlər.

İkinci ödəniş üsulu “Azparkinq”dir. Burada da ardıcıllıqla tələbləri yerinə yetirməklə ödənişi uğurla icra etmək olur.

Həmçinin paytaxt sakinləri “Azparkinq” mobil əlavəsi vasitəsilə müraciət edərək qeydiyyatda olduqları ərazidə 100 metr məsafədə ödənişsiz parklama hüququ əldə edə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir