Cəmiyyət

Həkim-terapevt immuniteti nəyin zəiflədə biləcəyini AÇIQLADI

Sharing is caring!


“İmmunitet sisteminin zəifləməsinin müxtəlif səbəbləri ola bilər. Məsələn, həm xroniki iltihabi xəstəliklər, həm autoimmun xəstəliklər. Bunlarla bağlı istifadə edilən dərmanlar, həmçinin qeyri-sağlam həyat tərzi və qidalanma da immun sisteminin fəaliyyətinə təsir edir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev nazirliyin rəsmi “Instagram” səhifəsində izləyici suallarını cavablandırarkən qeyd edib.

Onun sözlərinə görə, immun sisteminin hüceyrələrinin effektiv fəaliyyəti üçün onların zəngin maddələrlə yaxşı təmin olunması mütləqdir:

“Buna görə də karbohidratlar, şəkər və qırmızı ət, aşağı lifli rafinə edilmiş məhsullar, doymuş yağlarla zəngin, çox duzlu, qatqılı qidalar və qablaşdırılmış məhsulların həddindən artıq istifadəsi immun sistemini zəiflədə bilər. Bu cür məhsulların tez-tez və həddindən artıq istifadəsi orqanizmdə iltihabın artmasına, xəstəliklərin inkişafına səbəb olur. Ona görə vitaminlər, mineral və antioksidantlarla zəngin meyvə və tərəvəzlərdən daha çox istifadə etmək və qida rasionuna əlavə etmək lazımdır.

Məsələn, taxıl məhsulları, liflə zəngin tərəvəzlər, probiotiklə zəngin qatıq kimi süd məhsullarının istifadəsi həm də bağırsaq mikroflorasına təsir edərək, orqanizmin infeksiyalara qarşı müdafiəsini dəstəkləyir”.

Zakir Quliyev onu da qeyd edib ki, burada insanın həyat tərzi də önəmlidir:

“Yuxu rejiminin qaydasında olmaması, daimi stres, alkoqol və nikotin istifadəsi, hərəkətsizlik insanın immun sisteminə mənfi təsir göstərir. Düzgün qidalanma və sağlam həyat tərzi infeksiyalardan qorunmaqda kifayət etməsə belə, immun sistemimizi daha yaxşı müdafiə üçün gücləndirir, əhval-ruhiyyəmizə və orqanizmimizə yaxşı təsir göstərir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir