Cəmiyyət

Həm qış azuqəsi görür, həm də gəlir qazanırlar – Zaqataladan REPORTAJ

Sharing is caring!


Sentyabr-oktyabr ayları mer-meyvənin, tərəvəzin bol olduğu aylardır. Bu dövrdə xüsusən rayon və kənd yerlərində qadınlar müxtəlif meyvədən quru qaxaclar, mürəbbələr, eləcə də tərəvəz və digər giləmeyvələrdən turşular hazırlayırlar. Zaqatalalı xanımlar son illər bu işi həm də biznesə çevirib. Belə ki, həm qış ehtiyatlarını görür, həm də onu satışa çıxarırlar.

AZƏRTAC xəbər verir ki, Fəxriyyə İsayeva və Mənsurə Hacıyeva təhsil sahəsində çalışsalar da, qış azuqələrini də görməyə vaxt tapırlar. Onlar payızda bir araya gəlib qış ehtiyatlarını görürlər. Nəinki qış ehtiyaclarını ödəyəcək məmulatlar hazırlayır, həm də istehlak edəcəklərindən daha çox hazırlayıb bazarlara çıxarmağa, maddi durumlarını yaxşılaşdırmağa, ailə büdcələrini artırmağa səy göstərirlər.

Bu il Zaqatalada meyvə bol olduğundan, qiymətlər də münasibdir. Payızın bir qədər mülayim keçməsi məhsulların keyfiyyətinə müsbət təsir göstərib.

Fəxriyyə xanım meyvələri qurutmaqla və mürəbbə bişirməklə məşğul olur. Mənsurə xanım isə daha çox turşu və salatların hazırlanması ilə məşğuldur. Onlar bu işdə illərin təcrübəsini qazanıb və artıq xeyli müştəri də cəlb edə biliblər.

Artıq bir neçə ildir bu xanımlar həm də qadın qruplarında bir araya gəliblər. Bu qrupa isə Elmira Hacıyeva rəhbərlik edir. Məqsəd qadınların biznes imkanlarını artırmaq, ekoloji baxımdan təmiz və keyfiyyətli məhsulları sərgi və bazarlara çıxararaq onların satışını təşkil edib maddi durumlarını yaxşılaşdırmaqdan ibarətdir. Onun sözlərinə görə, ötən il 20 növ meyvə qurusu və bir o qədər də mürəbbə, turşu-salatlar hazırlayıblar. Nəticə etibarilə ötən il onlar ailələrinin qış ehtiyaclarını ödəməklə, orta hesabla 500-800 manat qənaət etmiş olublar. Eyni zamanda, yaz-yay və payızda hazırladıqları müxtəlif meyvə qaxaclarını, mürəbbələri, turşuları, eləcə də salatları sərgi və yarmarkalara çıxararaq satışını təşkil edib və ailə büdcələrinə əlavə gəlir gətiriblər. Bu il də bu xanımlar daha keyfiyyətli və ekoloji məhsullar hazırlayaraq bazarlara çıxarmağı planlaşdırırlar.

Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova bildirib ki, indiyə qədər ölkə ərazisində 56 qadın inkişaf və müəssisə qrupu yaradılıb. Bunlardan 12-si hazırda qadın kooperativləri kimi fəaliyyət göstərir. Gülbəniz xanım qadın qruplarının yaradılmasındakı məqsədlərdən danışarkən qeyd edib ki, başlıca məramları qadınların bir araya gələrək daha böyük uğurlara imza atması, daha çox iş görməsi, pul qazanması və ailəsinə dəstək olmasıdır.

Kənd qadınlarının bir neçə qrup rəhbəri ilə görüşən Assosiasiya sədri onlarla il ərzində həyata keçirdikləri layihələri müzakirə edib, həmçinin fərqlənən xanımları mükafatlandırıb, xatirə hədiyyələri təqdim olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir