Cəmiyyət

İnternet dilənçiləri ilə nə etməli?

Sharing is caring!


Qan Turalı yazır…

Son dövrlərdə sözün həqiqi mənasında böyük bir problemə çevrilmiş bir məsələdən – ianə, yardım toplamaq məsələsindən  yazmaq istəyirəm…

Gün olmaz ki, sosial media hesablarımıza saxta olduğu aşkarca bəlli olan hesablardan yardım xahişi gəlməsin. Şablon olan bu mesajlar yüzlərlə adresə göndərilir. Bu hələ işin ən bəsit formasıdır. 

Ancaq bunun daha mütəşəkkil formaları da var. Misal üçün, bir xəstənin şəklini qoyub yardım toplamaq… Adətən, bu xəstələr uşaq olurlar və onların müalicəsi üçün pul toplayırlar. Bu uşağın həqiqətən də xəstə olması, hətta ümumiyyətlə bu adda uşağın olması da şübhəlidir. 

Təkcə, uşaqlar yox böyüklər də bu yola əl atırlar. Tez-tez də bu ianə xahişlərinin sadəcə bir fırıldaqçılıqdan ibarət olduğu üzə çıxır. Ancaq proses dayanmır. Yeni-yeni xəstələr üzə çıxır və ifşa edildikcə də yeni üsullar, variantlar işə düşür. 

Ümumilikdə, internet  dələduzluğu, fırıldaqçılığı haqqında qalın bir kitab yazmaq olar. Bəziləri, ev kirayəsi zamanı beh istəyib sonra da yoxa çıxırlar. Bir qisim isə plastik kartın məxfi məlumatlarını fırıldaqçılara verərək soyğuna məruz qalır. Asan yoldan gəlir qazanmaq istəyən bəzi vətəndaşlar da dələduzların qurduğu tələyə düşürlər. Bəzən bu kimi fırıldaqları ölkə xaricindən həyata keçirdikləri üçün həmin dələduzları tapıb məsuliyyətə cəlb etmək də mümkün olmur.

Digərləri isə yoxsulluqdan şikayət edərək pul toplayırlar. Söz yox ki, bütün bu məsələlərlə bağlı maarifçiliyə böyük ehtiyac var. Ancaq bankların, eləcə də sosial şəbəkə istifadəçiləri tərəfindən edilən xəbərdarlıqların heç bir faydası olmur. Olursa da çox az… 

İanə toplamaq məsələsi isə ümumiyyətlə ağrılıdır. Çünki digər məqamlarda insanlar tamahının badına gedirsə burada isə mərhəmət, sevgi hissi onları fırıldaqçıların toruna salır. Ən pisi də budur ki, bu yalanlar dünyasında, fırıldaqçılar çarxında həqiqətən müalicəyə, pula ehtiyacı olanlar da töhmət altında qalır, dərdlərinə dərman tapa bilmir və ictimai dəstəkdən məhrum olurlar. Bir dəfə aldadılan ianəçinin sonra başqa yardım təkliflərinə də bu gözlə baxacağı şübhəsizdir. 

Artıq bu məsələnin kökdən həlli üçün böyük bir ehtiyac yaranıb. Bunun üçün isə qabaqcıl ölkələrin təcrübəsindən istifadə etmək gərəkdir. Hər şeydən qabaq yardım toplamaq sistemini mərkəzləşdirmək və qanunlara tabe olan bir vəziyyətə salmaq gərəkdir. Hər kəs istədiyi kimi pul toplaya bilməz. Bunun hüquqi və iqtisadi prosedurları olmalıdır. Təbii ki, dövlət vətəndaşdan yardım üçün pul toplamamalıdır, ancaq buna nəzarət edilməsi, prosesin tənzimlənməsi dövlətin funksiyalarına daxildir. 

Bunun üçün parlament müvafiq qanun hazırlamalı və ianə toplanmasının qaydalarını müəyyən etməlidir. İanə toplanması hüququ ancaq müvafiq icra strukturunun müəyyən etdiyi konkret QHT-lərə, ictimai birliklərə və digər vətəndaş cəmiyyəti təsisatlarına verilməlidir. Fiziki şəxslərin, eləcə də ianə toplamaq hüququ olmayan qurumların ianə toplaması qanunla cəzalandırılmalıdır. İanə toplamaq hüququ olan qurum da yardıma ehtiyacı olan şəxsləri müəyyən etməli, yardım topladıqdan sonra isə bu yardımın hara xərcləndiyini şəffaf şəkildə cəmiyyətə təqdim etməlidir. Dövlət qurumları da ianələrlə bağlı prosesin hər bir mərhələsini yoxlamalı, cinayət tərkibi olduğu halda isə hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Belə olan halda ianə sahəsindəki neqativ əməllər ləğv ediləcək, şəffaf, ədalətli və qanunauyğun şəkildə proses yekunlaşacaqdır. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir