Cəmiyyət

İxrac bazarımızın qırmızı meyvəsi – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Sharing is caring!


İyul ayında ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında şaftalı birinci yerə çıxıb. Hazırda bağlardan şaftalının “Zolotoy”, “Fədai” və “Nektarin” kimi tezyetişən sortları tədarük edilir. Meyvənin indiki qiyməti də təsərrüfatçıları qane edir.

2023-cü ilin iyul ayında ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında şaftalı birinci yerdə olub. Bu dövrdə 23 milyon dollar dəyərində şaftalı ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 milyon dollar və ya 55,4 % çoxdur.

Şaftalının ixracda birinci olma səbəbi nədir? Gələcək üçün şaftalı bağlarının daha da artırılması mümkündürmü?

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 dekabr 2021-ci il tarixli müvafiq qərarı ilə ərik və şaftalı (nektarin) sığortalanan məhsullar sırasına daxil edilib. Nəticədə həmin məhsullara güzəştli sığorta mövcuddur. Aqrar sığorta ərik və şaftalı (nektarin) bağlarını dolu, sel, donvurma və digər təbii fəlakətlər olarsa, risklərdən qoruyur.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ölkəyə ən çox valyuta gətirən meyvə

Milli Məclisin deputatı Azər Badamovun sözlərinə görə, ölkəmizdə dövlət dəstəyi sayəsində aqrar sektor özünün inkişaf dövrünü yaşayır: “İnnovativ üsullarla əkilən bağlara xüsusi bir yanaşma var. Bu yanaşma bağların salınmasına verilən subsidiyaların kifayət qədər yüksək olması ilə bağlıdır. Ona görə də fermerlər intensiv bağların salınmasına üstünlük verirlər. Fermer əkin seçimində sərbəstdir. Amma intensiv bağçılığa xüsusi dəstəyin olması bu sahəni sürətlə inkişaf etdirir”.

A.Badamov vurğulayıb ki, fermerlər bazarda hansı məhsula daha çox tələbat varsa, o məhsulu əkməkdə maraqlıdır: “Son illər Rusiya bazarında şaftalıya tələbatın çox olması fermerləri daha çox bu məhsulun bağlarının salınmasına stimullaşdırıb. Ona görə də 2023-cü ilin birinci yarısında şaftalı ixracı qeyri-neft məhsulları arasında birinci yerə çıxıb. Hesab edirəm ki, şaftalı bağlarının əkilməsi daha da artacaq”.

50 faizdən çox artım dinamikası

İqtisadçı-ekspert Eldəniz Əmirov hesab edir ki, şaftalı bu ilin iyul ayında sadəcə müəyyən zaman kəsiyində rekord mövqeyə malik olub: “Ölkəmizdən ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında şaftalının birinci yerdə olmasının səbəbi mövsümi faktorla bağlıdır. Növbəti aylarda həmin məhsulun ixracı iyul-avqust ayı kimi olmayacaq. İxrac icmalının bu ilin sentyabr ayının göstəricisinə baxsaq, görərik ki, ilk yerdə elektrik enerjisi, ikinci yerdə pomidordur”.

Ekspert vurğulayıb ki, ümumilikdə şaftalının istehsalında artım dinamikası müşahidə edilir: “Bunun bir neçə səbəbi var. Səbəblərdən biri Nazirlər Kabinetinin 2021-ci il tarixli müvafiq qərarı ilə ərik və şaftalının sığortalanan məhsullar sırasına daxil edilməsidir. Bu qərarın qəbulundan sonra intensiv bağların yaradılması artıb. Nəticədə ixracın artımı baş verib. Ümumilikdə şaftalı məhsulunun ixracında 50 faizdən çox artım dinamikası var. Bu, müsbət haldır”.

Neçə hektar şaftalı bağı sığortalanıb?

Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədovun sözlərinə görə, hazırda Azərbaycanda 45 hektar şaftalı bağı sığortalanıb: “Bunlar – Ağdaş, Goranboy, Lənkəran, Qusar, Şabran, Şəmkir, Şəki rayonları ərazisindədir. Bütün bitkilərin sığortalanması zamanı aqrar sığorta haqqı əkin sahəsinin (və ya meyvə bağının) yerləşdiyi regiondan, əkin sahəsinin (və ya bağın) sahəsindən (yəni neçə hektardır), sahənin (və ya bağın) məhsuldarlığından və məhsulun qiymətindən asılıdır. Hesablanmış sığorta haqqının yarısını (50%) fermer, digər yarısını isə ona dəstək üçün dövlət ödəyir. Hadisə baş verdikdə ekspert sahəyə dəyən zərəri müəyyən edir və fermerə ödəniş edilir”.

Ə.Əhmədov bildirib ki, Azərbaycanda hazırda 27 hektar nektarin bağı sığorta edilib: “Bağlar – Lənkəran və Qusar rayonları ərazisindədir”.

Xaçmazda 20 min tona yaxın şaftalı toplanılır

Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik” fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, ölkəmizdə uğurlu iqtisadi siyasət nəticəsində digər sahələr kimi kənd təsərrüfatı da inkişaf etməkdədir: “Eyni zamanda 2004-cü ildən başlayaraq uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində reallaşdırılan işlər öz növbəsində aqrar sahənin inkişafının yeni mərhələyə qədəm qoymasını şərtləndirib. Bunun nəticəsidir ki, artıq ölkəmizin bir sıra rayonlarında məhsuldarlıq yüksək səviyyəyə çatdırılıb. Aqrar sahəyə dövlət dəstəyinin əsas aləti aqrar subsidiyalardır. Bu baxımdan ayrı-ayrı rayonlarda əldə edilən nəticələr də deyilənləri təsdiqləyir”.

Ekspert əlavə edib ki, bu il Xaçmaz rayonunun təsərrüfatçıları şaftalı bağlarından bol məhsul əldə ediblər: “Hazırda bağlardan şaftalının “Zolotoy”, “Fədai” və “Nektarin” kimi tezyetişən sortları tədarük edilir. Meyvənin indiki qiyməti də təsərrüfatçıları qane edir. Xaçmaz rayonunda şaftalı bağları ən çox Nərəcan kəndi ərazisindədir. Burada 850 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir. Yerli və paytaxt bazarlarında da satılan şaftalının böyük hissəsi isə qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndərilir. Xaçmazda şaftalı yığımı oktyabr ayınadək davam edir.

Ümumilikdə, Xaçmaz rayonunda 3 min hektara yaxın şaftalı bağı var ki, bunun da böyük hissəsi barverəndir. Hər il rayon bağlarından 20 min tona yaxın şaftalı toplanır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir