Cəmiyyət

Adını tarixə yazan lider – “Kaspi”nin RƏYİ + FOTO

Sharing is caring!


İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu 20 illik fəaliyyəti dövründə əməli addımları ilə təsdiqlədi. İşğal edilən torpaqlarımız onun komandanlığı ilə düşməndən təmizləndi, ərazi bütövlüyümüz, suverenliyimiz təmin olundu.

Öz mənalı həyatının 60 ilini xalqı üçün yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişafı, tərəqqisi naminə böyük xidmətlər göstərib. Xilaskarlıq missiyası ilə xalqını bəlalardan, dövləti müstəqilliyini itirmək təhlükəsindən xilas edən ulu öndər ölkəmizi beynəlxalq birliyin layiqli üzvünə çevirə bilib. Məhz onun istəyi ilə 2003-cü ilin dekabrında vaxt İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü. Bununla bağlı xalqa müraciətində ümummilli lider hələ tamamlanmamış çox perspektivli planlarının olduğunu vurğuladı. Dünyaşöhrətli siyasətçi üzünü həmvətənlərinə tutaraq, onları qarşıdan gələn prezident seçkisində prezidentliyə namizəd, özünün siyasi varisi İlham Əliyevi dəstəkləməyə çağırdı.

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqalə dərc edib.

Ümummilli Liderin yolunun davamçısı

İlham Əliyevi yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət kimi xarakterizə edən ulu öndər seçiciləri əmin etdi ki, o, xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda böyük işlər görəcək. Görkəmli dövlət xadimi inamla bildirdi ki, özünün axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri Azərbaycan xalqının köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək.

“Mən ona özüm qədər inanıram…”

“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyə ümummilli lider Heydər Əliyevin layiqli siyasi varisi kimi cəmiyyətə təqdim etdiyi İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu ötən dövrdə əməli fəaliyyəti ilə təsdiqlədi. 2003-cü il oktyabrın 15-də Prezident seçilməsindən indiyə qədər ötən 20 ildə İlham Əliyevin həyata keçirdiyi strategiyanın prioriteti ölkəmizin hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, təhlükəsizliyimizin təmini, pozulmuş ərazi bütövlüyümüzün bərpası oldu. Bu illər ərzində uğurla həyata keçirilən regional inkişaf proqramları, genişmiqyaslı abadlıq və quruculuq tədbirləri rayon və şəhərlərimiz arasında fərqi aradan qaldırdı, əhalinin sosial-rifahını yaxşılaşdırdı, yoxsulluq səviyyəsini aşağı saldı.

Əsas prioritet torpaqların işğaldan azad edilməsi idi

Sözsüz ki, bu illər ərzində Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət, atılan hər bir addım Azərbaycanı işğal altında olan ərazilərimizin azadlığına da yaxınlaşdırırdı. Çünki bütün istiqamətlərdə qazanılan uğurlar, əldə edilən nailiyyətlər, diplomatik danışıqlar ərazi bütövlüyümüzün dinc yolla bərpasına, Ermənistan işğalı altındakı torpaqlarımızın, o cümlədən Qarabağın azad olunmasına, məcburi köçkünlərin doğma yurdlarına, isti ocaqlarına qaytarılmasına yönəlmişdi. Lakin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun 30 ilə yaxın davam edən fəaliyyəti heç bir səmərə vermirdi. İşğala məruz qalanla işğal edənə eyni yanaşan, işğalçı Ermənistanı öz adı ilə çağırmaq istəməyən havadarlar Azərbaycanı işğal faktı ilə razılaşmağa məcbur edirdilər.

17-ci ilində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu

Amma “Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti ola bilməz”, – söyləyən Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün tam təmin edilməsinin, işğal edilmiş bütün ərazilərin azad olunmasının zəruriliyini vurğulayır, danışıqlarda prinsipiallıq nümayiş etdirirdi. Bu prinsipiallığın və qətiyyətin nəticəsi olaraq, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi rəşadətli Ordumuzun tarixi qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev prezidentliyinin 17-ci ilində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və qalib xalq kimi tanıtdı.

Son 200 illik tariximizin qələbə səhifəsini yazan rəhbər

44 günlük Vətən müharibəsi dövründə İlham Əliyev həm də ideoloji cəbhədə inanılmaz mübarizə apardı, beynəlxalq təzyiqlərə, erməni havadarlarının təhdidlərinə cəsarətlə sinə gərdi, əsl lider olduğunu növbəti dəfə ortaya qoydu. Lakin missiya tamamlanmamışdı. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran azan səsinə, Azərbaycan bayrağına həsrət qalmışdı. Prezident kimi fəaliyyətinin 20-ci ilində İlham Əliyev buna da nail oldu. Cari il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri sayəsində Qarabağdakı silahlı birləşmələr tərk-silah olundu. Xocalı soyqırımında, Qarabağdakı digər faciələrdə əlləri azərbaycanlıların qanına batmış separatçılar, onların “liderləri” tutularaq hüquq-mühafizə orqanlarına təhvil verildilər. Bununla da Azərbaycanın son 200 illik tarixində qələbə başlıqlı şanlı səhifə tamamlanmış oldu.

İndi ümummilli lider Heydər Əliyevin də ruhu şaddır. Çünki dünyaşöhrətli siyasətçinin axıra çatdıra bilmədiyi taleyüklü planları Azərbaycan xalqının köməyi və dəstəyi ilə İlham Əliyev həqiqətən də başa çatdıra bildi. Ulu öndərin düz 20 il bundan öncə xalqa müraсiətində yer alan məqamlar, verilən vədlər gerçəkliyə çevrildi. İndi azad Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı ilə yanaşı, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda da Azərbaycan bayrağı dalğalanır. Bir vaxtlar öz el-obasından didərgin salınan, evləri talan olunan, dağıdılan məcburi köçkünlər indi doğma rayon və kəndlərinə, tamamilə yenidən tikilən evlərinə qayıdışın xoşbəxtliyini yaşayırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir