Cəmiyyət

Müşavir: “Bakıda sutəmizləyici qurğuların bəziləri tamamilə yararsızdır” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


 “Bakıda sutəmizləyici qurğuların bəziləri tamamilə yararsızdır”.

Bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə “Report”a müsahibəndə deyib.

Onunla müsahibəni təqdim edirik:

– Bakıda çirkab suların Xəzər dənizinə axıdılması gündəmdə olan əsas məsələlərdən biridir. Bu problemin həlli ilə bağlı hansı addımlar atılır?

– Onu demək lazımdır ki, çirkab suların idarə olunması əsas problemlər sırasındadır. Paytaxt Bakının bir sıra əraziləri hələ də kanalizasiya sistemi ilə təmin edilməyib. Fərqli yerlərdə formalaşan çirkab sulardan təxminən 60 faizi toplanaraq mərkəzləşmiş kanalizasiya sistemi vasitəsilə təmizləyici qurğulara yönəldilir. 40 faizi isə təmizlənmədən və zərərsizləşdirilmədən ətraf ərazilərə, eləcə də Xəzər dənizinə axıdılır. Digər tərəfdən, bütün ərazilərdə təmizləyici qurğu yoxdur. Həmçinin, mövcud təmizləyici qurğuların bəziləri tamamilə yararsız haldadır. Xocəsən və Zığ təmizləyici qurğuları buna misaldır. Əlbəttə, bu istiqamətdə işləri davam etdirmək və intensivləşdirmək lazımdır.

– Bu işlərin aparılması prosesində əsas problem nədən ibarətdir?

– Prioritetləşdirməyə ehtiyac var. Düşünürəm ki, bir ərazidə işi tam bitirdikdən sonra digərinə keçmək lazımdır. Nəzərə almaq lazımdır ki, bu, kompleks tədbirdir. Məsələn, borular çəkilməyibsə, yaxud kanalizasiya sistemi yoxdursa, sadəcə təmizləyici qurğuların mövcudluğu nəyisə dəyişmir. Başqa sözlə desək, işin 90 faizinin görülməsi hələ o demək deyil ki, sular təmizlənir. Bunun üçün 100 faiz işin görülməsinə ehtiyac var. Müxtəlif regionlarda paralel olaraq kanalizasiya sistemi qurulur. Amma işlər davam etdiyindən onların heç birində sular idarə olunmur. Odur ki, dediyim kimi, növbəli şəkildə işləmək lazımdır. Əlbəttə, bütün regionların inkişafına ehtiyac var. Amma daha yaxşı nəticə əldə etmək üçün bu layihələr prioritetləşdirilməli, tullantı sularının nəqli və təmizlənməsi məsələlərinə kompleks şəkildə baxılmalıdır. Yəni daha sürətli işləməyə və qısa müddət ərzində daha çox suyun təmizlənməsinə ehtiyac var.

– Dediniz ki, bəzi ərazilərdə su təmizləmə qurğuları işləmir. Həmin qurğuları işlək vəziyyətə gətirmək üçün hansısa işlər görülür?

– Texniki cəhətdən köhnəldiyinə görə onları bərpa etmək mümkün deyil. Sərf olunan maliyyə lazımi effekti verməyəcək. Daha mütərəqqi qurğuların əldə olunması, kanalizasiya sistemlərinin yenilənməsi istiqamətində işlər gedir. Fikrimcə, bir müddətdən sonra hazırkı problemlərin köklü həllinin şahidi olacağıq. Onu da deyim ki, bu problemlər təkcə Azərbaycanda deyil. Digər ölkələrdə də oxşar hallara rast gəlinir. Heç bir ölkədə tullantı suları tam idarə edilmir. Sadəcə faizlər fərqlidir. Biz həm də çalışırıq ki, tullantı sularından təkrar – texniki məqsədlər, o cümlədən yaşıllaşdırma tədbirlərində istifadə edək. Bu da inkişaf göstəricisi kimi qiymətləndirilməlidir. Dünyada su resurslarının günbəgün azalmasını nəzərə alsaq, deməliyəm ki, bizim məqsədimiz tullantı sularının təmizlənməsindən sonra onların təkrar istifadəsini təmin etməkdir.

– Başqa bir aktual məsələ havanın çirkənməsi ilə bağlıdır. Avtonəqliyyat bu problemdə hansı səviyyədə rol oynayır?

– Bu gün Azərbaycanda atmosfer havasına atılan zərərli tullantıların əsas mənbəyi avtonəqliyyatdır. Stasionar mənbələrdən, o cümlədən zavod və fabriklərdən atılan tullantılar avtomobildən atılan tullantılardan azdır. Odur ki, avtonəqliyyat məsələsinə ciddi diqqət yetirilməlidir.

– Nə kimi addımların atılmasını tövsiyə edirsiniz?

– Öncə avtomobillərin keyfiyyətini yaxşılaşdırmaq lazımdır. Əlbəttə, 40 ilin maşını ilə 1 ilin maşını eyni mühərrikə sahib ola bilməz. Yəni biz avtomobil parkındakı durumu yaxşılaşdırmağı qarşıya məqsəd qoymuşuq. İkinci bir tərəfdən, çalışırıq ki, elektromobillərə və hibrit avtomobillərə üstünlük verək. Çünki benzin və dizel də ətraf mühitə çox ziyan vurur. Tədbirlər uzun müddətdir davam edir. Ekoloji təmiz maşınlardan istifadəni artırmaq üçün müxtəlif stimullaşdırıcı addımlar atılır.

– Konkret olaraq hansı məqamları nəzərdə tutursunuz?

– Son illərdə inqilabi qərarlar qəbul olunub. Məsələn, bütün elektrik mühərrikli avtomobillərin idxalı və satışı ƏDV-dən azaddır. Yaşı 3 ilə qədər olan və mühərrik həcmi kiçik olan hibrid avtomobillərin də idxalı və satışı ƏDV-dən azaddır. Yaşı 3 ilə qədər olan elektromobillər həm də 15 faiz gömrük rüsumundan azad olunub. Bundan başqa, elektromobillər üçün enerji doldurucularının idxalı və satışı həm ƏDV-dən, həm də gömrük rüsumundan azad edilib. Yəni, enerji doldurucularına və yaşı 3 ilə qədər olan elektromobillərə heç bir vergi və rüsum tətbiq olunmur.

Prioritetlərimizdən biri də köhnəlmiş avtomobil parkının cavanlaşdırılmasıdır. İstehsal tarixi 7 ildən artıq olan benzin və dizel mühərrikli minik avtomobillərinin idxalında yüksəldici aksiz əmsalı tətbiq edilir. Həmçinin, 10 ildən köhnə maşınların idxalı məhdudlaşdırılıb. Eyni zamanda, köhnə avtomobillərin utilizasiya proqramı ilə bağlı qanunvericilik aktları qəbul olunub. Həyata keçirilən tədbirlərin məqsədi nəqliyyat parkını yeniləməklə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasıdır.

– Sözügedən proqram avtomobil sahiblərinə hansı imkanları yaradır?

– Nəqliyyat vasitələrini utilizasiyaya təqdim etmiş şəxslər üçün daha güzəştli qiymətə yeni avtomobillər almaq imkanı yaranır. Prioritetimiz ekoloji təmiz nəqliyyatdan istifadənin artırılması ilə bərabər, ekoloji təmiz yanacaqdan istifadəyə üstünlük verilməsidir. Sıxılmış təbii qazla işləyən avtobusların idxalı ilə bağlı da müəyyən iqtisadi stimullaşdırıcı alətlərdən istifadə olunur. Eyni zamanda, sözsüz ki, başqa addımların atılmasına ehtiyac var.

– Nə kimi addımlar, hansısa “yol xəritəsi” hazırlanıb?

– Növbəti addımlarla bağlı müzakirələr gedir. Dövlət bu sahədə özəl sektorla, ictimai birliklərlə, müstəqil ekspertlərlə əməkdaşlığa xüsusi önəm verir. Biz onlarla intensiv işləyirik. Azərbaycanda nəqliyyat sektorunu təkmilləşdirməklə ətraf mühitə mənfi təsirlərinin azaldılması ilə bağlı ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və avtomobil parkının yenilənməsi ilə yanaşı, yanacağın keyfiyyətinin artırılması, elektrik mühərrikli nəqliyyat vasitələri üçün infrastrukturun genişləndirilməsi, ictimai nəqliyyatın xidmət səviyyəsinin daha da yüksəldilməsi ilə şəxsi avtomobillərdən və taksi xidmətindən istifadənin azalması, dəmir yolu nəqliyyatının sərnişin və yük daşınmasında istifadəsinin artırılması, piyada və velosiped isfrastrukturunun təkmilləşdirilməsi kimi məsələlər də gündəmdədir. Eyni zamanda, ekoloji təmiz avtomobillərin satışı zamanı kreditləşmə siyasətinin təkmilləşdirilməsi, daha da əlçatan olması istiqamətində işlər davam etdirilir.

– Gələcəkdə biz də benzin və dizeldən tamamilə imtina edə bilərik?

– Əlbəttə, bu, nə vaxtsa olacaq. Amma hələ ki o səviyyəyə çatmamışıq. Biz çox qısa müddətdə çox ciddi işlər görmüşük. Elektromobillərin sayının günü-gündən artması bunun bariz nümunəsidir. Onu da deyim ki, biz 5 il əvvəl bu işlərə başlayanda ciddi müqavimətlə qarşılaşdıq. Amma indiki səviyyəyə çatmağı bacardıq. İnanmaq olar ki, daha ciddi nəticələrə nail olacağıq.

– Növbəti problemlərdən biri polietilen torbalardan istifadə ilə bağlıdır. Bilirik ki, artıq bir müddətdir həmin torbalardan istifadə məhdudlaşdırılıb. Bu addım lazımi nəticəni verdi?

– Əlbəttə. Polietilen torbalardan istifadə xeyli azalıb. Biz bunu gündəlik həyatımızda da müşahidə edə bilərik. Əslində, hər kəs bu məsələdə bizə kömək etməlidir. Çünki plastik tullantı qlobal problemdir. Haqqında danışdığımız problemin 2 həll yolu var. Bunlardan biri polietilendən istifadənin azaldılmasıdır. İkincisi isə utilizasiyanın müasir texnologiyalarının tapılmasıdır. Biz bütün bunlar üçün strategiya, tədbirlər planı hazırladıq.

– Haradan başladınız?

– Əlbəttə, gördüyümüz ilk iş məlumatlandırma, maaraflindirmə və eyni zamanda, belə demək mümkünsə, özəl sektorun prosesə adaptasiyası oldu. Təbliğat apardıq. Hər şeydən əvvəl 15 mikrona qədər olan torbaların istifadəsi, istehsalı və idxalı qadağan edildi.

– Niyə məhz onlar?

– Çünki həmin torbalar ekologiyanın düşmənidir. Məsələ ondan ibarətdir ki, həmin torbalar çox yüngüldür və təkrar emala yararlı deyil. Əlbəttə, biz bu işləri birdən-birə görmədik. Gələcək ssenariləri, müxtəlif ölkələrin təcrübəsini nəzərə aldıq, müxtəlif qurumlarla məsləhətləşdik. Bu məsələdə də vaxtilə müqavimətlə üzləşdik. Amma yenə də ciddi nəticələrə nail olduq. Bu qərar nəticəsində insanların şüurunda da dəyişiklik oldu. Artıq insanlar mağazalardan bir neçə torba ilə çıxmırlar, bütün məhsulları bir və iki torbaya yığırlar, alternativ, çoxdəfəlik istifadə üçün nəzərdə tutulmuş torbalardan istifadə edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir